Misirdə qadınlar üçün ilk telekanal

Misirdə məxsusi olaraq qadınlar üçün “Maria TV” adlı telekanal yayıma başlayıb. Telekanalda işləyən qadınların hamısı – aparıcı, proqramların qonaqları, hətta kadr arxasında işləyən xanımlar da qapalı müsəlman geyimləri geyinir.

Üzü tamamilə örtən niqab geyinən telekanal aparıcısı, eləcə də telekanalın direktoru Heba Sərah əl-Din əvvəllər də televiziyada işləmək istədiyini, lakin üzü örtülü olduğuna görə həmişə rədd cavabı aldığını deyir. O, belə bir telekanalın fəaliyyətə başlamasının islam qaydalarına riayət edən qadınların üzünə də kütləvi-informasiya vasitələrini açdığını hesab edir.

Qadın telekanalının üz tutduğu mövzular da müvafiqdir. Verilişlərin əksəriyyəti dinə, dində qadının roluna və müsəlman qadınların ailə həyatına həsr olunacaq. Qəribədir ki, “Maria TV” hələ dünyəvi dövlət sayılan Misirdə yayım üçün lisenziyanı da asanlıqla alıb. Halbuki Hüsni Mübarəkin hakimiyyəti illərində bu, qeyri-adi bir şey hesab edilərdi. Devrilmiş prezidentin dövründə niqab və üzü qismən də olsa örtən digər geyimlərin geyilməsi yaxşı qarşılanmırdı. Elə indi də “Maria TV”nin əleyhdarları kifayət qədərdir. Onlar hakimiyyətə radikal islamçı “Müsəlman Qardaşları” hərəkatının nümayəndəsi Məhəmməd Mursinin gəlməsindən sonra Misirin dünyəvi dövlətdən islam ölkəsinə çevriləcəyindən narahatdırlar.