Allah qapısını açsın Pənahlının. Orucunu evində, öz doğma divarları, ailəsi ilə birgə tutsun. Canı da sağ olsun.
Ancaq qəzetlərin yazdığı xəbərdən belə çıxır ki, onu öldürmək istəyirlər. Hətta öldürmək istəyən, daha doğrusu, sifarişi yerinə yetirəcək şəxs həbsxanada ələ keçib, yox, özünü ələ verib və boynuna alıb ki, Nemət Pənahlını öldürəcəyi halda onu həbsdən buraxacaqmışlar. Həbsdən buraxmaq birbaşa dövlətin və onun başında duran prezidentin səlahiyyətlərinə aid olan məsələdi. Potensial qatilin etirafından belə məntiqi nəticə çıxır ki, ona ya dövlət, ya da Ilham Əliyev şəxsən vəd verib.
Həbsxana rəisi isə belə məlumat verib ki, həmin şəxs ruhi xəstədi və bundan sonra onun yerini dəyişib, Pənahlıdan uzaqlaşdırıblar. Bir qalın haşiyə çıxıb, sonda yenidən mövzumuza qayıtmaq istəyirəm. Görəsən ruhi xəstələrin istintaq təcridxanalarında və ya islah əmək düşərgələrində saxlanması nə dərəcədə doğrudu? Etiraf eləyim ki, bu sualın hüquqi cavabını bilmirəm, lakin məntiqlə düşünürəm ki, onların adi – normal məhbuslarla bir yerdə saxlanması hətta qanun icazə versə belə, düzgün olmazdı. Buyur, adam birini öldürmək və bu yolla həbsdən qurtulmaq istəyir. Qanun onun ruhi dispanserdə deyil, həbsxanada yatmalı olduğuna izn vermirsə, o zaman nədən o, Pənahlıyla bir yerdədi?
Həmin ruhi xəstəyə heç bir sifariş verilməyibsə belə, o özü-özündən bu xəyala qapılıbsa ki, Pənahlını öldürsə həbsdən azad ediləcək… onda belə çıxır ki, bu ölkədə nəinki bütün sağlamlıq haqqında arayışları yerində olan adamlar, hətta ruhi xəstələr də çox sağlam, məntiqli, realist düşünə, ictimai-siyasi-psixoloji durumu incəliyinə kimi qavraya, dəyərləndirə bilirlər.
Məsələn, bizim ruhi xəstə olan qəhrəmanımız başa düşür ki, hakimiyyətlə hər hansı – siyasi, iqtisadi, mənəvi, maddi problemi olan hər kəsi sıradan çıxarmaq, əzmək, təhqir etmək, döymək, şikəst eləmək, alçaltmaq, huququnu tapdamaq, şərləmək və nəhayət, öldürmək olar. Xəstənin müşahidələrinə əsasən bu aktlara, bu əməllərə görə ona kimsə “gözün üstə qaşın var” deməyəcək. Əksinə, onu mükafatlandıracaqlar. Hətta ağır dəmir qapıları açıb həbsxanadan buraxmaq dərəcəsində. Görünür, sağlamlıq kağızlarının qaydasında olduğu zamanlarda onun yaddaşına hopan gerçəklik bu şəkildə olub. Müxalif fikirliləri əzən polisə prezident təşəkkürü, jurnalistin qafasına güllə sıxanlara asudə şəkildə ölkədən çıxıb getmə şansı, dövləti qətllərin heç birinin üstünün açılmaması, tənqidçi jurnalistləri şərləyənlərin öz cinayətkar kimliyi ilə cəmiyyətdə ayın-şayın gəzib dolanması, üzə duran yalançı şahidlərin ödülləndirilməsi və s. bu kimi hallar.
Xəstə bunları görüb. Yaddaşına həkk eləyib. Indi onun şüuru yerində olmasa belə, şüursuzluğu yerindədi və o yerdə yatan xatirələr ona pıçıldayır ki, Neməti öldür. Öldürsən, səni azadlığa buraxacaqlar. Hərçənd ki, onun sağlamlığı bir az əski çağlara dayandığından onun yaddaşındakı Nemət də başqa Nemətdi. Bir zamanların AZADLIQ AŞIQI. Hakimiyyətə, bütöv imperiyaya asi olan, əyilməz biri. Ən yaxın halda Nemət onun yaddaşında Heydər Əliyevə asi çıxıb, hazır millət vəkilləri siyahısını açıqlayıb müşavirin müşavirliyi vəzifəsindən getdiyi anacan mövcuddu. Ondan sonra yaddaşlarda Nemət adlı bir müxalif yoxdu. Son parlament seçkisi ərəfəsində hakimiyyəti inqilabla hədələyən Nemət onun yaddaşının lent yazılarına düşməyib, çünki o zaman bizim bu ağıllı ruhi xəstəmizin yaddaş kartı artıq işləkliyini itirmişdi.
Nə isə. Xəstəni qoyaq bir kənara. Durumun psixoloji şərhi cəhdlərimizi də bitirək. Gerçəkdən, hətta qətl sifariş olunubsa belə, Neməti öldürmək hansı ağıllının fikrinə yerləşib? Mənim yaddaşıma görə Nemət Gəncə qiyamında həlak olub…

Neməti nədən öldürmək istəyirlər?
•
•