Hüseynbala Mirələmov kriminal aləmə dəstək verib?

Deputat və onun qətl törədən qardaşı oğlu barədə yeni məlumatlar

Hüseynbala Mirələmova məxsus “1001 gecə” istirahət mərkəzində baş verən qanlı insidentdən sonra deputat və onun olayı törədən qardaşı oğlu Rəşad Mirələmovla bağlı məlumatların ardı-arası kəsilmir. Bu mövzuda növbəti maraqlı məlumatları “Reytinq” qəzeti dərc edib.
Qəzet yazır ki, Rəşad Mirələmovun cinayətkar aləmlə əlaqəli olduğunu deyən deputat daim qardaşıoğluna dəstək verib. Hətta bundan əvvəl qətl törətdiyinə görə həbsxanaya düşən qardaşıoğlunun vaxtından azad edilməsini də Hüseynbala Mirələmov təmin edib. Qəzet yazıb ki, Rəşadın qardaşları, mərhum Zaur və Fazil də həbsxana həyatı yaşayıblar. Fazil indi də həbsdədir. Deputatın polis oğlu Fərid tez-tez ona baş çəkir.
Məlumatlarda o da qeyd olunur ki, Fazil Mirələmovun 11 saylı cəzaçəkmə müəssisəsindən 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi də təsadüfi olmayıb. Məsələ burasındadır ki, 2010-cu il parlament seçkiləri zamanı Hüseynbala Mirələmov Xətaidən namizədliyini verib və oradan mandat alıb. 7 saylı həbsxana da bu ərazidə yerləşir. Seçki vaxtı Hüseynbala Mirələmov həmin zon da məhkumların şəraitini yaxşılaşdırmaq istiqamətində bir sıra işlər görüb və buna görə də  məhkumlar arasında böyük hörmət də qazanıb. Bu baxımdan deputat qardaşı oğlunu nüfuz sahibi olduğu kaloniyaya köçürüb.
Qəzet əlavə edib ki, Rəşad Mirələmov həbsxanada olarkən kriminal aləmin nüfuz sahibləri ilə problem yaşayıb. Deputatın qardaşı oğlu məhkumlarla həbsxana rəhbərliyi arasında yaranan narazılıq səbəbindən orada yanğın törədib. Lakin bu addım “polojeneç”lə razılaşdırılmayıb. Bu isə kriminal qaydalara ziddidir. Bu baxımdan da Rəşad Mirələmov  “razborka” üçün Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasına aparılır və oranın “Psix” şöbəsindəki “gərgin söhbət” nəticəsində onu vururlar. Həmin söhbəti nüfuzlu kriminal avtoritet “Şəmkirli Vidadi” aparıb. Lakin sonradan nüfuzlu “qanuni oğru”lar mərhum “Masallı Mamed” və “Rövşən Lənkəranski” “Şəmkirli Vidadi”ni Rəşaddan üzr istəməyə məcbur edib.
Xatırladaq ki, Rəşad Mirələmov “1001 gecə” istirahət kompleksində odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu öldürüb, Imişli rayon sakini Mənsimov Səməd Ibadət oğlunu isə yaralayıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Ramal Bayramovla Səməd Mənsimovun da kriminal aləmlə əlaqəli olduqları bildirilir. Həmçinin məlumatlara görə, hər iki şəxsin general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla dostluq münasibəti olub. Ramal Bayramovun həm də Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin mühafizəçisi olduğu deyilir.