“Səhvimin əzabını illərlə çəkmişəm”

Canlı «Retro» əfsanəsi «Azadlıq»a keçmişdən və indidən danışır

 

Həmidə Ömərova: «Heç vaxt deməmişəm ki, o məndən yaxşı yaşayır, onun filan şeyi var»

DOSYE: Həmidə Ömərova. 1957-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində bir il təhsil aldıqdan sonra 1975-1979-cu illərdə Moskva Kinematoqrafiya Institutunun aktyorluq şöbəsində təhsilini davam etdirib. 1979-1993-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Azərbaycan Kinematoqrafçılar Ittifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. 1986-cı ildən Az.TV-də “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifidir. Azərbaycanın xalq artistidir. Hazırda Mədəniyyət və Incəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir. Azərbaycan kinosunda Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), gəlin (“Vah!”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Şəfiqə (“Musiqi müəllimi”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nuriyə (“Divlər zindanı”, Iran k/s), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”), xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və s. obrazlar yaradıb.

– Həmidə xanım, hamı şikayətlənir ki, Azərbaycan kinosunda durğunluqdur, filmlər çəkilmir, çəkilənlər sanballı olmur, aktyor ifalarında bayağılıq çoxdur…
– Uzağa getmirəm, qonşu Iranda kino sahəsində birdən-birə sıçrayış, inkişaf oldu. Çünki dövlət kinonu maliyyələşdirməyi öz öhdəsinə götürdü. Kino məktəbləri yarandı. Məktəblilərə kino çəkməyi öyrətdilər. Tələbə filmləri yarandı. Sənədli filmlər, qısametrajlı filmlər müsabiqəsi keçirildi. Hər il Iranda on-on beş cür festival keçirilir. Bunların hamısı rəqabəti artırdı. Artıq Iran ildə 300-400 adda film çəkir. Sonra həmin filmləri beynəlxalq arenaya çıxartdılar və başladılar mükafatlar almağa. Bütün dünya Məcid Məcidlini tanıdı. Bəzən elə sadə, primitiv süjetli filmə əl atırdılar ki, o, dünyada şöhrət qazanırdı. Məsələn, iki kasıb məktəblinin münasibəti. Yaxud “Xarabalıqdan çıxan milyonçu”da kasıb bir ailədə baş verən faciə. Indi Azərbaycan kinosunda da bu proses yavaş-yavaş  başlayıb. Festivallar keçirilir və dövlət buna xüsusi diqqət ayırır. Azərbaycan kinosu yoxdur, kinomuz ölüb deməklə, doğrudan da heç nə olmayacaq. Həvəsi olanlar da çəkiləcək kənara. Dublyajla da bağlı eyni sözləri deyirdilər.
Sovet dönəmində burnunda danışan biri var idi. O, bizim tamaşaçıları qane edirdi, özümüzünkilər yox. Deyirdilər ki, yox, pisdir. Biz “Həzrəti Yusif”i dublyaj edəndən sonra dedilər, Azərbaycanda peşəkar dublyaj edən sənətkarlar var imiş. Hətta Iranlı həmkarlarımız dedilər ki, biz bu filmi onlardan da yaxşı səsləndirmişik. Biz bunu birdən-birə etməmişik. Gənclər olmayan yerdə kinonun inkişafı mümkün deyil. Indi görürük ki, tam ayrı ixtisası olan gənclər əllərinə kamera alıb film çəkirlər. Aktyor ifalarında bayağılığa gəlincə, kinoda pauza yarandı. 93-cü ildə kino özəlləşdirildi. Həmin vaxt ərizəsini birinci yazıb işdən çıxanlar aktyor şöbəsi oldu. Kinonun özəlləşdirilməsi prosesi bir neçə il davam etdi və bu, özünü doğrultmadı. Yenidən dövlət sərəncamına veriləndən sonra kinoda inkişaf başladı. O da tədricən oldu. Çünki illərin yıxdığını birdən-birə düzəltmək mümkün deyildi. Kino təkcə aktyorlar deyil. Həm də rejissorlardır, operatorlardır, kadr arxasında qalan sənətkarlardır ki, onlar uzun müddət işsiz qaldılar.

– Deyirsiniz ki, gənclər olmayan yerdə kinonun inkişafı mümkün deyil. Gənclərimizin elmi, mədəni səviyyəsi, dünyagörüşü sizi qane edir?
– Indi gənclər arasında zərərli bir tendensiya gedir. Bir ana kimi, müəllimə kimi bunu etiraf etməliyəm. Bu, gənclərin böyüklərə münasibətidir, adət-ənənələrimizə, soy-kökümüzə tamamilə biganə olmasıdır. Indiki yeniyetmələri ən çox məşğul edən şey nədir – kompüter, internet. Uşaqlar elə bil kompüter manyaklarına çevriliblər. Məsələn, oğlum 11-ci sinifdə oxuyur, yuxudan durub deyir, mama, dərsimi öyrənsəm, hazırlığa getsəm, kompüterə icazə verəcəksən? Deyirəm yox. Deyir, onda mən də hazırlığa getməyəcəm. Kompüterlər sanki gəncləri robotlaşdırıb, özündən asılı vəziyyətə salıb. Bütün fikirləri kompüterdə olur deyə, başqa şeylərə fikir vermirlər. Bu yaxınlarda Amerika istehsalı olan sənədli filmə baxmışdım. 13 yaşlı uşaq kompüterdə döyüş səhnələri oynayıb. Onun ardınca babasının silahını götürüb küçədən keçən 13 nəfəri öldürüb. Istintaq zamanı da deyib ki, mən elə bildim, oyun davam edir. Uşağa o qədər təsir edib ki, reallıqla oyunu qarışdırıb. Bu, çox aktual, bəşəri və qorxulu problemdir. Bir tərəfdən bu sivilizasiyadır, insan beynini inkişaf etdirən vasitədir, o biri tərəfdən də bu cür ziyanlıdır. Bir müddətdən sonra bütün sahələr kompüterləşəcək. Iş yerlərində insanlara ehtiyac qalmayacaq. Amma elə şeylər var ki, orada mütləq insan əli işləməlidir. Məsələn, dolmanı ki, əlinlə bükmədin, onun nə ləzzəti olacaq? Dolmanı da maşınla büksələr, daha nə oldu?!

– Siz özünüz kompüterdən, internetdən istifadə etmirsiniz ki?
– Istifadə edirəm. Internetdə özümlə bağlı xəbərləri oxuyuram, yazılarım da çıxır.

– Bəs, sosial şəbəkələrdə olursunuz?
– Yox, belə şeylərlə oğlum maraqlanır. O dəfə soruşur ki, mama, “Facebook”da sənin də şəklin var. Dedim sən yerləşdirmisən? Deyir, yox, yəqin pərəstişkarlarından biridir. Internetin insanların həyatına daxil olması əslində normaldır. Amma digər tərəfdən də o norma bütün başqa maraqları özünə cəmləyir. Düşünürəm ki, bu cür müasir texnologiyalar – mobil telefonlar, internet bizim də dövrümüzdə olsaydı, nələr baş verərdi? Tələbələrdən soruşuram Dostoyevskini, Çexovu, Tolstoyu, Şekspiri, Balzakı oxumusunuz, deyirlər yox. Amma biz kompüter oynamaq əvəzinə bunları oxuyurduq. Kitabxanalar adamlarla dolu idi. Indi  baxın, az qala heç kim yoxdur. Məsələn, mən oğluma desəm ki, ya Anna Kareninanı oxu, ya kompüterlə məşğul ol. Hansını seçəcək? Təbii ki, kompüteri.

– İndiki gənclik mütaliəyə, təhsilə meyl etmirsə və kütləvi savadsızlıq varsa, demək ki, səbəbkar təhsil sisteminin qüsurlu olmasıdır.
– Burada müxtəlif səbəblər var. Məsələn, mən uşaqlara dünya kino tarixindən dərs deyirəm. Danışıram, amma o tərəfdə tələbə telefonla yazışır, ya da oyun oynayır. Başa salıram ki, belə olmaz, bizim vaxtımızda filan cür idi. Görürəm ki, fikirləri yenə tamam başqa yerdədir. Bu elə bir zərərli axındır ki, hələ ki, çıxış yolunu tapmaq mümkün olmayıb. Əgər bir valideyn evdə uşağının öhdəsindən gələ bilmirsə, bunda təhsil sistemi neyləsin? Mən uzağa getmirəm, elə özümdən götürürəm.

– Əgər hər şeyi şagirdlərin və tələbələrin ixtiyarına buraxsaq, o zaman təbii ki, fərqli maraqlar və meyllər meydana çıxacaq. Normal təhsil sistemi də məhz ona görə lazımdır ki, bunların hamısını tənzimləyə bilsin. Məsələn, tələbəni dindirəndə deyir ki, onsuz da rüşvət verəcəm, niyə oxumalıyam ki. Bayaq elə özünüz də dediniz ki, sovet dövründə vəziyyət tam fərqli olub.
– Mən sovet təhsil sistemində oxumuşam. Çox güclü sistem idi. Onun da zəif cəhətləri var idi, indi bunun da var.
Desəm ki, ideal sistemdə oxumuşam, bu da düzgün olmaz. Yadımdadır ki, hind filmlərinə baxmaq üçün dərsdən qaçırdıq. Məktəb otaqları buz kimi idi, oturmaq mümkün deyildi. Dərsi qoyub qartopu oynayırdıq. Hələ bir dəfə rəhmətlik direktorumuzu qara da basmışdıq. Təbii ki, bu gün təhsil sistemində qüsurlar var. Bu, hər sahədə var. Bayaq kinodakı əyintilərdən danışdım, çünki mənim sahəmdir. Bu problemlərin birbaşa içindəyəm və onlar məni ağrıdır. Problemsiz yer yoxdur, problemsiz həyat da ola bilməz. Bir dəfə mən problemsiz bir yerə düşmüşdüm. Oğlumun 6 yaşı olanda Çingiz Əlioğlunun dəstəyi ilə bir neçə sənətçi Finlandiyiya Azərbaycan kinosu və musiqisi festivalına getmişdik. Orada hər bir şəraiti olan böyük bir villada qalırdıq. Bizi o restorandan bu restorana aparırdılar. Elə bildim nağıllar aləminə düşmüşəm. Qayğısız, problemsiz bir həyat yaşayırdıq. Paltar yumuram, xörək bişirmirəm, bazara getmirəm – bir həftə mən cənnətdə idim. Amma dördüncü gün yuxudan durub ağlamağa başladım. Yoldaşlarımdan biri dedi ki, Həmidə xanım niyə ağlayırsınız, dedim, mən problemli Bakı üçün darıxmışam. Mən belə həyata öyrəşməmişəm. Belə də həyat olar? Soyuducunu açırsan, hər şey var. Arkadi Raykinin yumoristik bir nömrəsi yadıma düşdü – deyir, qoy, hər şey olsun, amma qoy, nəsə olmasın. Onda bir stimul olur ki, olmayanı əldə edəsən.

– Necə düşünürsüz, indi siz ədalətli cəmiyyətdə yaşayırsınız?
– Ədalətsizliklər bütün cəmiyyətlərdə olub. Bir cəmiyyət adı çəkin ki, orada hər şey ədalətlidir. Bunu deyənlər özlərini aldadanlardır. Mən özüm dəfələrlə ədalətsizliklə qarşılaşmışam. Və yaxud özüm də ədalətsiz davranmışam ailədə. Hansısa səhvi etmişəm, onun əzabını illərlə çəkmişəm. Əgər bir insan ədalətli ola bilmirsə, böyük bir cəmiyyətdən bunu necə gözləmək olar? Cəmiyyət çox mürəkkib psixoloji mexanizmdir. Ədalətsizlik əsrlər boyu olub. Baxın, bu gün də müharibə haqqında filmlər aktualdır. Yaxşı məhəbbəti başa düşdük, əbədi mövzudur. Bəs müharibə? Bunun çox sadə cavabı var – çünki müharibələr hələ də davam edir. Ibtidai icma quruluşundan ta bu günə kimi insanlar bir-birlərinin ətini yeyiblər. Ibtidai hisslər hələ də var insanlarda. Belə olan halda hansı ədalətdən danışa bilərik?
Çox pis haldır ki, bu gün maddi dəyərlər mənəvi dəyərlərdən üstün olub. Istedadlı bir insan iş tapa bilmir, kiminsə hesabına institutu güc-bəla ilə qurtaran yüksək bir vəzifə tutur. Ona görə də, cəmiyyəti saflaşdırmağa doğru aparan yollar axtarılmalıdır. Ziyalılar oturub fikirləşməlidir.
Heç olmasa, hər kəs öz sahəsində öz töhfəsini verməlidir.

– Bu gün Azərbaycanın hamı tərəfindən qəbul edilən həqiqi sənətkarları sanki kölgəyə çəkilib, “sənətçiləri” isə daim üzdədilər və daha böyük imkanlara sahibdirlər…
– Amma baxın, xalqın qəlbində kimlərdir? Xalq hər şeyi görür axı. Biri var üzdə olan sənətkarlar, biri də var sevilən sənətkarlar. Fərq var da, düzdür? Çaplinin vaxtında ondan daha populyar sənətkarlar var idi. Onlar daha çox üzdə idilər. Amma hamısı unuduldu, Çaplin qaldı. Indi də biz Çaplinin “Böyük şəhərin işıqları” filminə baxırıq. 31-ci ildə çəkilən film indi də tamaşaçını ağladır. Əsl sənət, əsl istedad ölmür. Eynilə bu gün bizdə populyar, gündəmdə olan çox sənətkarlar var. Onların bəziləri tarixə düşəcək, çünki istedadlıdırlar. Amma çoxları yaddan çıxacaq, unudulacaq.
Bir dəfə oğlum televizora baxırdı, hansısa rus kanalından xalq artistinin evini göstərirdilər. Oğlum dedi ki, mama, sən də xalq artistisən, bəs, biz niyə belə yaşayırıq? Mən o suala bir qədər diplomatik cavab verdim. Dedim, biz bilmirik, o bu var-dövləti necə əldə edib. Bəlkə onun həyat yoldaşı milyonçudur? Mən həmişə olduğumla qənaətlənmişəm. Belə olmasaydı, mən heç nə ilə qənaətlənməzdim. Ona görə də, nəyim varsa, o yaxşıdır. Bunları mən öz zəhmətimlə qazanmışam. Bu gün salamatamsa, canım ağrımırsa, ona min şükür. Heç vaxt deməmişəm ki, o məndən yaxşı yaşayır, onun filan şeyi var. Onun üçün o cür, mənə də bu cür yaxşıdır. Mən heç kimə hakim ola bilmərəm. Hər kəs necə istəyirsə, öz ailəsini, öz həyatını o cür də qura bilər. Başqasının yaşayışına paxıllıq etməməliyik.

– Amma məsələ kiməsə paxıllıq etməkdə deyil. Sadəcə olaraq kimlərsə əsl sənət yolunda tər töküblər və az qala heç nəyə sahib deyillər. Kimlərsə tam əksinə…
– Düzdür, bu da ədalətsizlikdir. Məsələn, elə adamlar var ki, çox istedadlıdır, amma ehtiyac içində yaşayır. Elələri də var ki, sənəti yoxdur, amma hər şeyə sahibdir. Amma biz bunu mühakimə edə bilmərik. Bunu ancaq Allah bilə və mühakimə edə bilər.

– Həmidə Ömərova Azərbaycan kinosunda heç bir rol yaratmasaydı belə, bircə “Retro” layihəsi ilə insanların qəlbində əbədi olaraq qalacaqdı. Biz gənc nəsil sizin əvəzedilməz təqdimatınızla böyümüşük. Bəs, bu sənətin müqabilində layiqli qiyməti ala bilmisinizmi?
– Mənim üçün qiymət sizin kimi gənclərin yadında qalmaqdır. Əsl qiymət budur. Hər şeyi maddiyyətlə ölçmək düzgün deyil. Ay mənim belə saraylarım, belə maşınlarım var. Bayaq tələbəm mənə gül gətirib. Gördüm ki, çox böyük güldür, dedim, indi buna görə maşın tutmalıyam. Tələbə soruşdu ki, müəllimə, maşınınız hansındandır? Deyirəm, ikiqapılı avtobus. Əlbəttə, mən maşın ala bilərdim. Amma ona sərf etdiyim pulu başqa problemlərimə verərəm. Heç vaxt deməmişəm ki, mənim maşınım, nə bilim, təyyarəm olsun. Bu, mənim üçün əsas olmayıb. Əsas o olub ki, məni bir insan kimi dəyərləndirsinlər. Həm də desinlər, gör, nə yaxşı müəllimdir, nə istedadlı aktrisadır ki, həm filmə çəkilir, həm məqalələr yazır, həm ssenari hazırlayır. Mən saysız-hesabsız evlərimlə, var-dövlətimlə necə öyünə bilərəm? Oá, istənilən adamda ola bilər. Amma o şey ki, məndə var, hər adamda ola bilməz. Qəlbi təmiz, xeyirxah olmaq, başqalarına yaxşılıq etməkdən zövq almaq. Mənim üçün bunlar daha dəyərlidir…

Gültəkin Knyazqızı,
Foto Elmin Həsənlinindir