“Ya bizi torpaqlarımıza qaytarın, ya da imkan verin insan kimi yaşayaq”
Ismayıllıda dövlətə məlum olmayan həbsxana fəaliyyət göstərir. Buranın sakinləri qaçqın və məcburi köçkünlərdir, onlar mütəmadi olaraq fiziki və mənəvi işgəncələrə məruz qalır.
Rayonunun Kökəltmə adlanan ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər bizə müraciət edərək onların problemlərini işıqlandırmağı xahiş etdilər. Onlar 1992-ci ildən bu ərazidə məskunlaşıblar. Şuşa rayon icra hakimiyyətinin Ismayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Asif Babayev bildirdi ki, problem 2011-ci ildən yaranıb.
“Biz məskunlaşdığımız ərazilərdə ”Fazil” fermer təsərrüfatının sahəsi var. Həmin ərazi vaxtilə kəndin otlaq sahəsi olub. Adıçəkilən fermer təsərüfatının təsisçisi Fazil Isayev kəndin bütün ərazilərini tikanlı məftillərlə mühasirəyə alıb və camaatın mal-qarasının yolunu bağlayıb. Bu kənddə Qərbi Azərbaycan və 5 rayondan qaçqın düşmüş 37 ailə yaşayır. Başqa iş yerləri olmadığı üçün onlar heyvandarlıqla məşğul olur. Heyvanların otarılması üçün otlaq yerləri lazımdır. Ancaq bu yerləri qanunsuz olaraq həmin fermer təsərrüfatı zəbt edərək, tikanlı məftillərlə əhatəyə alıb. Bu problemlərlə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət etmişik, ancaq heç bir nəticəsi olmayıb.
Həm rayon rəhbərlərinin, həm də bu fermer təsərrüfatının təsisçilərinin təzyiqləri, təhqirlərinə məruz qalırıq. Bu adamlar Aşağıbaş kəndinin camaatını yığıb bir neçə dəfə üstümüzə davaya gəlib, günün günorta çağı evlərimizə basqın edib biz döyüb-söyüblər”.
Qaçqınların sözlərinə görə, fermer təsərrüfatı sahiblərinə bu işdə rayon məhkəməsinin hakimi, Azad Əliyev, məhkəmə icraçısı Elman Xəlilov və Aşağıbaş bələdiyyəsi kömək edir. Şəxsən Fazil Isayev hamını pulla satın aldığını bir neçə dəfə camaatın diqqətinə çatdırıb. Buna görə də hakim Azad Əliyev heç bir qanuna əsaslanmadan, fermer təsərrüfatının təsisçisi Fazil Isayevin xeyrinə qərar çıxarıb. Hakim açıq şəkildə bizə deyir: “Çıxın buralardan gedin, öz dədə-baba torpaqlarınızda yaşayın”. Hökumət torpaqlarımızı alıb versin, canla-başla qayıdırıq dədə-baba torpaqlarımıza”. Burada 37 ailə represiyaya məruz qalıb. Buranın evləri ilə birlikdə 38 hektar otlaq sahəsi var. Camaatın rəyi, razılığı alınmadan onun 23,3 hektarı Fazil Isayevə uzunmüddətli icarəyə verilib.
Kəlbəcər qaçqını Seymur Şükürov bildirir ki, 1993-cü ildən burada məskunlaşıb: “Təsərrüfatla dolanırıq, bütün ailəmiz burada yaşayır, imkan versinlər insan kimi yaşayaq. Biz də bu ölkənin vətəndaşlarıyıq. Buralarda bizi tikanlı məftillərlə mühasirəyə alıblar, sanki bizlər qatı, təhlükəli cinayətkarlarıq. Mən prezidentə müraciət edirəm, qaytarın bizim dədə-baba torpaqlarımızı, bizi burda yaşamağa qoymurlar, döyürlər, ağsaqqallarımızı, ağbirçəklərimizi təhqir edirlər, biz hara gedək? Ermənistandan sığınacaq istəyək? Dəfələrlə ANS, ”Xəzər” telekanallarına müraciət etmişik, hər dəfə də cavab veriblər ki, icra başçısı Nizami Ələkbərov çəkiliş aparmağa icazə vermir. Bəs biz vətəndaş olaraq dərdimizi kimə, hara deməliyik. Məhkəmənin hakimi Azad Əliyev bizi təhqir edir, deyir siz ermənidən dönməsiniz. Fikir verin, dövlətin rəsmi şəxsi nə danışır. Ismayıllıda Ilham Əliyev üçün ikinci Quba yaradırlar. Məmurlar bu hərəkətləri ilə bizi hökumətə qarşı üsyana sürükləyirlər. Prezidentin sərəncamı ilə Şuşa qaçqınlarına tikilmiş məktəbin idman meydanını satıb orada dana saxlayırlar. Fazil Isayevin 300 hektar sahəsi var. Biz tələb edirik, bu ədalətsizliyə son qoyulsun və məhkəmənin qanunsuz qərarları ləğv edilərək, otlaq sahələrindən istifadə üçün bizlərə də şərait yaradılsın”.
Şuşa qaçqını Tarayev Fərman bildirdi ki, Ismayıllı Rayon Məhkəməsinin qərarını həm Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmənin plenumu ləğv etdi və icrası üçün yenidən rayon məhkəməsinə göndərdi: “Ancaq hakim Azad Əliyev yenə öz dediyini yeridir. Bu şəxsləri icra başçısı və hakim himayə edir. Biz sonadək mübarizəmizi davam etdirəcəyik. Qoy bütün dünya görsün ki, Azərbaycanda məmurlar qaçqın və köçkünlərin başına nə oyun açır”.
Elçin İsmayıllı
REDAKSIYADAN: Yazıda adı hallanan şəxsləri də dinləməyə hazırıq


