“Qasid” “Azadlıq”ın pulunu vermir

“Yaranmış vəziyyətdən sui-istifadə edərək ”Azadlıq”a olan 20 min manatdan artıq borcu ödəmirlər”

“Azadlıq” qəzeti ilə “Qasid” Yayım Firması arasında yaranmış problem həll olunmaq bilmir. “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyevin sözlərinə görə, yeni köşklərin sürətlə paytaxta yayılması “Qasid”in işini bir az da müşkülə salıb: “Yayımla bağlı problemlər daha da kəskinləşib.
”Qasid”in çoxlu sayda köşkləri götürülüb.  Yerinə qoyulan yeni köşklərdə isə qəzet satışına münasibət tamamilə fərqlidir. Çoxunda bizim qəzetlər satılmır. Yalnız bəzilərində var, onların da qəzet satmaqda maraqlı olmadıqları açıq-aşkar görünür. Məqsəd, “Qasid”i sıradan çıxarmaq və yeni şirkətin onun yerini tutmasını təmin etməkdir. Bu müddət ərzində “Qasid”in vəziyyəti xeyli pisləşib”.
R.Hacıyevin dediyinə görə, məsələnin ən pis tərəfi “Qasid”in yaranmış vəziyyətdən sui-istifadə edərək “Azadlıq”a olan 20 min manatdan artıq borcunu ödəməməsidir: “Uzun aylar əvvəl verdiyimiz qəzetlərin pulunu belə, ala bilmirik. Hər dəfə əsaslandırmağa çalışırlar ki, firmanın vəziyyəti pisdir, köşklərin sayı sürətlə azalır, bu da gəlirlərin azalması ilə nəticələnir. Amma maraqlısı budur ki, biz onlardan satılmış qəzetlərin pulunu istəyirik. Ən müxtəlif bəhanələrlə borcu ödəmirlər. Son aylar ərzində onlardan çox az vəsait ala bilmişik. Hətta mart ayında satdıqları qəzetlərin pulunu da tam verməyiblər. Onlarda 20 min manatdan artıq pulumuz yığılıb qalıb. Həmin vəsaitləri ala bilməməyimiz qəzetə olduqca ağır zərbə vurur. Bu vaxta qədər ”Qasid” rəhbərliyi ilə apardığımız çoxsaylı müzakirələr heç bir nəticə verməyib. Olduqca xoşagəlməz vəziyyət yaranıb. Həm hökumətin apardığı siyasət, həm də “Qasid” rəhbərliyinin yaranmış vəziyyətdən sui-istifadəsi nəticəsində çox pis vəziyyətə düşmüşük. Vəziyyəti düzəltmək üçün çox ciddi addımlar planlaşdırırıq”.

Gültəkin