Yazıb-oxumaq öyrətmək təhsil deməkdirmi?

Dünən milli solçularımız arasında çox populyar olan “SSRI olmasaydı, bu gün biz yazıb-oxumaq bilmirdik” tezisi haqqında əks-fikirlərimi yazmışdım. Reaksiyaları belə gözləmirdim. Milli solçularımızın qəzəblənəcəyi aydın idi. Sadəcə, onların normal polemika yerinə söhbəti az qala var-yox söyüşünə qədər aparacaqlarını düşünməmişdim.
Insaf naminə, xeyli normal reaksiya müəllifləri də vardı. Amma onların da əks-arqumentləri kifayət qədər məntiqsiz göründü mənə. Məsələn, facebook-da məlum tezisi müdafiə edənlərdən bu gün Azərbaycanın maarifçi hərəkatının öncülləri saydığımız insanlar haqqında soruşdum. Axı onları yetişdirən Sovet sistemi deyildi, onlara yazıb-oxumağı SSRI öyrətməmişdi, bəs bu necə olsun? Düzü, heç bir aydın, məntiqli cavab almadım.
Bu gün biz həyatın bütün sahələrində məhz Sovet sisteminin yetişdirdiyi, yazı-pozu öyrətdiyi insanlarla döyüşürük. Bu gün bizim qarşımızda dayanan kötüklər – Anarından Ramiz Mehdiyevinəcən! – məhz Sovetin bizə mirasları deyilmi? Necə olur ki, biz həmin mirasları qəbul etmir, həmin mirasları rədd edir, həmin mirasları yolumuzun üstündən təmizləməyə çalışırıq, eyni zamanda bu mirasları bizə qoyub gedən sistemə toz qondurmur, ona güldən ağır söz deyəni aşağılayır, alçaltmaq istəyirik? Bu suala da ağlabatan, məntiqli heç bir cavab olmadı.
Dünənki yazıda mənim nə demək istədiyim çox açıq idi: 23 aylıq Xalq Cümhuriyyətinin Azərbaycanda necə nəhəng savadlanma, maariflənmə hərəkatı başlatdığını konkret faktlarla göstərməyə çalışmışdım. Tarixi hansısa təxminlər, ehtimallar üzərindən qiymətləndirməyə qarşı çıxmış və “SSRI olmasaydı, bu gün biz hələ də Novruzəli idik” fikrinin şəhər əfsanəsindən başqa bir şey olmadığını söyləmişdim. Əgər ehtimallar üzərindən danışırıqsa, onda niyə bir başqası da 23 aya sığışdırılan mütərəqqi addımları arxasına alaraq “Xalq Cümhuriyyəti yaşasaydı, bu gün biz təhsildə, elmdə daha üstün yerlərə gəlmişdik, Avropa, Qərb standartlarını yaxalamışdıq” ehtimalını irəli sürə bilməz?
Bəzilərinin ən “güclü” əks-arqumenti o idi ki, biz yenə müstəqilik, amma təhsilimizin vəziyyəti də göz önündədir, deməli, Xalq Cümhuriyyəti devrilməsəydi, yenə də eyni mənzərə olacaqdı. Kökündən yanlış yanaşmadır. Azərbaycandakı bugünkü hakim güc Xalq Cümihuriyyətinin varisi deyil axı, o məhz azadlıqları tanımayan, hüquqlara sərhəd qoyan Sovet nomenklaturasının daha eybəcər formada davamıdır.
Sovet təcrübəsi bizə göstərdi ki, azadlıqların olmadığı, geniş hüquqların tanınmadığı ölkələrdə savadlanma formal prosesdir, xırda istisnalarla ortaya savadlı kölələrdən və savadlı cəlladlardan başqa heç nə çıxarmır. Əgər azadlıq yoxdursa, yazıb-oxumağın nə mənası qalır? Bu yazıb-oxumaq axırda məddahlıq etməkdən başqa heç nəyə yaramırsa, kimə lazımdır o? Bir təhsilin ki, sonda ortaya qoyduğu məhsul Ramiz Mehdiyevdir, Anardır, Heydər Əliyevdir…
Bir təhsilin ki, ortaya qoyduğu məhsul cəmiiyyətdə yalnız tormozlayıcı qüvvə kimi çıxış edir və yalnız bu halda onun önə çıxmaq, həyatını qurmaq şansı var, əks halda çərləməli, çürüməli, məhv olub getməlidir, biz daha nədən danışırıq?
Doğrudur, Novruzəli savadsız idi, poçt qutusuna məktub belə, ata bilmirdi. Savadsız olduğu üçün də kölə idi. Bunda da haqlısınız.
Amma Sovet gəldi, Novruzəliyə, novruzəlilərə yazıb-oxumaq öyrətdi də nə oldu? Novruzəlilər bu dəfə də dahi rəhbərə zəhmətkeş məktublarından başqa nə yaza bildilər ki? O indi savadlı idi bəlkə də, amma yenə də kölə idi axı. Yenə də qorxaq idi, yenə də qul idi. Yenə də həyatda yüksəlmək üçün alçalmağa məcbur idi.
Hər şeyin başı azadlıqlardır. Insanlara sınırsız özgürlüklər tanımaqdır. Bu yoxdursa, cəmiyyətdən heç bir uğur gözləməyə dəyməz. Sən insanlara düşündüyünü yazmağı yasaqlayırsansa, istədiyini oxumağı qadağan edirsənsə, insanlardan yalnız və yalnız sənin öz düşündüklərini yazıb-oxumasını tələb edirsənsə, təpənə dəysin sənin öyrətdiyin yazıb-oxumaq! Kimə lazımdır, nəyə lazımdır axı o?
Və nəhayət: Sovet təhsili pulsuz ola bilərdi, lap elə ən ucqarlaradək gedib çıxa bilərdi. Amma bunlar hələ yaxşı təhsil demək deyil. Yaxşı, yüksək təhsil köləliyi ləğv edən təhsildir, köləliyi dəyərə çevirən təhsil yox!