Müsavat Partiyasında növbəti istefa dalğası başlayıb. Onlarla şəxs partiyanın Sumqayıt şəhər təşkilatından istefa vermək qərarına gəlib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Trend-ə Müsavatın Sumqayıt şəhər təşkilatının Siyasi Şurasının üzvü, istefa verənlərdən biri Kəramət Salayev bildirib. Onun sözlərinə görə, partiyanın siyasi kursu ilə razı olmadıqlarına görə belə addım atıblar. Salayev deyib ki, istefa verənlər Müsavatın AXCP ilə birləşmə məsələsində tutduğu mövqeyə etirazlarını bildiriblər: “Partiyadan istefa verməyimizin ilk səbəbi partiyanın AXCP ilə birləşmə siyasətindən imtina etməsidir. Birləşmə əleyhinə atılan addımlar Müsavatın 2013-cü ildə keçiriləcək prezident seçkilərindəki siyasi rəqabətdə iştirak etmək istəməməsindən xəbər verir”.
O, qeyd edib ki, istefanın digər səbəbi partiya daxilindəki ideoloji toqquşmadır: “Hazırda partiya daxilində ideoloji cəhətdən toqquşma var. Partiya daxilində mühafizəkarların fikirlərinə önəm verilməsi, onların nizamnaməyə uyğun olmayan addımlar atmasına şərait yaradılması və alternativ fikirə ögey münasibət bizim Müsavat Partiyasındakı siyasi fəaliyyət imkanlarımızı məhdudlaşdırır”.
Onun sözlərinə görə, istefa verənlər gün ərzində bəyanat yayacaqlar.
Qeyd edək ki, iyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat partiyasına birləşmək haqqında qərar qəbul olunub.
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bir müddət öncədeyib ki, partiya Məclisinin qərarı ilə AXCP ilə birləşmə məsələsinə son qoyulub.
***
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun bu istefalar barədə məlumatı yoxdur. A. Hacılı məsələni araşdırdıqdan sonra buna münasibət bildirəcəyini deyib: “Amma Müsavat Partiyasından çoxsaylı üzvlərin istefa verməsi mümkün deyil. Yalnız bir neçə nəfərin istefa verməsi istisna edilmir”.
İstefa verənlərin Müsavatın AXCP ilə birləşməsindən geri çəkilməsinə etiraz olaraq bu addımı atmasına gəldikdə A. Hacılı Allah köməkləri olsun cavabını verib.
***
Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas APA-ya açıqlamasında 15 nəfərin istefa verdiyini təsdiqləyib.