Sevinənlər

Xalqdan oğurlanmış pullardan pay alanda sevinənlər…
Evinə haram pulu aparanda fərəhlənənlər…
Polis mitinqçiləri döyəndə bəh-bəh deyənlər…
Seçki saxtalaşdırılanda lap çox sevinənlər…
Ağadan “sağ ol” alanda gülənlər…
Rüşvəti aldıqca daha çox sevinənlər…
Yuxarıların məclisinə dəvət alanda məmnun olub içdən-içdən sevinənlər…
Erməniyə silah verən Rusiyaya dostluq mesajı veriləndə müdrik-müdrik sevinənlər…
Adamları ölkədən qaçıran siyasətimiz gücləndikcə xürrəm-xürrəm sevinənlər…
Azərbaycanlılar çörək dalınca Rusiya bazarlarına işləməyə getdikcə nazirlərin varlanmasına var olanlar…
Insanlar ədalət üçün ədalətsiz Irana sığınanda bizim ölkədə ədaləti məhv edənin təntənəsinə heyran olanlar…
Siyasi fəallar həbs olunanda “aldınızmı payınızı!” deyib soyuqqanlı şəkildə sinəsinə döyənlər…
Korrupsiyalaşdıqca müdrik olanlar…
Korrupsiyalaşdıqca savadlı, intellektli görünənlər…
Korrupsiyalaşdıqca elmi dərəcə, mükafat, medal, rütbə alanlar…
Korrupsiyaya daha çox bulaşdıqca Vətəni daha çox sevənlər…
Xalqın pullarına əlləri daha çox dəydikcə xalqın gələcəyindən daha çox danışanlar…
Korrupsiya ilə xoşbəxt olanlar…
Oğurluq pullarla uğur qazananlar…
Asfalt yollara, körpülərə, binaların boyanmasına, insanların yaltaqlanmasına, yarınmasına, əyilməsinə eyni dərəcədə sevinənlər…
Biri sınanda, satılanda, yaxud da həqiqətin yanından yalanın tərəfinə keçəndə özünü haqlı sayıb sevinənlər…
Hakimiyyətin kölgəsindən özlərinə kondisioner düzəldənlər…
“Şahdəniz”dən qaz çıxanda şah kimi sevinənlər…
Yetimin pulunu yeyən nazirlərin yazıçını müalicə etdirməsini, ziyalını Həccə yollamasını, alimin kitabını çap etdirməsini eşidəndə qürrələnənlər…
Azərbaycanlılara edilən zülmü dəstəkləyib “ermənilərə nifrət edirəm” deyənlər…
Qəzzafi duruş gətirəndə gülənlər…
Əsəd adamları qırdıqca sevinənlər…
Şərin qulluğunda olmaqdan duyğulananlar…
Varın qulluğunda varlananlar…
Xalqın sərvətlərinin bədliklə xərcləndiyi bina və abidələrə baxanda sevinənlər…
Rüşvətxor polisləri görəndə güclənənlər…
Gündə 7 dəfə “Vətən!”, 17 dəfə “Qarabağ”, 27 dəfə “dövlətçilik” deyərək dövlətlənənlər…
Axşam muğam konsertində “ay zalım” zənguləsinə kədərlə başını yelləyib, sabah zalımlıqla yazıq-yuzuqdan haqq alanlar…
Sazın döyüş ruhundan danışıb yaltaqlananlar…
Əl çaldıqca ucalanlar…
Illərdir Azərbaycanın yanmasından qazananlar, sevinənlər…
(Asif Atanın “Mənalar”ı üslubunda)