İnqilablara səbəb qoca hökumətlərmiş

Ərəb ölkələri ilə bağlı vəziyyəti analiz edən “The Economist” jurnalı bu qənaətə gəlib ki, əgər əhalinin orta yaşı ilə hökumətin orta yaşı arasında böyük fərq olarsa, bu, qeyri-demokratik ölkələrdə stabilliyin pozulmasına gətirib çıxara bilər. Məsələn, Liviyada, Misirdə, Tunisdə əhalinin orta yaşı ilə hökumətin orta yaşı arasında böyük uçurum vardı.

“The Economist” jurnalı dünya ölkələrində hökumətlərin nə dərəcədə qoca olması ilə bağlı araşdırma aparıb.

Ən qoca hökumət Hindistandadır: orda nazirlərin orta yaşı 65-dir. Halbuki əhalinin orta yaşı 25-dir.

Çində hökumətin orta yaşı 63, Amerika Birləşmiş Ştatlarında isə 60-dır. Amma bu ölkələrdə əhalinin orta yaşı da az deyil, Çində 35, ABŞ-da isə 37-dir.

Əhalinin orta yaşı ilə hökumətin orta yaşı arasında ən az fərq Almaniya və Rusiyadadır. Almaniyada əhalinin orta yaşı 45, hökumətin orta yaşı isə 52-dir. Rusiyada əhalinin orta yaşı 38, hökumətin orta yaşı isə 47-dir.

AZƏRBAYCANIN QOCA HÖKUMƏTİ

Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda əhalinin orta yaşı 32-dir. Bu rəqəmi hökumətdəkilərin orta yaşları ilə müqayisə edəndə Azərbaycan hökumətini cavan saymaq olmaz.

Nazirlərin çoxunun yaxşı 55-dən yuxarıdır. Azərbaycan Nazirlər Kabinetinin ən yaşlı üzvünün 77, ən cavan üzvünün 40 yaşı var. Ən yaşlı elə baş nazirdir – Artur Rəsizadə. O, 77 yaşındadır. Son vaxtlar onu dövlət tədbirlərində də nadir hallarda görmək olar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun 75, baş nazirin müavini Abid Şərifovunsa 72 yaşı var.

Daha sonra yaşı nisbətən az olanlar gəlir:

Baş nazirin müavini Elçin Əfəndiyev – 69,
Baş nazirin birinci müavini Yaqub Eyyubov – 67,
Təhsil nazirin Misir Mərdanov- 66,
Sənaye və energetika naziri Natiq Əliyev – 65,
Daxili işlər naziri Ramil Usubov – 64,
Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov – 64,
Müdafiə sənayesi naziri Yavər Camalov – 63.

50-cilər nəslindən də xeyli nazir var:

Səfər Əbiyev – Müdafiə naziri – 1950
Oqtay Şirəliyev – Səhiyyə naziri – 1950
Ziya Məmmədov – Nəqliyyat naziri – 1952
Əli Abbasov – Rabitə və informasıya texnologiyalarlı naziri – 1953
İsmət Abasov – Kənd təsərrüfatı naziri – 1954
Fikrət Məmmədov – Ədliyyə naziri – 1955
Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri – 1955
Eldar Mahmudov – Milli təhlükəsizlik naziri – 1956
Əbülfəz Qarayev – Mədəniyyət və turizm naziri – 1956
Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin sədri – 1957
Füzuli Ələkbərov – Əmək və əhalinin sosial müdafiəsi naziri – 1958

“60-cılar”ı cavan saymaq olmaz, amma onların sayı hökumətdə çox deyil:

Elmar Məmmədyarov – Xarici işlər naziri – 1960
Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri – 1961
Samir Şərifov – Maliyyə naziri – 1961
Fazil Məmmədov – Vergilər naziri – 1964
Rəhimov Azad Arif oğlu – Gənclər və idman naziri – 1964
Şahin Mustafayev – Iqtisadi inkişaf naziri – 1965

“70-CİLƏR”DƏN NAZİR OLAN YOXDUR

Hökumətin 70-ci illər doğumlu üzvləri dövlət komitəsi və agentliklərinə rəhbərlik edənlər arasındadır.

Rüfət Aslanlı – Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin sədri – 42 yaş

Elşad İskəndərov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 40

Cənubi Qafqazda ən cavan hökumət isə Gürcüstandadır. Orada xaricdə təhsil almış gənclər nazir vəzifəsinə tez-tez təyin edilir (“Azadlıq” radiosu).