“Siyah-bəyaz film kimi…”

Əslində, hər şey Onun öz filmlərindəki kimi gedir. Günlərin bir günü gözü qapalı, dili bağlı, səsi qısıq bir toplumun arasından bir qəhrəman çıxır meydana. Burada həqiqəti görmək çox zordur, söyləmək ondan da zor. Onu dilə gətirsən, qiyamət qopar, ətrafındakılar, dostluğundakılar, yaxınındakılar belə qarşına çıxa bilər. Bunları gözə alan Böyük adamdır. “Mən başa düşürəm ki, hər şeyimi ala bilərlər, evimdən qova bilərlər, bir parça çörəkdən, sənətimdən məhrum edə bilərlər. Bunu hələ mən deyirəm! Yetərincə çox şey qazanmış adam. Yerdə qalan adamlarsa bu dəhşətli aparat qarşısında müdafiəsizdirlər…”- deməkdən çəkinməyəcək qədər Böyük…
Dünya kinosunun ən nüfuzlu siyahılarına adını yazdırmış yeganə azərbaycanlı Rüstəm Ibrahimbəyov! Bu gün həmin Böyük adamı öz ölkəsində əl-ayağa dolaşanların dilinə salıblar. Onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqının sıralarını boşaldırlar. Deyilənə görə, keçən həftə bir qrup da təşkilatı tərk edərək, hökumətin xəttiylə yaradılan alternativ quruma üzv olub. Bilmirəm, bütün bunlar o Böyük adama necə təsir bağışlayır. Xırdaçılıq, cılızlıq böyüklərin işi deyil axı. Böyüyün böyük işi var, kiçiyin kiçik…
Amma böyük adam olmaq da hər yetənin hünəri deyil! Böyük adam olmaq təmsil etdiyin ölkənin adına Venesiya Film festivalından “Qızıl Şir” mükafatı gətirməkdir. Böyük adam olmaq Almaniyada “Feliks mükafatı”nı alnının ağıyla yüzlərlə rəqibin əlindən çəkib almaqdır. Böyük adam olmaq iddialı dünya rejissorlarının qarşısına unikal filmlər çıxarıb Kann Festivalının qapılarını açmaq, zirvələri fəth etməkdir. Böyük adam olmaq şərqli kimi bir “Şərq-Qərb” filmi yaradıb qərbin ən ali film mükafatı “Oskar”ı “əjdahalar”ın masasından alıb götürməkdir. Böyük adam olmaq “Sibir bərbəri”ÿilə Sibirdən tutmuş Serbiyaya qədər uzun bir məsafəni qət etmək, “Səhranın bəyaz günəşi” ilə səhra-səhra, diyar-diyar, paytaxt-paytaxt, şəhər-şəhər dolaşmaqdır…
Bəli, xırda adamların xırda işləri var, böyük adamların böyük işləri. Bu böyük adam deyir ki “heç vaxt – nə çar, nə sovet, nə də psevdodemokratik dövrlərdə ölkənin idarə edilməsinə bu qədər acgöz və səriştəsiz adam cəlb edilməmişdi. Bizim poeziya və fəlsəfənin çoxəsrlik ənənələri unudulub, Şərqdə ilk müstəqil demokratik dövlətin idealları tapdanıb, sovet vaxtının elmi-humanitar nailiyyətləri fəal şəkildə dağıdılır”.
Hər şey Onun öz ağ-qara filmlərindəki kimidir. Xeyirlə-şərin mübarizəsi var ortada. Bu böyük adam deyir ki, “camaat qorxudan azad olmalıdır, danışmalıdır. Gördünüz də Rusiyada nə oldu? 100 min nəfər meydana çıxdı. Mən demirəm ki, orda nəsə dəyişəcək, amma başa düşdük ki, bunlar xalqdır. Bizim də sayımız artsa, gücümüz çoxalar. Gəlin birləşək və həqiqəti danışaq”.
Hər şey onun filmlərindəki kimidir. “Insanlar çeşid-çeşiddir. Kimi şərəfini üç quruşa satar. Şərəfli olmadan yaşamağa davam edər. Ölümü heç düşünməz. Hər kəsi özü kimi şərəfi olmayan zənn edər. Kimi doğruluğun bu dövrdə olmayacağını, hər doğrunun hər yerdə söylənməyəcəyini sanar. Oysa yanılar. Doğrunu hər yerdə söyləməkdir əsil şərəf. Yüz il alçaqca yaşamaqdan yaxşıdır şərəflicə ölmək və ya həbs yatmaq..”(Mustafa Durdu).