Məşhur telejurnalist Vladimir Pozner başına gələnləri belə nəql edir:
– Moskvadan Nyu-Yorka uçub gəldim. Pasport yoxlamasından da keçdim. Amma mehmanxanaya gələndə gördüm ki, pasportum yoxdur. Onu ya oğurlamışdılar, ya da haradasa salmışdım, fərqi yoxdur, fakt faktlığında qalırdı: itmişdi.
Sabahısı gün sübh tezdən Nyu-Yorkun Pasport Mərkəzinə zəng etdim. Lakin heç kimlə danışa bilmədim, telefondakı səs yazısı isə mənə nə edəcəyimi heç cür anlada bilmədi. Məcbur qalıb bir vaxtlar vətəndaşlıq aldığım həmin idarəyə getməli oldum.
Qapıda iki nəfər avtomatlı mühafizəçi dayanmışdı. Yaxınlaşıb dedim:
– Mən pasportumu itirmişəm. Indi…
Onlardan biri sözümü kəsib yol göstərdi:
– Düz, sağa və dəhlizdəki ağ pəncərəyə…
Ağ pəncərədə isə afroamerikalı qadın əyləşmişdi.
– Mən pasportumu itirmişəm…
O da sözümü kəsib sağdakı divardan asılmış ağ telefonla zəng etməyimi məsləhət gördü. Divarda təlimat da vardı. Bu təlimata əməl edərək zəng etdim, qəbul üçün sıra nömrəmi və vaxtı öyrəndim. Saat 9:30 idi, mən isə 11-ə qədər gözləməli idim. Çıxıb kofe içdim, qəzet oxudum, saat 11-ə az qalmış yenidən qayıtdım.
Onuncu mərtəbəyə qalxdım, bir hissəsi şüşə pəncərələrdən ibarət olan böyük zala daxil oldum. Oturmağa macal tapmamış, düz saat 10-da səs eşitdim: “Vladimir Pozner, 3 saylı pəncərəyə!”.
Yaxınlaşdım. Təxminən əlli yaşında bir kişi gözləyirdi, onun sifəti mənə tanış gəldi, bəlkə ona görə ki, Çexova oxşayırdı.
– Salam, necəsiniz? – o məndən soruşdu.
– Bilmirəm nə deyim…
– Nə olub ki?
– Pasportumu ya oğurlayıblar, ya da salmışam. Itib.
– Bu ki faciə deyil. Buyurun bu blankı doldurun.
Blankı tezcə doldurub Çexova qaytardım.
– Hmm, – duruxdu bir az, – siz sonradan vətəndaşlıq almısınız?
Başımla təsdiqlədim.
– Bu isə işi bir qədər mürəkkəbləşdirir. Sizdə vətəndaşlığınızı təsdiq edən sənəd varmı?
– Var, lakin Moskvadadır, onu özümlə gəzdirmirəm.
– Nahaq. Gərək heç olmasa surətini özünüzlə gəzdirəsiniz.
– Mən Moskvaya zəng edərəm, onun surətini mehmanxanaya yollayarlar, gedib gətirərəm.
– Əla, mən sizi gözləyəcəyəm.
Dərhal zəng etdim və artıq mehmanxanaya gələndə, faks məni gözləyirdi. Onu alıb yenidən Pasport Mərkəzinə döndüm. Çexov ona baxıb başını buladı:
– Ser, çox təəssüf edirəm, izah edə bilməmişəm, bizə sənədin orijinalı lazımdır.
– Axı orijinal Moskvadadır, mən isə ora uça bilmərəm, pasportum yoxdur.
– Lazım da deyil, ser, əsəbiləşməyin, Vaşinqtonda bu sənədin ikinci bir orijinalı var. Lakin onun alınması əməliyyatı sizə 90 dollara başa gələcək.
Mən bu pulu ödəməyə hazır olduğumu söylədim. Təki pasport ala bilim.
– Cənab Pozner, – Çexov dedi, – düz saat 3-də sizi 2-ci zalda gözləyəcəyik.
Küçəyə çıxıb bir dürmək yedim, zəhrimar koka-kola içdim və saat 3-də ikinci zala qayıtdım. Dəqiq saat 3-də yenə səs eşitdim:
– Cənab, Valdimir (Vladimir yox!) Pozner!
Mən pəncərəyə yaxınlaşdım. Qaşqabaqlı qara qadın mənə pasport uzatdı və dedi:
– Yoxlayın. Görün hər şey düzdürmü?
Sevindim, pasportda adım Valdimir yox, Vladimir idi. Hər şey doğru idi. Mən onu almağımla bağlı sənədə imza atdım…
Amma boynuma alım ki, sarsılmışdım. Təsəvvür edirsiniz, cəmi bir günə itmiş pasportumun yerinə təzəsini almışdım. Dərhal o biri zala getdim, Çexov oturan pəncərəyə yaxınlaşıb ona dedim:
– Ser, belə bir işə görə sizə təşəkkür etməyə söz tapmıram. Mən heyranam.
Amerikalı Çexov isə tam ciddi şəkildə mənə baxıb, olduqca da adi şəkildə dedi:
– Ser, buna görə siz vergi ödəyirsiniz.
(Vladimir Poznerin xatirələrindən ibarət olan “Illüziyalarla vidalaşmaq” kitabından bir parça)

ABŞ-da Vladimir Pozneri sarsıdan hadisə
•