(Şəxsiyyətə pərəstişin atributlarından olan Heydər Əliyev Mərkəzinin yanmasına görə sevinənləri ittiham edənlərin menyüsünə!)
2 dekabr, 2008. Samirə Əliyeva adlı Biləsuvar sakini rayon mərkəzində – Sosial Müdafiə Fondunun yerli şöbəsinin qarşısında özünü yandırmışdı. 1974-cü il təvəllüdlü Samirə bununla fondun yerli şöbəsinin əməkdaşlarının süründürməçiliyinə etiraz etmişdi.
30 may 2009-cu il. Xaçmazın Rusiya-Azərbaycan sərhədində yerləşən Xanoba gömrük-keçid məntəqəsinin qarşısında 57 yaşlı Quba sakini Eldar Qəhrəmanov Rusiyadan gətirdiyi 20 kisə kömürün buraxılmamasına, daha sonra isə bunun qarşılığında ondan rüşvət istənilməsinə etiraz olaraq özünü yandırmışdı.
8 oktyabr 2009. Gədəbəyin rayon sakini Minarə Kərimova yerli icra hakimiyyəti orqanlarının biganəliyinə etiraz əlaməti olaraq rayon polis şöbəsinin qarşısında özünü yandırmışdı.
27 dekabr 2009. Naxçıvanın Culfa rayonunun Bənəniyar kənd sakini Yunus Əliyev atasının qanunsuz həbsinə və yerli polislərin özbaşınalığına, zülmünə etiraz olaraq özünü yandırmışdı.
8 noyabr 2010. Şabran rayonunun Ağalıq kənd sakini, 43 yaşlı Ilqar Əsədov Siyəzən rayonunda, eyni adlı quşçuluq fabrikinin qarşısında 4 aydır əməkhaqqını ala bilməməsinə etiraz əlaməti olaraq özünü yandırmışdı.
13 yanvar 2011. Şərlənərək 6 il haqsız yerə həbsdə yatan, amma həbsdən çıxdıqdan sonra da Tovuz rayon polis şöbəsi əməkdaşlarının təzyiqləri ilə üzləşən, sonda başına gətirilən qanunsuzluqlardan cana doyan Tovuz rayon sakini 30 yaşlı Ramin Məhərrəmov Bakıda – Ictimai Televiziyanın yaxınlığındakı yanğınsöndürmə məntəqəsinin qarşısında özünü yandırmışdı.
20 yanvar 2011-ci il. Gədəbəy sakini Ədalət Hüseynov polis özbaşınalığına, yerli məmurların haqsızlığına və üzləşdiyi sosial problemlərə etiraz olaraq özünü, həyat yoldaşını və iki azyaşlı övladını yandırmışdı. Ədalətin həyatını xilas etmək mümkün olmamışdı.
19 aprel 2011. Bərdə rayonunda yerli məmurların özbaşınalığından, rüşvətxorluq və süründürməçiliyindən bezən rayonun Qasımbəyli kənd sakini Cəmaləddin Paşayev özünü yandırmış və üç gün sonra Bakıdakı 5 nömrəli xəstəxananın yanıq şöbəsində dünyasını dəyişmişdi.
8 avqust, 2011. Naxçıvan MR Şərur rayonunun Kosacan kənd sakini Sahib Məmiyev yerli hakimiyyət orqanlarının taxıl yığmaq üçün ona texnika verməkdən imtina etməsinə, bütün texnikanın rayon rəhbərliyi və ona yaxın adamların sahələrində taxılın yığılmasına yönəldilməsinə etiraz əlaməti olaraq özünü yandırmışdı.
20 avqust 2012. 1992-ci ildən Bakının Atatürk prospekti ev 60, mənzil 59-da məskunlaşan Xocalı sakini, I Qarabağ müharibəsinin veteranı Mehman Rzayevin Binəqədi Rayon Məhkəmə Icraçıları tərəfindən zorla evindən çıxarılmasına dözməyən həyat yoldaşı baş verən haqsızlıqlara tab gətirməyərək, özünü yandırmışdı.
15 mart 2012. Oğlundan xəbərsiz evi girov qoyulan 64 yaşlı Səadət Həsənova mənzilini əlindən almaq istəyən “KredAqro”nun ofisinə getmiş, bu haqsızlığa üsyan etmiş, səsinə səs verilmədiyini görüncə isə üstünə benzin tökərək özünü yandırmışdı.
5 iyun 2012. Qardaşı oğlu hərbi xidmətdə müəmmalı şəkildə həlak olan, amma bu ölümün üstündəki sirr pərdəsini götürmək istəməyən hökumət qurumlarına etiraz olaraq Ismayıl Quliyev Milli Məclisin qarşısında özünü yandırmışdı.
Siyahını bundan artıq uzatmaq istəmir və gerisini hər kəsin öz vicdanına buraxıram…
Hər kəsin öz vicdanına!

Bəs onlar niyə yanmışdılar?
•
•