Ölümlə olumun arasında yaşayanlar

Seymur Həzi “Əliyevlərdən qurtuluş yolu” məqaləsində yazır: “Müxalifətin ayrı-ayrı etiraz aksiyalarını, eləcə də regionlardakı lokal etirazları çıxmaq şərtilə xalq 2011-ci ildəkindən daha narazı, amma elə 2011-ci ildəki kimi də hərəkətsizdir”.
Gerçək olmasına gerçəkdi, ama nədən gerçəklik məhz, budur? Və bunun bir adı varmı? Axı paradoksal görünür: 2011-ci ildəkindən daha narazı, lakin 2011-dəki kimi hərəkətsiz… Hətta nəinki 2011-dəki kimi, elə 2006-da, 2007-də, səkkizdə, doqquzda, onda olduğu kimi.
Eşidib gördüyümüz də yalnız donqultu, qatmarışıq mızıltı, anlaşılmaz küylər – bunların içində qarğış da, söyüş də, hədə də, inilti də, hətta xoruzlanma belə var. Bircə şey yoxdu – HƏ-RƏ-KƏT!
Bu hal üzərində düşündüm. Bunun elmdə bir adı olmamış olmaz deyə, düşündüm. Deməyəsən, varmış və elə də qəliz tapılacaq bir şey deyilmiş: LETARGIYA. Toplum fərdlərdən oluşur, fərdlər kütləvi letargiyaya düşə bilirsə, demək, toplumu da letargiyada saymaq mümkündü – elmi cəhətdən.
Bəs letargiya nədi?  
Kiçik ölüm adlandırırlar onu. Insanın bütün ömrü boyu çalışan iki əsas orqanı var – ürək və beyin. Ürək duranda adam ölür, beyin çalışmaqdan qaldığı vaxtdan isə insan letargiyaya düşür. Bu zaman insan orqanizmindəki bütün proseslər yavaşıyır. Hiss orqanları xarici qıcıqlara reaksiya verməməyə başlayır, şüur isə tam olaraq sönür. Adi vasitələrlə nəbzi tutmaq belə zor olur və bunun üçün ƏN GÜCLÜ CIHAZLAR gərək olur… Həkimin bir səhvi hər şeyi məhv edə bilər. Letargiya yuxusu bir neçə dəqiqədən başlayıb, uzun illərə qədər sürə bilir. Yuxu dövründə insan yaşlanmadan, dəyişməz qalır, ayılandan sonra isə sürətlə qocalmağa başlayıb, bir-iki ilin içində pirani qocaya çevrilir.
Sovet dövrünün adamları və tarixi kitablardan öyrənən post-sovet nəsil “zastoy”, yəni “durğunluq illəri” ifadəsinin nə demək olduğunu bilir. Yenidənqurma başalyanda rus intelligensiyası sovet xalqının dünəninə diaqnoz qoydu və onu belə adlandırdı: “Durğunluq”. Əslində isə sovet cəmiyyəti, sovet insanı azı 60 il letargiya yuxusunda olmuşdu. Yuxuda olduğu sürəcə çox cavan qalmışdı. Elə bil, dünən anadan olmuş uşaqdı. Və qəfildən sabah açıldı, toplum yuxudan ayıldı, bu qədər il ötdüyünə rəğmən, özünü gənc hiss eləyib hətta qiyama da qalxdı (QKÇP), lakin qiyamın ortasındaca heyi çəkildi, gücdən düşdü, təslim olmağa məcbur oldu, çünki sürətli qocalma başlamışdı.
Yaxşı yadımdadı ki, qiyamda iştirak eləyən rəhbərlər artıq bir həftə əvvəlki şux, yanağından yağ daman, yüz cavana dəyən o adamlar deyildilər. Elə bil, gerçəkdən bir neçə günün içində 60 il yaşlanmışdılar, həm də çox amansızcasına. O olayları gözlərilə görənlər dediklərimi yaxşı xatırlayacaqlar. Həmin o ixtiyarlarla birgə bütün sovet insanları sürətlə qocaldılar və bir-birinin ardınca ölməyə başladılar.
Bu da yadımdadı ki, Sovet dağılmayanacan kəndimizdə ildə-ayda bir adam ölərdi. Bütün kənd axışardı qəbiristanlığa. Sonra ölümün sürəti artdı, ölüm çəyirtkə kimi kəndi, eyni anda bütün ölkəni bürüdü. Artıq kəndimiz hər gün bir, bəzən iki soveti məzara qoyur.
1994-cü ildən sonra Azərbaycan yeni letargiyaya uğradıldı. Letargiya yuxusunu hipnotik yuxuya da bənzədirlər. Hipnozçu yuxuya verdiyi şəxsi anında ayılda və ya uzun müddət, özünə lazım olduğu qədər yuxuda saxlaya da bilər. Vay o gündən ki, hipnozçu özü əbədi yuxuya gedə. Söhbət “həizmin” yaradıcısından gedir.
Letargiyaya düşənlərin bir özəlliyi də var. Onlar ayılandan sonra yuxudakı illəri boyu böyür-başlarında nə baş verdiyini olduğu kimi xatırlayır, ama hər şeyi görə-görə heç nə edə bilmədiklərindən yana-yana danışırlar. “Oyananlardan bir çoxu bəyan edirlər ki, yuxuda ikən ətrafda baş verən hər şeyi hiss edib və duyublar, lakin barmaqlarını belə tərpətməyə gücləri olmayıb”. Bəlkə bir gün bu toplum da letargiyadan ayılacaq, hər şeyi xatırlayacaq, lakin Seymur bəyin “hərəkətsizlik” adlandırdığı o halına görə hamı başına döyəcək, ya da heç başlarına döyməyə macal tapmadan sürətlə qocalıb dünyadan köçəcəklər. Bax o zaman Kefli Isgəndərin sözləri başımızın üstündə ildırım kimi çaxacaq: “Allah sizə rəhmət eləsin, ölülər…”.