İsrafil İsrafilov: «Çox nüfuzlu adamlar zəif əsərlər yazırlar və müxtəlif yollarla onu teatra sırıyırlar»
«Akademik Milli Dram Teatrında elə aktrisa var ki, 6 il ərzində bir kitab belə, oxumayıb»
Akademik Milli Dram Teatrda işə qəbulla bağlı nəzərdə tutulan müsabiqə keçirilməyəcək. Bu barədə jurnalistlərə teatrın direktoru Israfil Israfilov məlumat verib.
Onun sözlərinə görə, bu barədə müvafiq qərar qəbul olunub: “Mən bu kollektivlə işləməmişəm, ona görə də insafsızlıq və haqsızlıq etmək istəmədim. Kollektiv üzvlərinin potensialını bilmirəm. Qərarımı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə də bildirdim o da fikrimi müsbət qarşıladı”.
I.Israfilov onu da deyib ki, teatrda elə aktrisa var ki, 6 il ərzində bir kitab belə oxumayıb. Həmin aktrisa elə 6 ildir ki, bu teatrda çalışır, ancaq fəaliyyəti dövründə bir əsər belə oxumadığını dedi. Eləsi də var ki, ona oxuması üçün pyeslər vermişəm, amma həmin pyesləri başqasına verib oxutdurub və ondan qeydləri götürüb mənə təqdim edir”.
I.Israfilov deyib ki, teatrda uzun müddət eyni siyasət hökm sürüb. Ancaq teatrda yeni qanunların həyata keçirilməsi lazımdır. Kimsə ortabab belə olmayan pyesini götürüb gəlir Dram Teatrına ki, onun əsəri səhnəyə qoyulsun. Mən bir az dözürəm, o müəllifləri inandırmağa çalışıram ki, bu əsər Dram Teatrında səhnəyə qoyula bilməz. Hələ dözürəm, ancaq görsəm ki, vəziyyət başqa cürdür, o zaman həmin əsərləri mətbuata verəcəyəm. Necə ola bilər ki, sən primitiv düşüncənlə bu camaatı incidirsən. Teatrı məhv etməyin…”
I.Israfilov bildirib ki, teatrın hazırkı vəziyyətdə olmasına səbəb həm dramaturgiya, həm də rejissuradır: “Rejissorluğa gəlincə, hər kəsə tamaşa vermək olmaz. Ali diplomu və ya savadı var deyə, hamını Akademik Milli Dram Teatrının səhnəsinə buraxmaq doğru deyil. Çox nüfuzlu adamlar zəif əsərlər yazırlar və müxtəlif yollarla onu teatra sırıyırlar. Bunları demək məcburiyyətindəyəm. Deyim var, ”desəm öldürərlər, deməsəm ölləm”.