Rəhim Qazıyevdən İxtiyar Şirinə cavab

Sabiq müdafiə naziri sabiq baş prokuroru tarixi təhrif etməkdə suçladı

Sabiq baş prokuror Ixtiyar Şirinin “Azadlıq” qəzetinə verdiyi geniş müsahibədə Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin yaradılması barədə söylədikləri sabiq müdafiə naziri Rəhim Qazıyevin etirazına səbəb olub. Ixtiyar Şirin bildirib ki, Hərbi Dəniz Qüvvələrinin yaradılmasında özünün də rolunun da olduğunu qeyd edib.
Onun sözlərinə görə, 1992-ci ildə hərbi donanmanın azərbaycanlı zabitləri onunla görüşərək bildiriblər ki, hərbi dəniz qüvvələrinin komandiri Zininin Bakıdakı bütün hərbi gəmiləri Rusiyaya göndərməyə başlayıb, 4-5 gəmi artıq aparılıb, digərləri də hazırlanır: “Mən dərhal ora getməyi gərək bildim. Zinin məni çox yaxşı tanıyırdı, çünki 1990-cı ildə mən Qaradağın prokuroru olanda, o, 20 yanvar hadisələrindən sonra Qaradağın fövqəladə vəziyyət üzrə komendantı idi. Azərbaycandakı situasiya ilə bağlı mən ona müəyyən məsələləri anlatmağa çalışırdım, bu mənada aramızda bir münasibət yaranmışdı. Bəlkə müəyyən dərəcədə mənə inanırdı da. Növbətçiyə özümü təqdim edən kimi Zinin dərhal məni qəbul etdi. Onunla köhnə tanış kimi görüşdüm və rəsmi surətdə bildirdim ki, Milli Şuranın tapşırığı ilə onunla görüşürəm, tələbimiz də ərazimizdəki gəmilərin Azərbaycanın sərəncamına verilməsi idi. Zinin çox pis vəziyyətə düşdü. Əlavə etdim ki, tələbimiz yerinə yetirilməsə, lazım olan tədbirləri görəcəyik. Mən tədbirlərin nədən ibarət olacağını bildirmədim. Ancaq mənim ultimatumum onu həyəcanlandırdı. Güman ki, ona doğru qərar qəbul edib vəziyyəti düzgün dəyərləndirməyə bu həyəcan kömək etdi. Zinin bir neçə gəmi apardıqlarını, qalanlarını Azərbaycana verməyə hazır olduqlarını söylədi. Mən Rafiq Əsgərova Zinindən gəmiləri dərhal təhvil almağı tapşırdım. Bunun bazasında Azərbaycanın Hərbi Dəniz Qüvvələri yarandı və bu gün də həmin gəmilər ölkəmizin Xəzər dənizindəki ərazilərini, su sərhədlərimizi, dənizdəki neft və qaz mədənlərimizi, neft və qaz mədənlərindəki platformalarımızı və s. qoruyur”.
Rəhim Qazıyev isə Hərbi Dəniz Qüvvələrinin yaradılmasının tarixçəsini “Azadlıq”a belə nəql edib: “Mən 1992-ci ilin martın 18-də müdafiə naziri kimi fəaliyyətə başlamışam. Heç bir silah-sursatımız yox idi. Müdafiə Nazirliyi faktiki olaran adı olub, özü olmayan bir qurum idi. Belə bir çətin vəziyyətdə xəbərlər gəlirdi ki, sovet hərbçiləri nəzarətində olan hərbi hissələrdə silah-sursat kənara daşınır. Aprel ayının 5-6 ərəfəsində isə bizə məlumat daxil oldu ki, gecə Azərbaycanın ərazi sularındakı gəmilər Rusiyaya aparılacaq. Təbii ki, bunun qarşısını almaq üçün bizim hərbi potensilamız yox idi. O zaman  Azərbaycandakı hərbi dəniz qüvvələrinin rəhbəri Zinin idi. O, Ixtiyar Şirinin söylədiyi kimi kontr-admiral yox, birinci dərəcəli kapitan idi. Mən Zinini çağırdım. O, müavini və ”zampolit”lə gəlmişdi. Zininə dedim ki, bizdə məlumat var ki, gəmilər Rusiyaya aparılacaq. Bizim bunun qarşısını almağa hərbi potensialımız yoxdur. Lakin mən sizin üçünüzün də yaşadığı mənzillər və ailə üzvləriniz nəzarətə götürülüb. Əgər bu addımdan çəkinməyəcəksinizsə mən sizin ailə üzvlərinizi məhv edəcəm. Elə beləcə açıq şəkildə hədələdim onu. Zinin bir qədər fikrə gedib sonra söylədi ki, mənim gəmilərin burda qalmasına heç bir etirazım yoxdur. Amma bu mənim səlahiyyətim çərçivəsində deyil. Xahiş etdi ki, dəniz qüvvələrinin baş komandanı ilə danışım. Mən onunla danışdım və 5 gündən sonra baş komandan öz müavinini Bakıya göndərdi. Bizimlə onlar arasında sovetə məxsus hərbi dəniz qüvvələrinin 4 ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan arasında bölünməsi barədə protokl imzalandı (Rəhim Qazıyev həmin protokolu redaksiyamıza təqdim edib).
Bu olub aprelin 15-də. Aprelin 17-də isə biz Bayıl buxtasında 23 gəmidə Azərbaycan bayrağının qaldırdıq. O Rafiq Əsgərov 1-ci dərəcəli kapitan idi. Sonradan isə admiral oldu. Bütün bunlar o zaman baş vermişdi ki, AXC hələ hakimiyyətə gəlməmişdi. Tarixi bu qədər saxtalaşdırmaq olmaz axı. Ixtiyar Şirinin danışdıqları tarixin açıq-aşkar təhrifin olunmasından başqa bir şey deyil”.
Rəhim Qazıyev Ixtiyar Şirinin konkret onun barəsində söylədiyi ittihama da münasibət bildirib: “Ixtiyar Şirin deyir ki, Rəhim Qazıyev vəzifəsindən çıxandan sonra Azərbaycanın döyüşə bilən heç bir qüvvəsinin olmadığı məlum oldu. Bir qədər sonra özü-özünü təkzib edir. Deyir ki, həmin dövrdə Türkiyədən yardım istəyiblər və bu ölkənin 175 zabit Azərbaycana gələn kimi 15 min nəfərlik hücum təyinatlı qüvvələri onlara təhvil veriblər. Indi mən soruşuram: Əgər Rəhim Qazıyev işdən çıxandan sonra Azərbaycanın döyüşə bilən qüvvəsi yox idisə bəs 15 min nəfərlik hücum təyinatlı qüvvələrə hardan gəlmişdi? Görürsünüz, Ixtiyar Şirin necə özünü təkzib edir?! Ixtiyar Şirinin yalan danışdığını sübut etmək üçün təkcə bu fakt kifayətdir”.

Hikmət