Orucu pozmayan yeyinti

Dünən “Azəriqaz” Istehsalat Birliyi Azərbaycanın qazlaşdırılması üçün guya hansısa tender keçirildiyini və o tenderi də “Qlobal Servis” adlı bir şirkətin udduğunu açıqladı. Guya deyirəm, çünki Azərbaycanda tenderlərin necə keçirildiyini, qalibin necə müəyyənləşdirildiyini hamı bilir. Üstəlik, nəzərə alsaq ki, tenderin qalibi ilə nə az, nə çox, düz 1 milyard 71 milyon 63 min manatlıq müqavilə imzalanıb, heç çox dərinə getməyə də ehtiyac yoxdur. Hakim ailə, yaxud hakim ailə dostlarının şirkətlərindən, holdinqlərindən başqa heç kim belə yağlı-buğlu layihələrin yanından yel də olub ötə bilməz.
Belədə bizə qalır şirkətin özünü axtarıb tapmaq.
Amma gəl gör ki, bu axtarışlarımız heç bir fayda vermədi, internetdə hara baş vurduqsa, əlimiz ətəyimizdən uzun qayıtdıq. Təsəvvür edin, 1 milyardlıq layihəni udan “Qlobal Servis”in internet adresi belə yoxdur! Buraxın internet adresinin olmasını, hətta elektron axtarış sistemlərində “Qlobal Servis”lə bağlı (məlum müqavilə barədə “Azəriqaz”ın rəsmi məlumatlarını nəzərə almasaq!) qarşımıza “0 nəticə” çıxır.
Elə bu sadaladıqlarımızın özü ortada yeni bir korrupsiya əməliyyatının döndüyü barədə şübhələnmək üçün tutarlı səbəblərdir. Çünki çağdaş dünyada internet sitəsi olmayan bir şirkətin mötəbərliyinə, sayğınlığına kimsəni inandıra bilməzsiniz. Ona 1 milyardlıq layihə nədi, heç güdməyə bir qoyun da verməzlər.
Daha da konkretləşdirək.
Əvvəla, tender haqqında qanunvericiliyə görə, tenderi udan şirkətin ən azı, 3 illik təcrübəsi olmalıdır. 3 ildir mövcud olan bir şirkət barədə isə internetdə heç bir məlumata rastlanmaması təəccüb doğurur. Şübhələri dərinləşdirir, sualları artırır.
Ikincisi, “Azəriqaz”ın rəsmi məlumatında “Qlobal Servis”in tenderdə Türkiyənin məşhur “Tekfen” şirkətini qabaqladığı yazılıb. Məntiqlə, “Tekfen”in dizini yerə gətirən bir şirkət hər halda onun qədər, bu da cəhənnəm, heç olmasa, onun yarısı qədər tanınmış, özünü isbatlamış bir şirkət olmalı deyilmi?
Amma buyurun, “Qlobal Servis” yazdıqda “0 nəticə” göstərən “google.az”da “Tekfen” yazdıqda ilk 27 saniyə içərisində 1 milyon 410 min nəticə ilə qarşılaşırıq.
Sizi bilmirəm, amma bu işdə də mənim burnuma ofşor şirkət qoxusu dəyir. Vergilər Nazirliyinin saytında da “Qlobal Servis” barədə heç bir bilginin olmaması bu ehtimalı qüvvətləndirir.
Üstəlik, problem yalnız fantastik məbləğdə dövlət vəsaitinin adı kimsəyə məlum olmayan, haqqında informasiya resurslarında ən ufacıq bilgiyə rastlanmayan bir şirkətə verilməsində də deyil. Başqa çoxsaylı suallar da var.
Hələ ötən ilin aprelində Ilham Əliyev Bakının Badamdar qəsəbəsinin bir qrup sakini ilə görüşündə demişdi: “Indi bütün ölkə üzrə geniş qazlaşdırma işləri aparılır. Elə bir rayon yoxdur ki, oraya qaz verilməsin. Indi hətta ucqar kəndlərə də qaz xətləri çəkilir”.
Indi sual yaranır: möhtərəm hələ ilyarım əvvəl ölkənin hər yerinə, hətta ucqarlara belə, qaz çəkilməsindən danışarkən, bəs indi bu 1 milyard manatlıq tender nə üçündür?
Və yaxud: Ilham Əliyev elə həmin çıxışında 2012-ci ilin sonunadək ölkənin 90-95 faizin qazlaşdırılacağını bəyan etmişdi. Məlum tender haqqında elanda isə göstərilib ki, qalib şirkət bütün işləri 24 ay ərzində başa çatdırmalıdır. Ilin sonuna 5 ay qaldığını nəzərə alsaq, buradan belə məlum olur ki, əslində, bu 1 milyard manat ölkənin yerdə qalan həmin o 5-10 faizinin qazlaşdırılmasını nəzərdə tutur. Elə isə məbləğin bu qədər fantastik olmasında sizcə də, bir qəriblik yoxdurmu? Sizə də bu “qazlaşdırma tenderi” büdcəni, neft pullarını basıb yeməyin yeni nişanəsi kimi görünmürmü?
Araşdırsan, bəlkə “Qlobal Servis”i “tender qalibi” elan edənlər də, “Qlobal Servis”in təsisçiləri, sahibləri özü də bu Ramazan ayında oruc tuturlar. Bütün günü boğazlarından bir tikə çörək, bir içim su keçmir. Nə imsaqlarını ötürürlər, nə iftarlarını. Amma neft pullarını görməmişcə yeyirlər.
Yoxsa, büdcəni basıb yemək orucu pozmur?