“Bunlar xüsusi lokatorlardır, Sovet dönəmində bu lokatorlarla Xəzər dənizi nəzarətdə saxlanılırdı”
Dövlət Sərhəd Xidmətinin (DSX) Qobustan rayonunda yerləşən hərbi hissəsinin bazasında strateji obyekt yerləşir. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, həmin obyektin funksiyası Xəzər dənizini nəzarətdə saxlamaqdan ibarətdir. Iyulun 19-da bazada baş verən yanğın da məhz bu səbəbdən hökumətdə ciddi narahatlığa səbəb olub. Xatırladaq ki, yanğın hərbi bazanın silah-sursat anbarında baş vermişdi. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və helikopterləri cəlb olunmuşdu. Yüksək ranqlı rəsmi şəxslər də hadisə yerinə gəlmişdi.
Sabiq baş prokuror Ixtiyar Şirinin də bu məsələdən xəbərdar olduğunu öyrəndik. Onunla əlaqə saxlayaraq deyilənlərin doğru olub-olmadığını öyrənməyə çalışdıq. Ixtiyar Şirin “Azadlıq”a açıqlamasında xəbəri təsdiqlədi. O, bildirdi ki, həmin obyektlərdən Qaradağın prokuroru olarkən xəbər tutub: “Bunlar xüsusi lokatorlardır. O zaman Irana qarşı istifadə edilib. Iranda şah rejimi mövcud olarkən ABŞ bu ölkəyə əhəmiyyətli dərəcədə nüfuz edə bilmişdi. Sovet hökuməti də ABŞ-ın Irandakı fəaliyyətindən ehtiyat edirdi. Ona görə də Qobustanda belə bir lokatorlar quraşdırılmışdı. Bu lokatorlarla Xəzər dənizinin üstü və dibi nəzarətdə saxlanılırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu obyektlərə təbii ki, milli hökumət nəzarət edirdi. Son dövrlər isə bu obyektlərin hansı məqsədlə istifadə edildiyini deyə bilmərəm. Onu deyə bilərəm ki, bu obyekt hərbi cəhətdən çox strateji əhəmiyyət daşıyır”.
Informasiya şöbəsi



