Təcrübəsiz şirkətə 1 milyardlıq layihə niyə verildi?

Mirvari Qəhrəmanlı: “Tək mən yox, əksər ekspertlər bu tenderin şəffaf və ədalətli keçirilməsinə şübhəylə yanaşır”

“Azəriqaz” Istehsalat Birliyi ölkənin qazlaşdırılması işini, bəlli olduğu kimi, tenderdə qalib gələn “Qlobal Servis” şirkətinə həvalə edib. Tenderin son mərhələsində üç şirkət iştirak edib ki, sonda qazlaşdırmayla bağlı böyük layihə adıçəkilən şirkətə etibar olunub.
Artıq “Azəriqaz”la “Qlobal Servis” arasında müqavilə imzalanaraq dəyəri 1 mlrd. 71 mln. 63 min manatlıq  razılaşma əldə olunub. Ölkənin bütün ərazisinin qazlaşdırılması kimi nəhəng layihənin tanınmayan və təcrübəsi olmayan bir şirkətə tapşırılmasının nə dərəcədə uyşun olması sualını isə ekspertlərə ünvanladıq.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının fikrincə, bütün tenderlərin açıq, şəffaf və ədalətli keçirilməsi əsas amillərdən biridir. Tenderdə qalib gələn şirkət də qazlaşdırmanı ucuz, keyfiyyətli və vaxtında keçirməlidir. Mirvari xanıma görə, o biri iştirakçı şirkətlərə nisbətən tenderi udan şirkətin bu sahədə heç bir təcrübəsi yoxdur: “Misal üçün, ”Tekfen” daha təcrübəli və cəmiyyətdə tanınan bir şirkətdir. Ümumiyyətlə, tək mən yox, əksər ekspertlər bu tenderin şəffaf və ədalətli keçirilməsinə şübhəylə yanaşır. Dövlət Neft Şirkətinin şəffaflıq imici olmadığı üçün onun keçirdiyi tenderlərin də ədalətliliyinə şübhəylə yanaşıram”.
M.Qəhrəmanlı əlavə etdi ki, tenderdə qalib gələn “Qlobal Servis”i heç kim tanımır və buna rəşmən, müqaviləyə uyşun olaraq Azərbaycanda həyata keçirilən bütün qaz layihələri bu şirkətə həvalə edilir. O zaman bütün ölkənin qazlaşdırılmasını həyata keçirəcək bir şirkət barədə ciddi nəsə söyləmək mümkün deyil.
Xatırladaq ki, bir neçə ay öncə yaranan və hansısa ciddi layihələrdə adı keçməyən “Qlobal Servis”in hətta veb-səhifəsi də yoxdur. Buna rəşmən, onun qeyri-rəsmi sahibi prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur. ARDNŞ rəhbəri R.Abdullayevlə eyni komandanı təmsil edən B.Əyyubovun şirkətinin belə irimiqyaslı və külli miqdarda vəsaitə başa gələcək layihəni reallaşdırmasının isə artıq şərhə ehtiyacı yoxdur. Bir sözlə, ARDNŞ-ın tabeliyində olan “Azəriqaz”ın ölkənin qazlaşdırılmasını “Qlobal Servis”ə verməkdən başqa çarəsi qalmayıb. Fakt isə göz qabaşındadır – nəhəng layihənin reallaşdırılmasında təcrübəsiz bir şirkət və korrupsiyada böyük təcrübəsi olan fiqurlar.

Sosial şöbə