Fəxrəddin Mehdiyev: “Elnur Seyidovun başağrıları, baş gicəllənmələri artıb”
“Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun səhhəti pisləşməkdə davam edir. Bu barədə qəzetimizə məlumatı E.Seyidovun vəkili Fəxrəddin Mehdiyev verib.
Onu da qeyd edək ki, bir müddət əvvəl “Texnikabank”ın paytaxt filiallarının müdiri Ilham Bahadırov səhhətində problemlər olduğundan öncə MTN-in müalicə müəssisəsinə göçürülmüş, daha sonra həbsdən azad edilmişdi. Eyni zamanda “Texnikabank”da filiallarla iş üzrə departament rəhbəri Anar Həmzəyev də səhhətində yaranan problemlərə görə müalicə müəssisəsinə köçürülmüşdü. Amma dağınıq sklerozdan əziyyət çəkən E.Seyidov hələ də qapalı şəraitdə saxlanmaqla səhhətindəki problemlər daha da dərinləşdirilir. F.Mehdiyev eyni zamanda onu da bildirdi ki, E.Seyidovun həbs müddətinin uzadılmasına baxmayaraq heç bir istintaq hərəkəti görülmür. E.Seyidovu müalicə müəssisəsinə köçürməklə bağlı ötən həftə qaldırılan vəsatət də təmin edilməyib. Bütün bunlar isə, vəkilin fikrincə, E.Seyidovun AXCP sədrinin qohumu olması ilə bağlıdır: “Elnur Seyidov dağınıq skelerozdan əziyyət çəksə də, məhkəmə tibbi-ekspertiza bunu nevroz xəstəliyi kimi dəyərləndirir. Halbuki hazırda Elnur Seyidovun başağrıları, baş gicələnmələri artıb və vəziyyəti getdikcə ağırlaşır”.
Vəkil bundan başqa bildirdi ki, artıq ötən həftə E.Seyidovun həbsinin əsassız olması ilə bağlı Avropa Məhkəməsinə artıq müraciət ünvanlanıb.
Xəyal