İctimai Palata “Amnesty İnternational” təşkilatının rəhbərliyinə məktub göndərib. Məktubda təşkilatın Azərbaycanda vidan məhbuslarının azadlığa çıxması istiqamətində gördüyü işlərə görə minnətdarlıq yer alır.
“Sizə Azərbaycanın müxalifət partiyaları və vətəndaş cəmiyyəti nümayəndələrinin cəmləşdiyi İctimai Palata adından bütün dünyada olduğu kimi, Azərbaycanda da insan haqlarının müdafiəsi naminə gördüyünüz işlərə görə minnətdarlığımızı çatdırmaq istəyirik.
Təəssüf ki, hələ də müasir dünyamızda insanların təməl hüquqlarından və azadlıqlardan məhrum edildiyi, siyasi başxılarına görə həbsxanalara salındığı ölkələr var. “Amnesty İnternational” ilk növbətə məhz belə ölkələrə ayırdığı diqqət, haqqı tapdalananların müdafiəsi istiqamətində gördüyü işlərə görə alqışa layiqdir”, – deyə məktubda bildirilir.
Məktubda daha sonra yazılır ki, hazırda Azərbaycan da insan haqlarının pozulduğu, “Amnesty İnternational”ın meyarları ilə vicdan məhbuslarının olduğu ölkələrdəndir: “Azərbaycanda keçmiş prezident Heydər Əliyevin hakimiyyəti illərində də, ondan sonra saxta seçkilərlə hakimiyyətə yiyələnən İlham Əliyevin dövründə də çoxlu sayda insan siyasi məhbus həyatı yaşayıb. Onların haqsız məhkum edildikləri həbsxana divarları arasından çıxmalarında “Amnesty İnternational” hər zaman fəal rol oynayıb”.
İP bildirir ki, Azərbaycanda sonuncu siyasi məhbus dəstəsi 2011-ci ilin aprelində Bakıda keçirilən dinc mitinqlər zamanı həbs edilənlərlə yaradıldı. “Amnesty İnternational” ədalətli olaraq, məhkəmə qərarlarını belə gözləmədən həbs edilən 14 nəfəri vicdan məhbusu elan etdi.
“Təşkilat bununla da kifayətlənməyib, Azərbaycandakı vicdan məhbuslarının bir an tez azadlığa qovuşması üçün davamlı kampaniya aparıb.
Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışması ərəfəsində daha da güclənən bu kampaniya 14 vicdan məhbusundan 12-nin azadlığa qovuşmasında müstəsna rol oynayıb. 2 nəfər vicdan məhbusu – AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərli təəssüf ki, hələ də həbsdə saxlanılır.
İctimai Palata azərbaycanlı vicdan məhbuslarının böyük əksəriyyətinin azadlığa çıxmasında oynadığı rola, eləcə də ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində göstərdiyi ardıcıl fəaliyyətə görə təşkilatınıza minnətdarlığını bildirir. Əmin olun ki, insanlıq adına göstərdiyiniz bu təmənnasız fəaliyyəti Azərbaycanın azadlıqsevər xalqı yüksək qiymətləndirir.
Bununla yanaşı, “Amnesty İnternational”ın həbsdə qalan diğər vicdan və siyasi məhbuslarımızın da azadlığa qovuşması üçün fəaliyyətini davam etdirəcəyinə və bunun müsbət nəticəsinə birgə sevinəcəyimizə inamımızı ifadə edirik”, – deyə “Amnesty İnternational”ın rəhbərliyinə ünvanlanan məktubda bildirilir.


