Bu xalq rüşvətsiz çətin yaşar…

Bu fikri ilk dəfə Azərbaycanın böyük xəstəxanalarından birinin baş həkiminin ağzından eşitmişdim. Həmin dövlət xəstəxanasında müalicə və müayinələrin pulsuz olduğu halda xəstələrdən yüksək haqq alınmasından söz düşərkən demişdi. Söz sözü çəkmiş, söhbət gəlib rüşvətsiz yaşayışın necə olacağı məqamına yetmişdi.
Həkim ödənişsiz olmalıykən, məsələn, MRT cihazında müayinənin nədən 170 manat olmasının səbəbini mənə izah etməzdən əvvəl, “bizdə dövlət xəstəxanalarında müayinə ödənişsizdir” sözümün qarşılığında “Bəli, bəli, tamamilə doğrudu, ancaq indi gəlin, mən sizə niyə haqq alınmasının səbəbini başa salım”,- demişdi və öz məntiqiylə uzun-uzadı izahat vermişdi. Əlbəttə, heç bir izahat qanundan irəlidə ola bilməz, deyə, mən o izahatı sizinçün xırdalamaq istəmirəm. Onsuz da sicilləmə bir şey idi və əslində heç ciddi bir səbəb də sayıla bilməzdi. O cümlədən qan analizləri, USM, Kompüter tomoqrafiya (KT) və s. müayinələrin ödəniş səbəbləri.
Ən əsası, onun rüşvətin yaxşı hal olmadığını şəxsən təsdiqləməsi, ama bunun ardıyca da, əslində rüşvətin həm də çox humanist bir şey olmasını konkret dəlillər əsasında izah eləməyə çalışmasıydı.
Doktor uzağa getməyib, elə tibb sahəsindən başladı və yanılmıramsa “JEK”lərdə dayandı. Dəlillərin yekun məğzi buydu ki, təsəvvür eləyin, sizə əlimyandıda bir şey lazımdı. Avropada isə hər şey elə qurulub ki, uzun-uzadı bürokratik prosesləri keçməyə məcbursan. Məsələn, sizə bu gün lazım olan iş, qanunlarla icra olunarsa, hardasa bir ay sonra əmələ gələcək. Lakin rüşvət məsələni operativləşdirir və siz istəyinizə nail olursunuz.
Təbii, ilk baxışdan elə görünür ki, hörmətli doktor haqlıdı. Ancaq dərinə getsən, aydın olacaq ki, bu məntiq heç bir ciddi mühakiməyə dayanmır və büsbütün yanlış, dayaz, eləcə də eqoist təsəvvürlərə əsaslanır. Məsələnin məğzində “mən” durur. Yəni mənim öz işimi aşırmağım.
O zaman doktorla müayinəni pulsuz həll eləmək fikrindəydim. Doktorun “dəmir məntiqli” mühakimələrindən sonra güzəştə gedib, mənim xətrimə 50 faizlik endirim jesti ilə barışmalı oldum, çünki mənim “əlim yanırdı”, nəinki əlim, ürəyim də, ciyərim də yanırdı. Xəstəmi müayinə etdirməliydim, sonrakı müalicə gedişatı bu MRT-dən asılıydı. Üstəgəl, doktorla savaşa qalxmanın heç bir anlamı yox idi – mən bir xəstəxana, bir doktorla deyil, xırda Azərbaycanın nəhəng Azərbaycan korrupsiya aparatı ilə üz-üzə dayanmışdım. Reallıq hissini itirəcək qədər sadəlövh deyildim. Təkbaşına bir sistemə qalib gələcəyimə bel bağlaya bilməzdim, çünki bir daha təkrar eləyirəm, əlim, əlimdə bir insan ömrü yanırdı.
Yeri gəlmişkən, səhiyyə sistemi elə bir sistemdi ki, orda haqqını tələb eləmək hətta polisdəkindən də çətin və imkansızdı. Çünki işin arxasını düşünürsən. Hətta qalib gələcəyin hal belə sənin özünə çox qorxulu gəlir. “Birdən məğlubiyyətin acığını çıxmaq üçün xəstəmi bir iynəylə o dünyaya göndərdilər”. Onda haqqını tələb etdiyin üçün təpənə döyməzmizsən? Onsuz da heç kimə heç nəyi sübut eləyə bilməyəcəksən. Məhkəmə onların, dövlət onların, ölkə onların. Bir ovuc allahsızın…
Hə, doktorla ortaq məxrəcə gəlib, razılıqla ayrıldıq. Həm də “rüşvətsiz bu camaata yazıq olar” fikrini ilk kərə ondan eşitdirdim. Kütləvi fikir deyil deyə, önəm vermədim. Dünən bu fikri ikinci bir adamdan eşidəndə, artıq durumun çox yamanlaşdığının fərqinə vardım. Artıq rüşvətin qanun halı alacağına belə inanmağa başladım. Bu fikir gələcək qanuna zəmin yaratmaq üçün aparılan təbliğatın başlanğıcı olmasınmı?
Bu yoldaşlar bir şeyi unudur. Hələ min bir şeyi qırağa qoyuram. Bir nəfərin işinin rüşvətlə irəli düşdüyü halda başqa birinin geri düşməsini anlamaq çoxmu çətin? Və hardan bilirsən ki, o “bir adam” bir gün elə sənin özün olmayacaqsan… Bu xalq rüşvətsiz yaşar, ama bu rejimin yaşayacağına zəmanət vermirəm!