Mən necə özümün senzoru oldum?

Qarşıdan London olimpiadası gəlir. Bu məndə heç bir hiss və həyəcan ifadə etmir. Deyirlər ki, guya olimpiya oyunları bir idman yarışından çox, xalqlar arasında sülh və dostluğun simgəsidir. Bilmirəm. Ola bilər.
Amma fakt budur ki, Azərbaycanda hakimiyyətin atadan oğula ötürülməsinin, sülalə rejiminin bərqərar edilməsinin atributlarından birinə çevrildi yay olimpiadası. Ata Əliyev oğluna məhz idman, daha da konkretləşdirsək, olimpiya oyunları üzərindən “maya” qoydu. Indi isə idmançı deyəndə bizim gözümüzün qarşısında mitinqçi döyən, piketçi çırpan qoçulardan başqa heç nə canlanmır.
Biz onları aksiyalardan yaxşı tanıyırıq. Burada camaatı təpiklərinin ucunda oynadır, bayraqları onların əlindən alıb ayaqlar altına atırlar, sonra da istəyirlər ki, onların hansısa idman yarışında bayrağımızı yüksəklərə qaldırmasına sevinək. Pardon! Mən sevinə bilmirəm. Sevinə bilmirəm yox e, sevinmirəm. Mən beyin gücü məhv edilən xalqların bilək gücünə qazandığı uğurlara sevinməyi də tərbiyəsizlik sayıram. Mən zəka ilə deyil, zopa ilə qazanılan hər hansı uğura sevinən adamın da vicdanına şübhə edirəm.
Buyurun, olimpiya yığmasının üzvü olan idmançıların yarışboyu yeməklərinə nəzarət etmək üçün Almaniyadan həkimlər gətiriblər. Azərbaycan səhiyyəsinin inkişafı haqqında danışanda ağızlarına çullu dovşan sığmır, amma nədənsə idmançının yeməyini həmin tərifli səhiyyələrinə etibar etmirlər. Səhərdən axşamadək Almaniya haqqında telekanallarında, saytlarında, qəzetlərində nələr yazıb nələr danışdıqlarını hamımız bilirik. Ancaq dar ayaqda yenə də o bəyənmədikləri, lənətlədikləri Almaniyanın səhiyyəsini köməyə çağırırlar, alman həkimlərinin ətəyindən yapışırlar. Yaxşı, indi gedib hansısa qızıl medal alanda bunların özləri necə sevinəcəklər? Hansı haqla toy-bayram edəcəklər?
Dünənki “Azadlıq”da oxudunuz yəqin, Bakıdakı Elmi-Tədqiqat Eksperimental Xəstəxanasında zobdan əməliyyat olunan qadın həkimlərin səriştəsizliyi üzündən dünyasını dəyişib. Heç qadının meyidini yaşadığı rayona aparmaq üçün ambulans verməyə də əxlaqları çatmayıb. Belə bir ölkədə hansısa idman yarışında, hansısa mahnı müsabiqəsində, hansısa KVN yarışmasında qələbəyə görə məndən sevinməyi, sevincdən dombalaq aşmağı heç kim tələb edə bilməz.
Təzəlikcə iki nəfərin ilan sancmasından öldüyünü də eşitdiniz yəqin. Onlar ilan zəhəri əleyhinə zərdab tapılmamasının güdazına gediblər. Səhiyyə Nazirliyinin özü açıqladı, ölkədə zərdab tapılmamasının günahkarı özbəklər imiş. Sən demə, biz zərdabı da xaricdən alırmışıq. Indi özbəklər zərdab istehsalını azaldıblar, ona görə də onu ölkəyə gətirmək çətinləşib. Məncə özbəklərlə yaxşı qurtarmışıq, Səhiyyə Nazirliyi ilanları da günahkar çıxara bilərdi. Bunlardan hər şey gözləmək olar. Eşitmədinizmi, bir neçə gün əvvəl yağan yağışda Bakının Venesiyaya çevrilməsinə görə elə yağışın özünü suçladılar, “biz hardan bilə bilərdik, yayın ortasında da belə yağış yağar?” dedilər.
Göydən iki damcı yağış yağan kimi küçələrinin Venesiyanı xatırlatdığı bir paytaxt şəhərində hələ utanmadan “kiçik Venesiya” şəhərciyi tikən bir zehniyyətin hansısa at yarışında aldığı qızıl medala sevinmək qədər gülməli nə ola bilər? Məşhur tamaşada deyildiyi kimi, görün bizi nə ilə təbrik edirlər – dütdülü ilə.
Bu günlərdə Bakıya gələn məşhur Polşa rejissoru Kşiştof Zanussi ilə bağlı hadisə isə o qədər utancvericidir ki, hətta London olimpiadasının bütün medallarını bunlar qazansa, yenə də həmin xəcaləti, həmin rəzaləti örtməyə yetməz. Deməli, Zanussi yandaş media orqanlarından birinə müsahibə verib, müsahibədə də Rüstəm Ibrahimbəyov haqqında xoş sözlər deyib, bunu da görünür, naşılıqdan həmin saytın idarəçiləri götürüb olduğu kimi yayıblar. Bir neçə saat sonra isə yəqin ki, yuxarıdan qulaqburması gəlib, müsahibənin Ibrahimbəyovla bağlı hissəsi qayçılanıb.
Sonra da utanmadan Heydər Əliyevin Azərbaycanda senzuranı ləğv etməsi barədə zəvzəkliklərlə baş-beynimizi xarab edirlər. Kor-kor, gör-gör, bu ölkədə senzura hətta Zanussinin fikirlərini kəsib-doğrayacaq qədər dərinləşib, harınlayıb.
Mən indi Londonda alacaqları qızıl medala necə sevinim? Bu qədər utancların, rəzilliklərin qarşısında mən də öz sevincimi qayçılamayım, senzura etməyim, nə eləyim bəs?