“Küçələrə su səpmişəm” ingiliscə oxunacaq

Sami Yusif Azərbaycana maraqlı layihə ilə gölib

Dünya şöhrətli Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusif ölkəmizdə səfərdədir. O, Azərbaycana gəlişinin məqsədini mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə açıqlayıb. Bildirib ki, Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”i ifa etmək və klip çəkdirmək niyyətindədir.
Mahnını artıq ingilis dilinə tərcümə etdiyini və ilkin versiyanı hazırladığını nəzərə çatdıran müğənni, mahnını ingilis dilində ifa edəcəyini, eyni zamanda, bir bəndi doğma Azərbaycan dilində oxuyacağını bildirib.
Mahnıya çəkiləcək klipdə Azərbaycanın təbiəti, tarixi məkanları əksini tapacaq. Klipin müştərək çəkilməsi nəzərdə tutulur. Görüşdə mahnının yazılması və klipin çəkilməsi ilə bağlı texniki məqamlar da müzakirə olunub.