Məhərrəm Əliyev niyə nazir müavini gətirilir?

 

Sabiq rəisin Eldar Mahmudovu, ya da Ramil Usubovu əvəz edəcəyi ehtimal olunur

 

Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi, hazırda Azərbaycanın Tacikastandakı səfiri olan Məhərrəm Əliyevin yeni vəzifəyə təyin olunacağı barədə məlumat müxtəlif mülahizələrə yol açıb. Məlumatı ilk dəfə “Yeni Müsavat” qəzeti yayıb. Qəzet iddia edir ki, yaxın vaxtlarda Məhərrəm Əliyev milli təhlükəsizlik nazirinin müavini vəzifəsinə gətiriləcək. Ekspert Əyyub Kərimov da məlumatın doğru olduğunu istisna etməyib. “Məhərrəm Əliyev istənilən yüksək vəzifəyə gətirilə bilər”, – deyə o, “Azadlıq”a açıqlamasında bildirib.

Məlumatın səhih olduğunu qəbul etsək, Məhərrəm Əliyevə yenidən etimad göstərilməsi maraq doğurur. Daxili işlər naziri Ramil Usubovla qarşıdurmada Məhərrəm Əliyevə deyil, rəqibinə üstünlük verən, sabiq rəisi Tacikistana sürgün edən hakimiyyət nədən ona ehtiyac duyub? Mülahizələrə görə, Məhərrəm Əliyevin yüksək vəzifəyə gətirilməsi Ramil Usubovun vurulması planının başlanğıcı ola bilər. Nəzərə alsaq ki, MTN rəhbərliyi ilə DIN rəhbərliyi arasında münasibətlər gərgindir və bu halda Məhərrəm Əliyev də baş çekist Eldar Mahmudovun müavini təyin edilir, onda mülahizə ağlabatan görünür. Təsəvvür edin, Ramil Usubovla ziddiyyətdə olan iki general bir qurumda birləşir. Bu, daxili işlər naziri üçün yaxşı heç nə vəd edə bilməz. Məhərrəm Əliyevlə Eldar Mahmudovu birləşdirənlər də bunu bilməmiş deyil. Əgər bu addım atılırsa, deməli, ortada daxili işlər nazirinə qarşı hansısa planlar var. Hətta bəzi ekspertlərin fikrincə, milli təhlükəsizlik nazirinin müavini postu Məhərrəm Əliyev üçün daxili işlər naziri vəzifəsinə tramplin rolunu oynaya bilər.

Lakin Məhərrəm Əliyevin Eldar Mahmudovun yerinə hazırlandığını da düşünənlər var. Bu qənaətdə olanlar hesab edir ki, Eldar Mahmudovun idarəçiliyi “yuxarılar”ı qane etmir. Ona görə də baş çekistin əvəzlənməsi qərarına gəlinib. Sadəcə prosesin mərhələ-mərhələ həyata keçirilməsi nəzərdə tutulub. Məhərrəm Əliyevin namizədliyinin necə meydana çıxmasına gəlincə, ekspertlər hesab edir ki, sabiq rəis  Məhərrəm Əliyevin namizədliyi hakim ailəyə yaxın şəxslər tərəfindən irəli sürülüb.

Hər bir halda Məhərrəm Əliyevin nazir müavini postuna gətirilməsi xəbəri doğrudursa, deməli, bunun arxasında hansısa ciddi məqsədlər var.

Informasiya şöbəsi