he-merkezi-yangin

Heydər Əliyev Mərkəzindəki yanğına görə həbslər başladı

he-merkezi-yanginKərəm Həsənovun işçiləri istintaqa cəlb olunub; 3 Türkiyə vətəndaşı artıq “içəridədir”; Baş Prokurorluq “Azadlıq”ı təsdiqlədi

Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı aparılan araşdırmaların nəticəsi olaraq həbs edilənlər var. “Azadlıq”a daxil olan məlumata görə, həbs edilənlərdən bir neçəsi Türkiyə vətəndaşlarıdır. Məlumatda deyilir ki, Mərkəzin tikintisində dövlət nəzarətini həyata keçirən Dövlət Əmlak Komitəsinin bir neçə nəfər işçisi də istintaqa cəlb olunub. Onların həbsi də istisna edilmir.
Məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqa saxladiq. O, Baş Prokurorluq adından hadisə ilə bağlı ətraflı açıqlama yayılacağını dedi.

Baş Prokurorluqun yaydığı açıqlamada isə “Azadlıq”a daxil olan məlumat təsdiqini tapır. Açıqlamada bildirilir ki, iş üzrə çoxsaylı dindirmə, üzləşdirmə, baxış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, yanğının başvermə səbəblərinin, ona şərait yaradan halların, Mərkəzdə tikinti-tamamlama işlərini yerinə yetirən “DİA Holdinq” və onun subpodratçı şirkətlərinin yanğın təhlükəsizliyinin təmin edilməsi sisteminə, yanğına qarşı rejim qaydalarına riayət edib-etməmələrinin müəyyənləşdirilməsi üçün Yanğın-texniki, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün Tikinti-texniki, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş maddi sübutlar üzrə kompleks Fiziki-kimyəvi və Daktiloskopik ekspertizalar təyin olunub.
İstintaqın ilkin mərhələsində toplanmış sübutlarla, o cümlədən çoxsaylı şahid ifadələri, hadisə yerində aşkar edilərək götürülmüş maddi sübutlar, təxirə salınmadan keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin məlumatları və sair sübutlarla müəyyən edilib ki, “DİA Holdinq”in üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun 19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə panel lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın baş verməsi və yayılması imkanlarının qarşısının alınmasının təmin edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydaları lazımi səviyyədə təşkil edilməyib.
Belə ki, holdinqin mühəndisi Kaya Ümit Ruşen İhsan oğlu və subpodratçı “Treysan” firmasının iş icraçısı (iş formeni) Şimşək Vedat Halit oğlu “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci və 1.10.1-ci bəndləri, 3-4-80 №-li “Tikinti norma və qaydalarının” 6.17-ci bəndi və 12.3.3.003-75 saylı DÜST-nin “Elektrik qaynaq işlərinin ümumi təhlükəsizlik tələbləri”nin 1.3-cü, 3.2-ci və 6.3-cü bəndlərinə əsasən yanğın təhlükəsizliyini təmin edərkən standartlara, tikinti norma və qaydalarına, texnoloji layihələşdirmə normalarının tələblərinə əməl etməyiblər. Onlar qeyd olunan sahədə montaj işlərinin həyata keçirilməsi zamanı elektrik və qaz qaynağı aparatlarından istifadə edilməsinə dair “Treysan” firmasının qaynaqçısı Karahan Ömər Şərif Ömər oğluna qanunsuz göstərişlər veriblər. Ö.Karahanın həmin qaydaların tələblərini pozmaqla elektrik və qaz qaynağı aparatlarını muzeyin tavanında panellərin arasına qaldırıb iyulun 20-də orada qığılcımlar üçün qoruyucu örtük, lövhə yaratmadan qaynaq işləri aparması nəticəsində həmin gün saat 11:30-da Mərkəzin muzey hissəsinin tavanında yanğın hadisəsi baş verib.
Açıqlamada daha sonra deyilir ki, törətdikləri cinayət əməllərinə görə Kaya Ümit Ruşen İhsan oğlu, Karahan Ömər Şərif Ömər oğlu və Şimşək Vedat Halit oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Mərkəzdə görülən işlər zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirməli olan məsul şəxslərin müəyyənləşdirilməsi və digər istiqamətlər üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, 225.2 maddəsində 3-7 il həbs cəzası nəzərdə tutulur.

azadliq.info