Xalçaçı oğlu Seyid Rza Əlizadə
Keçən əsrin əvvəllərində Azərbaycanda mətbuat, maarifçilik və ədəbiyyat sahəsinin inkişafında önəmli xidmətləri olan görkəmli şəxslər sırasında Seyid Rza Əlizadənin də özünəməxsus yeri var. Bu ensiklopedik bilikli şəxs Səmərqənd şəhərində doğulub böyüsə də, daim Azərbaycanla bağlı olub, azərbaycanlı ziyalılar ilə heç zaman əlaqəni kəsməyib.
Seyid Rza Əlizadəÿ1887-ci ildəÿAzərbaycandan Səmərqəndə köçmüş bir xalçaçı ailəsində dünyaya göz açıb. Həmin dövrdə gediş-gəliş asan olmasa da, bu ailə doğma ata yurdu ilə əlaqəsini üzməyib. Bu fakt Seyid Rzaya Azərbaycana müntəzəm gəlmək imkanı yaradıb. O burada ədəbi mühitdən xəbərdar olub, tanınmış şair və yazarlarla görüşüb. Belə görüşlər sayəsində Seyid Rza Türküstanla Azərbaycan arasında bir mədəniyyət körpüsü qurmağa nail olub.
Əvvəlcə məhəllə məktəbində, sonra mədrəsədə oxuyan Seyid Rzanın qeyri-adi istedadı olub. O, çalışqanlığı sayəsində özbək, fars, ərəb, ingilis, alman, fransız, italyan, ivrit, kürd, tacik, urdu, rus, erməni dillərini öyrənib. Görkəmli maarifçi Türküstanda,ÿQafqazda, Hindistandaÿnəşr olunan qəzet və jurnallarda yüzlərlə məqalə və şeir nəşr etdirib. 1906-cı ildə Qafqaza gələndə böyük satirik Mirzə Ələkbər Sabirlə görüşüb. Burada türk dilində nəşr olunan “Irşad”, “Iqbal”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallara məqalələr yazıb. O, burada “Bəhlul”, “Neştər”, “Zənbur”, “Rəncbər”, “Şapalaq”, “S.R. Səmərqəndi” və s. imzalarla yazmaqla yanaşı, həmin qəzet və jurnalların Səmərqənddə yayılması üçün böyük səylər göstərib.
Təhsil və maarif fədaisinin təşəbbüsü iləÿ1907-ci ildə Səmərqənddə “Həyat”, 1908-ci ildə isə “Yeni həyat” kimi yeni tipli məktəblər açılmışdı. Böyük satirik M.Ə.Sabir xəstə olarkən Seyid Rza Şamaxıya gəlir. Sonra 1910-cu ildə qələm yoldaşları Mahmud Behbudu, Hacı Muin, Ismayıl Axundov, Molla Xalim Kərimov, Əhməd Hacı Əbdürəsul oğlu və başqaları ilə pul toplayaraq onun müalicəsi üçün göndərir.ÿ
O, Türküstanda cədidçilər adlandırılan yenilikçilər hərəkatının öncüllərindən biri idi. Xalqı maarifləndirmək, cəhalət yuxusundan ayıltmaq üçün mətbuatın rolunu çox vacib sayırdı. Sonralar yeni tipli məktəblərdə dərs deyən, tədris proqramı hazırlayan ziyalı mətbuatla da əlaqəsini davam etdirib. Səmərqənddə çıxan “Səmərqənd”, “Novıy Samarkand”, “Ovozi tacik” qəzet və jurnallarına da məqalələr yazıb. 1910-cu ildə Mahmud Behbu onu redaktoru olduğu “Ayna” jurnalının məsul katibi götürüb.
Bu jurnalda naşirlik təcrübəsi keçən Seyid Rza sonra “Şərq” qəzetini nəşr etməyə başlayıb. 1916-cı ildə isə özü “Teleqraf xəbərləri” qəzetini açıb. 1919-cu ildə isə onu “Şöləyi inqilab” jurnalına redaktor təyin ediblər. Onun rəhbərlik etdiyi həmin jurnal qısa zamanda təkcə Türküstanda deyil, Azərbaycan, Türkiyə, Iran, Hindistan və ərəb ölkələrində də oxunan geniş tirajlı mətbu orqana çevrilib. Amma bir sıra problemlər üzündən jurnal 1922-ci ildə nəşrini dayandırıb.
Maarifçilik işığı yayan ziyalı
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov ilə qohum olan Seyid Rza Əlizadə Bakıya gələrkən onunla da görüşürdü. O, Üzeyir bəyin əsərlərinin maarifçilik işi üçün Türküstanda yayılmasını önəmli hesab edir və bu istiqamətdə Türküstana yardım etməyin vacibliyini vurğulayırdı.
Məhz onun böyük səyləri nəticəsində 1918-ci ildə Səmərqənddə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyaları tamaşaya qoyulmuşdu. Seyid Rza özü də bu tamaşalarda yer alaraq müxtəlif rolları ifa etmişdi.
Sovet hakimiyyəti illərində də Seyid Rza Əlizadə fəaliyyətini davam etdirir. O bu illərdə Puşkinin, Qoqolun, Şoloxovun əsərlərini tacik dilinə, Amerikan yazıçısı Elton Sinklerin Bartoldun “Türküstan və Avropanın ümumi tarixi” adlı əsərini isə fars dilinə tərcümə edir.
Seyid Rzanın bir çox dilləri mənimsəməsi, böyük pedaqoji təcrübəsi onu bölgənin özbək, tacik, qazax və qırğız xalqları arasında məşhurlaşdırır. Böyük maarifçiyə nəinki özbək və tacik üçün, hətta Türküstanda yaşayan farslar üçün dərs kitabları yazmaq sifarişi verilir. Beləliklə, o, qısa zamanda özbək və tacik ümumtəhsil məktəbləri üçün “Əlifba”, “Coğrafiya”, “Tarix”, “Riyaziyyat”, “Həndəsə”, “Astronomiya” və “Ərəb dilinin qrammatikası” kitabını yazır, o cümlədən tacik dilinin qrammatikasını, iki cildlik rusca-tacikcə lüğət çap etdirir.
Əlizadənin yazdığı “Əsri-səadət”, “Mədəniyyəti-islam” və başqa dini kitablar təkcə Türküstanın deyil, Iranın, Əfqanıstanın, Pakistanın, Hindistanın və b. ölkələrin mədrəsələrində dərs kitabları kimi tədris edilir. Hazırda Pakistanın Lahor şəhərinin kitabxanasında S.R.Əlizadənin 33 kitabı saxlanılır. Bu əsərlərin 20-si tərcümə, 13-ü isə öz kitablarıdır.
1933-cü ildə Seyid Rzanı Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinə müəllim dəvət edirlər. O, 1937-ci ilədək burada ərəb və fars dillərindən dərs deyir.
Repressiya yollarında bitən ömür
Sonra 1937-ci ilin qara buludları Səmərqəndə də gəlib çatır. Seyid Rzanı “antisovet təbliğatçısı”, “ingilis casusu” adı ilə həbs edirlər. Uzun-uzadı istintaqdan sonra onun istintaq sənədlərini məhkəməyə göndərirlər. Amma o dövrün məhkəmələri üçün gözlənilməz bir hadisə baş verir. Səmərqənd vilayət məhkəməsi Seyid Rza Əlizadənin fəaliyyətində cinayət tərkibini yetərsiz sayaraq təkrar istintaqa göndərir.
Maraqlıdır ki, “təkrar dindirmələrdə də Seyid Rzanın fəaliyyətində yetərli cinayət tərkibləri tapılmadığından onun istintaq sənədləri üç dəfə geri – müstəntiqlərə qaytarılır. Hətta Özbəkistan Respublikasının Ali Məhkəməsi belə Seyid Rza Əlizadənin fəaliyyətində cinayət tərkibini yetərsiz sayır. Lakin onu azad etməyə cəsarəti çatmadıqlarından dindirmə sənədlərini Moskvaya göndərirlər.
Seyid Rza ilə birlikdə həbs edilənlərin əksəriyyəti qısa dindirmədən sonra “vətən xaini” kimi güllələndiyi, ömürlük həbs edildiyi və ya ən azı 8-12 il həbs cəzasına məhkum edildikləri halda Seyid Rzanın sorğu-sualı dörd il davam edir. Sübutlar tapa bilməsələr də, Seyid Rza boynuna heç bir cinayəti almasa da, 1941-ci il sentyabrın 16-da ona 5 il həbs cəzası verirlər”(Vikipedia).
Seyid Rzanı Rusiyada dövlət adamlarının, siyasi xadimlərin, xarici diplomatların, rəhbər işçilərin saxlandığı Vladimir şəhərindəki həbsxanaya göndərirlər. 1943-cü il fevralın 4-də cəza müddəti bitsə də, onun azad olunması təhlükəli sayılır. Görkəmli ziyalının istintaqsız, məhkəməsiz “təhlükəli adam” kimi müharibənin sonunadək həbsxanada saxlanması haqqında qərar qəbul edilir.
Arxiv sənədləri göstərir ki, S.R.Əlizadə həbsxanada belə maarifçilik fəaliyyətini dayandırmır. O burada həbsdə olanlarla bərabər, həbsxana nəzarətçilərinə və rəbərlərinə də dərs deyir. Həmin Vladimir həbsxanasının milliyyətcə yəhudi olan rəisi sonralar xatirələrində yazıb ki, “dünyanın işinə bax, siyasi dustaq, milliyyətcə azərbaycanlı olan Seyid Rza Əlizadə mənə ana dilimi – ivritcəni öyrətdi”.
Ədalətsiz ittihamlarla 8 il məhbəs həyatı sürən, tez-tez xüsusi rejimli kamerada saxlanan Seyid Rza Əlizadənin səhhətində ciddi problemlər yaranır. O, 1945-ci il dekabrın 24-də 58 yaşında vərəm xəstəliyindən dünyasını dəyişir.
Illər sonra, 1957-ci ildə bir çox repressiya qurbanları kimi S.R.Əlizadəyə də bəraət verilir. Bundan xeyli zaman keçəndən sonra-1987-ci ildə nəvəsi Fərhad çox çətinliklə babasının məzarını Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbiristanlığından Səmərqəndə gətirir. O buradakı “Pəncab” qəbiristanlığında dəfn edilir. Hazırda Səmərqənddə Seyid Rza Əlizadə adına küçə, məhəllə var, şəhərdəki 14 nömrəli orta məktəbin qarşısında isə böyük maarifçinin büstü qoyulub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir