Usubovun adı biznes qalmaqalında

Arifə Əliyeva nazirin adından istifadə edən şəxsin onun əmlakını əlindən aldığını bildirir

İş adamları Arifə Əliyeva və Akif Zülfüqarov fırıldaqçılığın qurbanı olduqlarını, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanlarının isə onların hüquqlarını müdafiə etmədiyini iddia edirlər.
Belə ki, “Xudafərin-AN” MMC-nin təsisçisi-direktoru Arifə Əliyeva 1994-cü ildə Süleyman Rüstəm küçəsi, 192 ünvanında (metronun “28 May” stansiyasının üstü) ikimərtəbəli bina alıb. Elə həmin vaxt o, Bakı merinin sərəncamı əsasında binaya birləşən 5 sotluq torpaq sahəsini də alıb, sonradan burada ticarət mərkəzi tikdirib.
Biznesmenin problemləri 2010-cu il avqustun 5-də gecə saatlarında ticarət mərkəzinin yanmasından sonra başlayıb. FHN müəyyən edib ki, mərkəz yandırılıb və iş polisə verilib, polis isə istintaqı sonuna qədər aparmayıb.
Bundan sonra A.Əliyeva obyektin “Ariz” MMC-yə icarəyə verilməsi haqqında müqavilə imzalayıb.
Sonuncu obyekti bərpa etmək və hər ay 2 min manat icarə haqqı ödəmək öhdəliyi götürüb.
Tərəflər əvvəlcədən razılaşıblar ki, “Xudafərin AN” yenidən tikilən ticarət mərkəzi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirdikdən sonra “Ariz” 800ÿmin manata onu alacaq.
“Ariz” MMC-nin təsisçisi Akif Zülfüqarov bildirib ki, işləri həyata keçirmək üçün həyat yoldaşının qohumu olan Mehman Həsənovu cəlb edib. “Biz onunla razılaşdıq ki, mən pul yatıracağam, Mehman isə obyektin tikintisi və idarəetməsi ilə məşğul olacaq. Bundan sonra mən obyekt sahibi ilə icarə müqaviləsi imzaladım”, deyə A.Zülfüqarov qeyd edib.
Sonradan Mehman Həsənov A.Əliyevanı da, A.Zülfüqarovu da aldadıb. O, icarə müqaviləsini saxtalaşdıraraq, müqaviləni “Xudafərin AN” və “Ariz N” MMC-lər arasında imzalanmış kimi düzəldib. Saxtalaşdırmanın göz önündə olmasına baxmayaraq, hüquq-mühafizə orqanları onu məsuliyyətə cəlb etməyiblər və qanuni mülkiyyətçinin hüquqlarını müdafiə etməyiblər. M.Həsənov obyekti bərpa edərək, icarəyə verib və qanuni mülkiyyət sahibinə heç bir vəsait ödəmir.  
Bundan başqa, 21 fevral 2011-ci ildə M.Həsənov öz adamları ilə birlikdə A.Əliyevanı və onun ailə üzvlərini- həyat yoldaşını və iki qızını zorla obyektdən qovublar. Bu zaman Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları onlara qarşı güc tətbiq ediblər. Bakı Prokurorluğu şikayətə baxmaqdan imtina etdikdən sonra sahibkar Nəsimi rayon məhkəməsində iddia qaldırıb. Mübahisə hüquqi şəxslər arasında olduğu üçün məhkəmə işə baxmaqdan imtina edib.
Nəhayət, bu il iyunun 22-də 1 saylı Bakı Inzibati Iqtisad məhkəməsi işi baxılması üçün qəbul edib.
Lakin hakim Şərafət Məmmədova M.Həsənovun qarşılıqlı iddiasını təmin edib və qanuni mülkiyyət sahibinin öz obyektinə girişini qadağan edən qərar qəbul edib.
A.Əliyeva bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir. O, KIV vasitəsilə prezident Ilham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyevaya da müdaxilə etmək və hüquqlarını və ailəsinin təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət edib(Turan).
O qeyd edib ki, bu müraciəti mətbuat vasitəsilə etməyə məcburdur, belə ki, məktubları ünvanına çatmır.
A.Əliyeva bildirib ki, M.Həsənov öz qanunsuz əməllərini DIN rəhbəri Ramil Usubovun adı ilə ört-basdır edir. Lakin qadın nazirin qəbulunda olub və o, hətta Həsənovu məsuliyyətə cəlb etmək barədə göstəriş verib. Usubovun göstərişi ilə M.Həsənov Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinə aparılıb, lakin 3 gün sonra Həsənov sərbəst buraxılıb.