Bizim televiziyanın yeni rəhbəri

Sovet hökuməti dağılandan sonra ölkəmizdə yeganə dəyişiklik balaca evlərdən hündürmərtəbəli evlərə köçməyimiz və balaca televizorlardan böyük televizorlara keçməyimiz oldu. Prezidentin ağızdolusu danşıdığı iyirmi illk inkişaf məmurların ciblərinin yekəlməsindən, binaların, televizorların ölçülərinin böyüməsindən və müğənnilərin tamamilə soyunmasından ibarətdir. Sovetin zamanında radio-televiziya dalğalarından həqiqətləri eşitməsək də, heç olmasa əsl sənətkarları görə bilirdik. Maraqlı filmlərə, tamaşalara, poeziya gecələrinə baxırdıq. Necə deyərlər, balaca evlərdə balaca televizorlarla xoşbəxtliyi az da olsa hiss edirdik.
Indi isə hər telekanal yanından keçən ekrana “girib” zorla evlərə daxil olur, ailələrə qanqaraçılıq, bədbəxtlik gətirir. Biz əfsanəvi diktorlar Mirzə Xəzərin, Aydın Qaradağlının, Ofelya Sənaninin… böyük peşəkarlıqla mətnlər, şeirlər oxuyan Məhluqə Sadıqovanın, Əminə Yusifqızının, Həsən Əblucun… sözü və səsləri ilə nəfəs alırdıq. Biz onların yaydığı xəbərlərlə, oxuduqları şeirlərlə böyüdük. Yaxşı yadımdadır, “Azadlıq” radiosunda Mirzə Xəzərin verlişini dinləmək üçün qardaşım saatlarla radionun dalğaları ilə uğraşırdı. Və balaca radiodan gələn SƏSin istiliyinə nəinki bütün ailə, çox vaxt bütün məhəllə bir yerə toplaşırdı.
O vaxtdan uzun müddət keçməsinə baxmayaraq, qadağalar olduğu kimi qaldı, dəyişən təkcə dalğayayan cihazlar oldu. Hətta bir ara ailəliklə qərara gəldik ki, lazımsız əşya kimi evin bir küncünü zəbt edən televizoru çöllüyə ataq. Amma sağ olsun oğlum, belə ki, yenicə aldığı “PlayStation3″ vasitəsilə bizi yenidən televizor qarşısına toplaya bildi: internetdən axtarıb tapdığımız maraqlı filmləri, mahnıları kompüterin balaca monitorunda deyil, böyük ekranlı televizorda seyr edirik.
Məncə, zövq almaq üçün ekranın böyük-kiçikliyi vacib deyil, əsas, dalğaların böyük-kiçikliyi, istiliyi, azadlığıdır. Bir də ki, televizoru kimin idarə etməsindən hər şey asılıdır. Hazırda bizim televizorun yeni rəhbəri 14 yaşlı oğlumdur. Oğlum, “PlayStation3″ oyun qurğusu ilə hökumətin idarə etdiyi telekanallarla, ümumiyyətlə, AzTV ilə elə ”oyunlar” oynayır ki, ailəsinin intiqamını almaq üçün mücadilə edən sevimli oyun qəhrəmanı Kratos da ona qibtə edə bilər. Daha dəqiq, balaca bir uşaq hökumətin bahalı avadanlıqlarla işləyən, düz-əməlli danışa bilməyən aparıcılarla aşıb-daşan televiziyasını çökdürüb.
Misal üçün, AzTV-nin rəhbəri “Qoy həmişə toy olsun!”, “Onun bütövü”, “Tez-tez küsən arvadımla necə barışım?”, “Cavan qalmaq üçün yuxuda hansı yeməkləri görmək lazımdır?”, “Ad və soyadını dörd dildə yazmağı bacaran məmur”, “Ən seksual müğənni kimdir?”, “Müğənnilərin evi və sponsorları” və s. verlişlərlə camaatın başını qatanda, bizim televiziyanın rəhbəri tamaşaçılarına Müntəzirin kanalından “Elçibəy Heydər və Cəlal Əliyevlər barəsində” tarixi filmləri, Vaqif Azəryarın kanalından “Mirzə Cəlilin sözü, Mirzə Xəzərin səsi” videoçarxlarını, mədəniyyət və incəsənət kanalında Əminə Yusifqızının, Mirzə Xəzərin, Həsən Əblucun, Mikayıl Mirzənin ifasında Nəsiminin, Müşfiqin, Xəlil Rzanın, Məmməd Arazın şeirlərini səsləndirir. Təəssüflə qeyd edim ki, Əli Kərimin, Ramiz Rövşənin və başqa istedadlı şairlərin şeirləri yazılan vidoçarxların heç birinə sona kimi baxmaq olmur: aktyorlar şeirləri elə ürəksiz, başdansovdu oxuyurlar ki, elə bil “2″ almamaq üçün dərs danışırlar. Yəqin ki, bir azdan, gözəl şeir oxumaq, film səsləndirmək üçün də Türkiyə, Iran sənətkarlarına müraciət olunacaq.
Yeri gəlmişkən, iyun ayında “Azadlıq” qəzetində (25.06.2012) “Nəbi Xəzrinin oğlundan sənətçilərə ittiham” adlı məqalə çap olunmuşdu: “Arzu Babayev ”Modern.az” saytına açıqlamasında bildirib ki, bəzi sənət adamları Nəbi Xəzrinin sözlərinə bəstələnmiş “Ağ çiçəyim” mahnısından plagiatlıq ediblər”. Məqaləni oxuyandan sonra televiziyamızın rəhbərindən xahiş etdim ki, adı çəkilən mahnını təcili tapsın. Əvvəlcə, mərhum müğənni Şövkət xanım Ələkbərovanın klipinə baxdım: ekranda sadə geyimli bir Azərbaycan qadını çəməndən ağ çiçəklər yığa-yığa “Ağ çiçəyim” oxuyurdu. Səsi də, özü də əllərindəki çiçəklər kimi gözəl və təbii idi. Sonra Elza Seyidcahanla Ilhamə Quliyevanın klipinə baxdım. Və məlum oldu ki, indi müğənnilik edənlər nəinki plagiatlığı, həm də böyük bədxərclik etməyi bacarırlar: Elza və Ilhamənin saç düzümlərinə, makiyajlarına xərclənən para ilə 10-15 qızı əməlli başlı bəzəyib, gəlin köçürmək olardı. Müğənnilərin paltarlarını satışa çıxaran olsaydı, o pula ən azı min nəfər işsiz, ac adam bir həftə yaşaya bilərdi.
Ümumiyyətlə, klipə xərclənən pullar ölkə vətəndaşlarına paylansaydı, 9 milyon vətəndaş sevincdən “Ağ çiçəyim” oxuyardı. Amma kimdir vətəndaşları düşünən? Ölkə prezidenti 75 milyona azyaşlı övladına mülk alanda, xalq müğənnisi adı alanlar bir milyonu klipinə xərcləyər. Təəssüf ki, axmaqlara və acgözlərə haqq yolunu göstərmək mümkün deyil, boşuna vaxt itirməkdi…