Britaniya mediası London Olimpiadasına gedən siyasi rəhbərləri necə qruplaşdırdı?
London Yay Olimipiya Oyunlarının başlanmasına bir neçə gün qalmış dünyanın ən nüfuzlu idman turnirinin açılış mərasiminə qatılacaq ölkə başçılarının siyahısı Britaniya mətbuatında müzakirələrə yol açıb. Nüfuzlu media quruluşları olimpiadanın açılış mərasimində demokratik ölkə başçıları ilə yanaşı insan haqları və söz azadlığının kobudcasına pozulduğu ölkələrin avtoritar liderlərinin dayanmasını tənqid edir. Britaniya mətbuatı yazır ki, insan haqlarını pozan və müxaliflərə yönəlik repressiyaları ilə tanınan rejimlərin rəhbərlərinin nüfuzlu tədbirə dəvəti ümumbəşəri dəyərlərə hörmətiszlik kimi başa düşülməlidir.
“The İndependent” qəzeti London Yay Olimpiya Oyunlarının iyulun 27-də keçiriləcək açılış mərasiminə qatılacaq ölkə rəhbərlərinin siyahısını şərh edib. Siyahıda demokratik ölkə liderləriylə yanaşı avtoritar ölkə rəhbərləri də yer alıb. Qəzet diqqəti əsasən insan haqlarının kobudcasına pozulduğu ölkələrə yönəldib və avtoritar rəhbərləri qruplaşdırıb. “The İndependent” avtoritar ölkələr siyahısında Azərbaycan, Bəhreyn və Ruandanın adını eyni sırada göstərib.
“Londondakı mərasimə qatılan liderlər arasında kəskin ziddiyətin olduğu açıq görünür. İnsan haqlarına münasibətdə pis imici ilə tanınan Azərbaycan rəhbəri İlham Əliyev də Londondakı mərasimə qatılacaq. O, turnirin oyunlarını da izləyəcək. Bununla yanaşı Bahreyn şahzadəsi Nasir bin Həmd əl Xəlifə də olimpiya oyunlarını izləyəcək rəsmilər arasındadır. Bəhreynin hakim ailəsi də müxaliflərə qarşı sərt repressiyalarda ittiham olunur. Despotik idarəçiliyinə görə sərt tənqidlərlə üzləşən Ruanda prezidenti Pol Kaqame də London Olimpiya Oyunlarının fəxri qonaqları sırasındadır”, – deyə “The İndependent” turniri izləyəcək “fəxri qonaqları” Britaniya cəmiyyətinə təqdim edib.
Turan