Qəribəliklər gündən-günə artır Azərbaycanda. Xarakter dəyişikliyi kütləviləşir. Dünən obyektivliyi ilə fərqlənən, bu gün elə fikirlər izhar edir ki, adam təəccüblənir.
Nə baş verir bizim məmləkətdə, qardaşlar? Nə baş verir ki, mənəviyyatda deformasiya, şəxsiyyətdə deqradasiya epidemiya kimi yayılır?
Xoşgörü, səmimiyyət, mehribançılıq, comərdlik yoxa çıxıb, mərdlik, arkadaşlıq, dostluq gözə dəymir. Meydan sulayan namərdlikdir, gədalıqdır, yaltaqlıqdır, məddahlıqdır, biveclikdir, binamusluqdur, bişərəflikdir, biqeyrətlikdir.
Səbəbi nə?
Tək səbəb NƏFS.
Vəssalam.
Başın belinə mindiyi mədə insanları dəyişdirir, dünyanın fani olduğunu unutdurur.
Nəfs kişini nakişi, qadını fahişə edir.
Nəfsi qanadlandıran nədir, Azərbaycanda?
Təbii ki, rejimin açdığı siyasi bazar. O bazarda ver-al oyunu gerçəkləşir. Oyunun VER hissəsində nəfsinə rəğmən o bazara baş vuranlar əqidəsini, qürurunu, kişiliyini, namusunu, kəsəsi, MƏNini verir. Verir və oyunun Al hissəsində ev, villa, maşın, titul, vəzifə, qəzet, sayt, mandat, siyasi partiya, Qeyri-Hökumət Təşkilatı (QHT) sahibi olur.
Bu məmləkətdə nəfsin diqtə etdikləriniə nail olmaq üçün mütləq vermək zorundasan. Verməsən qara qəpik də ala bilməzsən.
Bu gün nə qədər zat VER-AL bazarına girmək üçün növbə gözləyir.
Heç də çətin bir iş deyil, bircə saat internet səhifələrinə baş vurmaq gərəkdir. Ki, VER-AL üçün sinov gedənlərin kimliyini müəyyən edəsən.
Hər kəsə bəllidir, o səbəbdən də ad yazmağa lüzum yox, Azərbaycanda MƏNini VER-AL bazarına çıxarmaq üçün illərdir növbə gözləyən nə qədər siyasətçi, qəzetçi, QHT-çi göstərmək mümkündür.
Bəziləri artıq ümidlərini üzdükləri üçün büzdümünə inək yağı sürtülmüş xoruz kimi səsi çıxmır, mərtbuata-filana çıxıb verəcəkləri nəsnəni uca səslə deyə bilmirlər.
Verəcəkləri artıq əhəmiyyət kəsb etməyən, yəni pula getməyən elələri də var ki, macal tapan kimi “satıram” deyib qışqırır.
Bir-iki nümunənin məqamıdır.
Yaxınlarda birini nişan verdilər, halından çox məmnun görünürdü. Zalım oğlu dağdan elə bil indi enmişdi, yanağından qan damırdı. Dedilər ki, son 15 ildə dediklərindən, yazdıqlarından, əqidədaşlarından imtina etdi, maklerlərin köməyi ilə VER-AL bazarına daxil oldu, MƏNini təhvil verib qrant aldı.
Internet saytlarının birində sütül bir partiya sədrinin VER-AL bazarına daxil olmaqdan yana yazdıqlarına baxıram. Adam MƏNini vermək üçün hansı yollara əl atmır, Ilahi.
Yadıma o bazardan keçmiş və cibində indi deputat mandatı gəzdirənlər düşür. O zatlar bir vaxt bu gün süfrəsinin qırıntıları ilə mədələrini doyurduqları iqtidarı top atəşinə tutardılar. VER-AL bazarı onların astarını üzə çıxardı. Və bu gün iqtidar səngərindən müxalifətə qarşı atəş açmaqdan qürur duyurlar. MƏN əldən getdikdən sonra… Lənət şeytana!
Müsavat Partiyasının, AXCP-nin üstünə hürdürülənlərdən neçəsini göstərmək olar ki, maddi problemlərini həll ediblər. Rafiq Əliyevə və Rüstəm Ibrahimbəyova diş qıcayanların sabah Allah bilir neçəsi VER-AL bazarından əlidolu çıxacaq…
Azərbaycanda bir bazar var. VER-AL bazarı.
O bazara sıravi vətəndaşlar yox, siyasətçilər, qəzetçilər, qhtçilər, sənətçilər, bir sözlə, əlində qələmi, cibində diplomu olanlar gedir.
Və o bazarda MƏN tərəziyə qoyulur.
Verilən MƏNin müqabilində mal-mülk, vəzifə, mandat formasında kompensasiya ödənilir o bazarda.
Bazar olsun.

Ver-al
•