Tağı İbrahimov ATV-ni əlində saxlaya bildi
“Azad Azərbaycan” telekanalı (ATV) ətrafında baş verən proseslər son zamanlar mətbuatın gündəmini zəbt edib. Hər şey ötən il telekanalın bədii rəhbəri Elçin Əlibəylinin aparıcısı olduğu “El içində” proqramında fəaliyyətini dayandırmasından sonra başlayıb.
Belə ki, mətbuatda “El içində” verilişində metroseksuallar haqqında müzakirələrin ölkə başçısının qəzəbinə tuş gəldiyi barədə məlumatlar yer almışdı. Bu hadisədən sonra ATV-nin “mətbəx”i lap “qaynar qazan”a döndü. Məlum oldu ki, telekanal daxilində ciddi qruplaşmalar var. Qruplaşmalararası konfliktlər sonda bir neçə verilişin fəaliyyətini dayandırması ilə nəticələndi. Fəaliyyətinə xitam verilmiş “Onun yarısı” verilişi haqda isə cəmiyyətdə müxtəlif söz-söhbətlər gəzir. Onlardan biri verilişin aparıcısı Zaur Baxşəliyevin təxminən 200 min manat civarında pulu mənimsəyərək aradan çıxması barədədir. Amma “Azadlıq”a məlumat verən mənbə verilişə “dur” deyilməsinin pərdəarxası məqamlarını söylədi: “Zaur verilişin yağ istehsalı ilə məşğul olan sponsorunu təqdim edərkən müəyyən qədər səhvə yol verib. Belə ki, o, veriliş zamanı bəzi yağların tərkibinə su qatıldığını söyləyib. Bu fikri başqa qruplar dövriyyəyə buraxıb. Nəticədə veriliş bağlanmaqla yanaşı Zaur ölkəni tərk etmək məcburiyyətində qalıb”. Z.Baxşəliyevin ölkəni tərk etməsinin ona heç bir təzyiqlə bağlı olmadığını vurğulayan mənbə bildirir ki, o, depressiyadan qurtulmaq üçün belə bir addım atmağa məcbur olub.
Iki gün öncə “Azadlıq”a ATV ilə bağlı daha bir ilginc məlumat daxil olub. Sadəcə müəyyən dəqiqləşmələr aparıldığından gözləmə mövqeyində durmuşduq. ATV-nin içindən verilən məlumata görə, yanvarın 13-də kanal rəhbərliyinə “yuxarıdan” tapşırıq verilib. Tapşırığın özəlliyindən xəbər verən şəxs deyir ki, saat 17-yə qədər kanalın bütün heyəti ATV-ni tərk etməli imiş: “Artıq günorta vaxtında hamı bir-birilə sağollaşırdı. Kanalın rəhbərliyinin dəyişilməsi ilə yanaşı, bütün yaradıcı kollektiv də işdən uzaqlaşdırılacaqdı. Rəhbərlikdə təmsil olunan şəxslər işçilərə daha tapşırıq verilmədiyini söyləyib ”bu gün son gündür” deyirdilər”.
Mənbə qeyd edir ki, bu məsələ gündəmə çıxan andan binanın həyətində xarici maşınlar görünməyə başladı: “Hətta bir neçə dəqiqə işçilərə aşağıya enmək də qadağan edildi”. Mənbənin sözlərinə görə, saat 17-yə qədər qoyulan limit nədənsə sonradan ləğv edildi: “Artıq ayrılmaq məqamı gələndə qəfil məlumat daxil oldu ki, ATV-də heç bir dəyişiklik olmayacaq. Yəni kanal rəhbərliyi yenə də əvvəlki postunda qaldı”.
Mənbənin sözlərinə görə, Ibrahimovlara yenidən şans verilib: “Kanal rəhbərliyi öhdəsinə böyük yük götürüb. Çox güman ki, xırdaca bir səhv hadisələrin yenidən təkrarlanmasına şərait yarada bilər”.
Mənbə sonda onu da bildirdi ki, ATV T.Ibrahimovun əlindən alınsaydı, kanala rəhbər şəxs kimi tanınmış mədəniyyət işçilərindən biri təyin olunacaqdı.
Ramin DEKO