Qubad İbadoğlu: «Nə qədər ki, regionda əmlakı pula çevirmək çətindir, bu problem qalacaq»
Bütün dünyada kənd təsərrüfatına diqqət yetirildiyi halda Azərbaycanda aqrar sahədə çalışanların kredit almasına xeyli problemlər yaradılır. Kredit almaq istəyən fermerin qoyduğu girov mütləq paytaxtda olmalıdır.
Hətta ucqar dağ rayonlarında sahibkarlıqla məşğul olan şəxs bu tələbi yerinə yetirməsə, kredit ala bilməyəcək. Bu tələbi hətta müvəkkil banklar da irəli sürür. Bankların bununla kredit verdiyi məbləği sığortalamaq məqsədi daşıdığı aydındır. Ancaq nəzərə almaq lazımdır ki, banklar sığortalanıb. Belə olan halda bankların aqrar sahədə çalışanların rahat kredit almasına əngəl törətməsinin əsas səbəbi nədir?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu bunu ilk növbədə maliyyə böhranından sonra əmlak bazarında yaranan durğunluqla izah etdi. Hətta Bakıda əmlakı satmağın çətin olduğu bir dövrdə bankların bu qərarı hardasa başadüşüləndir.
Lakin ekspert bəzi regionlarda bu problemin həll olunduğunu deyir: “Elə regionlar var ki, orda əmlakın, xüsusilə də torpağın dəyəri çox yüksəkdir. Bu baxımdan bəzi regionlarda bu problem demək olar ki, həll edilib. Ancaq nə qədər ki, regionda əmlakı pula çevirmək çətindir, bu problem qalacaq”.
Fizzə