Ölkənin qazlaşdırılması üzrə tenderi “Qlobal Servis” necə “uddu”?
Yenicə yaranan bu şirkətin “üstünlüyü” Əliyevin baş cangüdəninə məxsus olmasıdır
“Azəriqaz” Istehsalat Birliyi ölkənin qazlaşdırılması işləri ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
IB-dən APA-ya verilən verilən məlumata görə, ölkənin bütün ərazisində qazlaşdırma işlərinin aparılması tenderdə qalib gələn “Qlobal Servis” şirkətinə həvalə edilib.
“Qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin satın alınması” üzrə tenderin son mərhələsində 3 şirkət iştirak edib. Bunlar Türkiyənin “Tekfen”, yerli “Olimp mühəndislik” və “Qlobal Servis” şirkətləridir.
Artıq “Azəriqaz”la “Qlobal Servis” arasında bununla bağlı müqavilə imzalanıb. Müqavilənin dəyəri 1 mlrd. 71 mln. 63 min manat təşkil edir.
Müqaviləyə uyğun olaraq Azərbaycanda həyata keçirilən bütün qaz layihələri bu şirkətə həvalə edilib və şirkət bütün ölkənin qazlaşdırmasını həyata keçirəcək.
“Qlobal Servis” şirkətilə bağlı apardığımız araşdırmalar zamanı bəlli olub ki, bu şirkət bir neçə ay əvvəl yaranıb və hansısa ciddi layihələrdə adı keçmir. Hətta şirkətin veb-səhifəsi belə, yoxdur. Bəs nədən belə bir iri layihə tanınmayan şirkətə verilib? Bu sualın cavabını araşdırarkən məlumat aldıq ki, “Qlobal Servis”in qeyri-rəsmi sahibi prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdur. “Azəriqaz”ın bu şirkətə üstünlük verməsinin səbəbi də məhz onun Bəylər Əyyubova məxsusluğu ilə bağlıdır.
Bəllidir ki, “Azəriqaz” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyindədir. ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin Bəylər Əyyubovun komandasına daxil olması yeni xəbər deyil. Görünür, bu şəxslər milyardlıq layihəni ələ keçirmək üçün tələsik bir şirkət yaradaraq tenderin qalibi elan ediblər və növbəti iri miqyaslı korrupsiya əməliyyatının əsasını qoyublar.
İnformasiya şöbəsi