Nemət Pənahlının öldürmək istəyirlər

Partiya sədrini qətlə yetirməyi bir məhbusa tapşırıblar; O, digər məhbuslar tərəfindən yaxalandıqda bunu etiraf edib

Nemət Pənahlını Müdafiə Komitəsi hüquq müdafiəçilərinə müraciət edib. Müraciətdə deyilir: “Hörmətli hüquq müdafiəçiləri! Azərbaycanın, demək olar, bütün hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Nemət Pənahlının həyatı ciddi təhlükə altındadır. Biz bu barədə məlumatı Nemət Pənahlının şəxsən özündən almışıq. Baş vermiş hadisəni onun dilindən eşitdiyimiz kimi diqqətinizə çatdırmaq istəyirik:   
– Mənim saxlandığım korpusa yenicə salınmış dustaq bura gəldiyi gündən məni izləməyə başladı. Hara gedirdimsə, onu kölgə kimi arxamda görürdüm. Bunu o qədər qabarıq edirdi ki, hətta dustaqların çoxu da hiss etmişdi. Daha sonra bəzi dustaqlar mənə çatdırdılar ki, bu adamı dəfələrlə gecəyarı sənin çarpayının yanında görüb qovmuşuq.
Doğrusu, əqli zəifliyi dərhal hiss olunan bu adamın hərəkətlərini ciddiyə almırdım. Dustaqlarsa məni tez-tez xəbərdar edirdilər. Daha sonra eşitdim ki, dustaqlar onu möhkəm sıxışdırıblar və məni niyə izlədiyinin səbəbini soruşublar. Uzun çək-çevirdən sonra deyib ki, mən Neməti öldürən kimi məni həbsdən azad edəcəklər. Başa düşdüm ki, onu buna inandırıblar. Dərhal bu barədə rəhbərliyə məlumat verdim, aldığım cavabsa bu oldu ki, o adam ruhi xəstədir. Bu xəbər yayılan kimi onu bizim korpusdan çıxardılar…
Hörmətli hüquq müdafiəçiləri. Xatırlatmaq istərdik ki, bu, Nemət Pənahlının həyatına qəsd cəhdinin üçüncüsüdür. Birinci dəfə Bakı Istintaq təcridxanasında onunla bir otaqda qalan məhbus ülgüclə Nemət Pənahlıya hücum etmişdi. Ikinci hadisə isə bir neçə ay bundan öncə baş verib. Dustaqlardan biri Nemət Pənahlıya arxadan stulla zərbə endirib. Bu hadisə dustaqların gözü önündə baş verib. Hadisədən sonra dustaqlar o adamı korpusa buraxmayıblar. Bu faktları nəzərinizə çatdıraraq sizdən məsələyə müdaxilə etməyinizi xahiş edirik”.
Müraciətin mətnini “Media forum” saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı yollayıb.