Elxan Şahinoğlu: “Rusiyanın burda xoş niyyəti yoxdur, əksinə, bölgədəki vəziyyəti gərginləşdirmək istəyir”
Azərbaycan Rusiyadan “Taktik Raket Silahlandırmaları” Korporasiyasına “Uran-E” gəmi raket kompleksləri alıb. APA-nın xəbərinə görə, bu barədə məlumat şirkətin hesabatında yer alıb.
Ölkəmiz 2010-cu ildə 75 milyon ABŞ dolları dəyərində “Uran-E” kompleksinin satın alınmasına dair sifariş verib. Bu sifariş üzrə komplekslərin çatdırılması 2014-cü ildə yekunlaşmalıdır. Şirkətin hesabatında Türkmənistan və Qazaxıstanın da analoji komplekslər sifariş verdiyi qeyd olunub. Türkmənistanın əsas sifarişləri üzrə çatdırılmalar bu il yekunlaşacaq. Qazaxıstanın sifarişi üzrə çatdırılmalara isə 2013-cü ildə başlanacaq. Qeyd edək ki, suüstü gəmilərin, katerlərin və köməkçi gəmilərin silahlandırılmasında istifadə olunan “Uran-E” kompleksi 5 min tona qədər çəkili suüstü gəmilərin məhvi üçün nəzərdə tutulub.
Xəzərdə və ümumilikdə regionda vəziyyətin arzuolunan səviyyədə olmadığı bir dövrdə Xəzəryanı dövlətlərin bu tip silah alması gərginliyin artmasına səbəb ola bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, qarşı duran tərəflərə eyni vaxtda silah satmaq Rusiyanın köhnə adətidir. Əgər belə hal baş verdisə, deməli, Rusiyanın burda xoş niyyəti yoxdur, əksinə, bölgədəki vəziyyəti gərginləndirmək istəyir.
Ekspert Azərbaycanın nə səbəbdən məhz Rusiyadan bu silahları almasının da məlum olmadığını bildirdi: “Azərbaycanın niyə silahları müttəfiqlərindən yox, Rusiyadan aldığı da məlum deyil. Görünür, nəsə ehtiyac yaranıb ki, bu addım atılıb. Ancaq bu raketlərin nə dərəcədə müasir olduğu və Azərbaycanın tələbatına cavab verib-vermədiyini dəqiqləşdirmək lazımdır”.
Bununla belə ekspert Xəzərdə münaqişə ehtimalının az olduğunu da vurğuladı. Türkmənistanla Azərbaycan arasında sualların yaranması o demək deyil ki, iki qardaş türkdilli dövlət arasında toqquşma ola bilər.
Ekspertin fikrincə, yaranan problemin bir həll yolu var. Bu da Kəpəz yatağının birgə istifadəsidir. Ancaq Rusiya və Iran kimi dövlətlər Türkmənistanla Azərbaycanın baş-başa gəlməsində, gərginliyin artmasında maraqlıdırlar. Təsadüfi deyil ki, məhz Türkmənistan prezidenti Iranda olarkən Türkmənistan xarici işlər naziri Azərbaycana nota göndərdi. Burda Iranın da, Rusiyanın da rolu görünür. Çünki Türkmənistanla Azərbaycan arasında münasibətlər normallaşsa, gələcəkdə Xəzərin dibi ilə də kəmər çəkilə bilər. Bunda da Iran və Rusiya maraqlı deyillər. Bunu əngəlləməyin yolu da Türkmənistanla Azərbaycan arasında münasibətlərin gərginlikdə saxlanmasından keçir.
Fizzə