07 aprel 2017. “”Azəravtoyol” ASC-nin rəhbərliyinin xüsusi nəzarəti altında “Sovetski” ərazisində yeni çəkilən küçələrdə sürətlə və ən əsası keyfiyyətlə aparılan işlərin may ayının əvvəllərinə kimi yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və iki növbəli iş qrafiki müəyyən edilib”. Təxminən 3 ay qabaq yayılmışdı bu xəbər. A ncaq bütün işləri kimi bu da yalan çıxdı. Yalnız mayın 30-da prezident və I vitse-prezidentin iştirakıyla “Sovetski” ərazisində yolun açılışıyla bağlı xəbər bütün AzTV-lərdə verildi.
“Mayın 30-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar”.
İşlərin gedişi ilə bağlı “Azəravtoyol” sədri Saleh Məmmədov məlumat verib. Necə kilometr yol, nə qədər park, neçə işıq dirəyi və s. ümimi sözlər. Ancaq bütün bu işlərə nə qədər vəsait ayrılması ilə bağlı bir kəlmə də deyilməyib. Öyrəncəli olduğumuzdan heç biz də maraqlanmamışıq. Başlıcası sürücülərin və sərnişinlərin, Bakı sakinlərinin rahatlığıdır. Ancaq bu rahatlıq nə vaxt olub ki?!
Üstəlik, Füzuli dairəsini ləğv etməklə sürücüləri əziyyətə salıblar. Maşınlar Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış dolanbac yola, oradan da yeni yaradılmış geridönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Deməli, kiçik bir dairə çəkiblər və prezidentlə I vitse-prezidenti həmin kiçik dairənin lentini kəsməyə gətiriblər.
Təsəvvür edin, düz 1 ay qabaq qırmızı lenti kəsilmiş küçədə hərəkət hələ də tam deyil. Azdramanını yanından gələnlər dönüb geri qayıdırlar. Yuxarıdan – Nəriman Nərimanov heykəli tərəfdən gələnlər də eləcə vurnuxa-vurnuxa qalırlar. Nərimanov dairəsi də ləğv edilib. Orda da ancaq dönüb geri qayıtmaq olur, nə şəhərə, nə də Statistika Komitəsi istiqamətə hərəkət var. Hər iki yolu beton maneələrlə kəsiblər. Yalnız AA seriyalı bəzi avtomobillər maneəni aşa bilir. Bəzən tıxac da yaranır, sürücülər getmək istədikləri yerə yol tapa bilmədiklərindən.
İyunun 25-də İlham Əliyev yenidən lent kəsməyə gəlib. Lenti kəsib də, ancaq sürücülər yenə bu ərazidə müxtəlif istiqamətlərə getmək üçün yol axtarırlar. Ümid edirik ki, növbəti lentkəsmələrdən sonra sürücülər bu ərazidən keçməklə yeni salınan yolla istədikləri istiqamətə gedə biləcəklər. Hələlik bir qədər də səbr etmək, dözmək gərəkdir. Dözün və növbəti açılışları gözləyin; dözüm limitiniz tükənməz, qırmızı lentimizsə boldur. Yolunuz açıq olsun!
Rövşən Hacıbəyli