Prezident seçkisi yaxınlaşdıqca mətbuatda hakimiyyət düşərgəsinin namizədinin dəyişə biləcəyi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. “Yeni Müsavat” qəzetinin son sayında dərc olunan məlumata görə, 2013-cü ildə iqtidarın vahid namizədi kimi hazırda Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev ola bilər. Hakimiyyətdəki mənbədən qəzetə daxil olan məlumata görə, iqtidar daxilində Ilham Əliyevin namizəd olub-olmayacağı ilə bağlı ciddi qeyri-müəyyənlik var.
Iddiaya görə, I.Əliyev artıq növbəti dəfə namizədliyini verməmək barədə qərar qəbul edib və ətrafı da artıq bu qərara hazırlamağa başlayıb. Mərkəzdənqaçma tendensiyasının qarşısını alınmasından ötrü isə I.Əliyev Rusiya modelinə uyğun olaraq üstün səlahiyyətli baş nazir ola bilər. Bundan başqa, R.Mehdiyevin hakimiyyətin namizədi olaraq seçilməsi təsadüfi deyil, bu addımla Naxçıvan-Ermənistan klanını sakitləşdirmək məqsədi güdülür. Amma ekspertlərin fikrincə, R.Mehdiyevin dövlətin başına gətirilməsi hakimiyyətin hazırda həm daxildə, həm də xaricdə olan problemlərini çözə bilməyəcək. Ona görə istisna deyil ki, bununla hakim klan onunla rəqabətdə olan digər klanlara mesaj ünvanlayır ki, onlar da qarşıdan gələn prezident seçkisində birmənalı olaraq I.Əliyevin namizədliyini dəstəkləsinlər.
Belə bir fərziyyənin nə dərəcədə gerçəkləşən olduğunu öyrənmək üçün hakimiyyət təmsilçilərinin, siyasi partiya nümayəndələrinin fikrini öyrəndik.
Sərdar Cəlaloğlu: “Ramiz Mehdiyev həm Heydər Əliyevin, həm də Ilham Əliyevin dövründə ölkəni real olaraq idarə edib”
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, prezident seçkisi yaxınlaşdıqca hakimiyyət düşərgəsində də onların təmsilçilərinin növbəti seçkidə kim olacağı ilə bağlı fikirlər getməkdədir. I.Əliyevin namizədliyinin 3-cü dəfə irəli sürülməsinin demokratik prinsiplərə zidd olduğunu deyən S.Cəlaloğlu hesab edir ki, bu üzdən hakimiyyətin alternativ variantlar üzərində düşünməsi inandırıcı versiya sayıla bilər: “Nə olsun ki, bizim Konstitusiya bir şəxsə məhdudiyyətsiz şəkildə prezidentliyə namizədliyini irəli sürməyə imkan verir. Hamı çox gözəl bilir ki, bu dəyişiklik seçkilərin saxtalaşdırılması nəticəsində qəbul edildi. Bütün dünyada qəbul olunmuş normadır ki, bir nəfər iki dəfədən artıq namizədliyini irəli sürmür. Hətta Konstitusiyada belə bir məhdudiyyət olmasa belə özünü demokratik sayan kəs bu addımı atmır. Bu baxımdan düşünmək olar ki, əgər hakimiyyət 3-cü dəfə Ilham Əliyevin namizədliyini verməyəcəksə, o zaman öz daxilindən real alternativ kimi Ramiz Mehdiyevin üzərində dayana bilər”.
R.Mehdiyevin həm Heydər Əliyevin, həm də Ilham Əliyevin dövründə ölkəni real olaraq idarə edən şəxs olduğunu deyən S.Cəlaloğlu bildirdi ki, ona görə hakimiyyət öz siyasətinin davamı kimi R.Mehdiyevə üstünlük verə bilər. Amma bütün bu mülahizələrin ölkə və dünyada baş verən gerçəkliklərdən uzaq olduğunu vurğulayan S.Cəlaloğlu qeyd etdi ki, iqtidar Yaxın Şərqdə gedən proseslərdən, dünyadakı demokratikləşmə dalğasından düzgün nəticələr çıxarmalıdır.
Fəzail Ağamalı: “Səslənən versiyalardan biri bu olsa da, onun həqiqət olacağına inanmıram”
AVP sədri Fəzail Ağamalı isə hesab edir ki, yayılan məlumat reallığa uyğun deyil və dezoinformasiya xarakterlidir. Ümumiyyətlə, hakimiyyətin növbəti seçkidə namizədinin kim olacağı ilə bağlı mülahizələrin vaxtından əvvəl başladıldığını deyən F.Ağamalı bildirdi ki, bu məsələ hələ müzakirə predmeti deyil: “Səslənən versiyalardan biri bu olsa da, onun həqiqət olacağına inanmıram. Konstitusiya dövlət başçısına imkan verir ki, o, bir daha da namizədliyini irəli sürsün. Məsələnin dəqiqləşməsinə xeyli zamanımız var. Ona görə bir sıra qəzetlər bu istiqamətdə mülahizələr aparır. Amma düşünürəm ki, ən düzgün cavabı hakimiyyət zamanında Ilham Əliyevin namizədliyini irəli sürməklə dəstəkləyəcək”.
Mahal İsmayıloğlu: “Ramiz Mehdiyev Rusiya meyilli şəxsdir, ona görə onun hakimiyyətin seçimi olacağı inandırıcı deyil”
“Xalq” qəzetinin keçmiş baş redaktoru, ekspert Mahal Ismayıloğlu isə düşünür ki, R.Mehdiyevin hakimiyyətin qarşıdan gələn seçkidə namizədi olacağı inandırıcı deyil: “Öncə onu qeyd edim ki, Ramiz Mehdiyevin səhhətində ciddi problemlər var. Digər tərəfdən, Ramiz Mehdiyevin birinci şəxs olması hakimiyyətin özünün strateji planlarına uyğun deyil. Çünki hazırda hakimiyyət Qərbyönlü siyasət yürütdüyü imitasiyasını yaratmağa çalışır. Ramiz Mehdiyev isə qatı Rusiya meyilli şəxsdir. Ona görə Ramiz Mehdiyevin Ilham Əliyevin namizədliyini irəli sürməyəcəyi təqdirdə hakimiyyətin seçimi olacağı inandırıcı deyil”.
Mübariz Qurbanlı: “Bizim yeganə namizədimiz partiyanın sədri, cənab Ilham Əliyev olacaq”
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2013-cü ildə prezidentliyə namizəd olacağı haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib:
“Bu haqda Yeni Azərbaycan Partiyasının mövqeyi bəllidir. Bizim yeganə namizədimiz partiyanın sədri, cənab Ilham Əliyev olacaq. Bu barədə partiyanın icra katibi Əli Əhmədov da məlumat verib, Prezident Administrasiyasının Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da.ÿ
YAP-ın namizədinin cənab Ilham Əliyevin olacağı heç kimdə şübhə doğurmamalıdır. Hörmətli Ramiz müəllim partiyamızın rəhbərliyindədir, eyni zamanda ölkənin ictimai-siyasi həyatında ən nüfuzlu şəxslərdən biridir. Düşünürəm ki, bu fikirlər həqiqəti əks etdirmir”,- deyə M.Qurbanlı vurğulayıb.
Hikmət