cavid-ziya

Ziya Məmmədovun komandası parçalanır

cavid-ziyaCavid Qurbanovun qardaşı Gürcüstandakı özfəaliyyəti ilə aranı qatıb

Nəqliyyat naziri Ziya Məmmədovun komandasında parçalanma yaranıb. Bu barədə “Azadlıq”a nazirin yaxın ətrafından məlumat sızıb. Məlumatda bildirilir ki, Ziya Məmmədov xüsusilə “Azəryolservis”in şefi Cavid Qurbanovdan narazıdır.
Bu narazılıq hələ bir müddət əvvəl yaranıb. Cavid Qurbanovun daha çox önə çıxması Ziya Məmmədovu narahat edib. Nazir onun xəyanət edəcəyindən ehtiyatlanır. Bir müddət əvvəl baş verən hadisə isə Ziya Məmmədovu daha da qəzəbləndirib. Məsələ burasındadır ki, Cavid Qurbanovun qardaşlarından biri Bakı-Tiflis-Qars dəmiryolunun inşası zamanı özfəaliyyətlə məşğul olub. O, Gürcüstan şirkətlərindən biri ilə onlara dəmiryolun tikintisində iş verəcəyi barədə anlaşıb. Lakin sonradan problem yaranıb və şirkət işi ala bilməyib. Məsələ böyüyüb, hətta Gürcüstan prezidenti Saakaşviliyə qədər gedib çıxıb. Bir qədər sonra Azərbaycan rəhbərliyi də məsələdən xəbər tutub. Ziya Məmmədov baş verənləri bildikdən sonra Cavid Qurbanovla sərt danışıb. O, “Azəryolservis” şefindən qardaşının özfəaliyyətilə bağlı izahat tələb edib. Nazir ehtiyat edir ki, bu işə görə onun da başı ağrıya bilər.
Məhz bu fakt Ziya Məmmədovla Cavid Qurbanovun münasibətlərindəki problemi daha da dərinləşdirib.
Bu yerdə qeyd edək ki, Ziya Məmmədovun komandasının əsas üzvləri “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Arif Əsgərovla Cavid Qurbanovdur. Arif Əsgərovun da Ziya Məmmədov və Cavid Qurbanovla münasibətləri xoş deyil. Ziya Məmmədovun Bakı-Tiflis-Qars dəmiryolunun inşasını Cavid Qurbanova tapşırması Arif Əsgərovun narazılığına səbəb olub. Məlumatlara görə, hətta Arif Əsgərov əsəbiləşərək Cavid Qurbanov barəsində “məgər bu qədər yol, körpü, tunel tikintisi ona bəs etmir ki, dəmiryolunu da o tikir?!” deyib.

Hikmət