Tarixdəki yeri şam kimi əriməkdə olsa da, bizim şanlı hakimiyyət əritməyindən də qalmır. Növbə çatıb keçmiş deputat Nazim Məmmədovun poladəritmə zavoduna. Indi də onu “əridirlər”. “Metal Təyyar” adı qazanmış iş adamından başladılar, hətta öz sevimliləri olan Paolo Pərvizdə dayanmayıb, Türkiyə və Azərbaycan vətəndaşlarına məxsus bütün metal zavodlarını bir ələ toplayırlar. Nazim Məmmədovun türkiyəli sahibkarla ortaq olduğu zavod deyəsən axırıncıdır.
Ona da bugünlərdə basqın etdilər, sahib olmaq istəklərini açıq şəkildə ortaya qoydular. Əsl quldurluqla. Heç nədən çəkinmədən. Heç bir qanuna məhəl qoymadan. Bu, başqasının mülküdür, qanunların toxunulmaz saydığı şəxsi mülkiyyətdir, başqa insanların iş yeridir. Amma buna məhəl qoyan olmadı…
Baş verənlərdə eyni əlin, vahid xəttin olduğunu görməmək mümkün deyil. Nazim Məmmədovun sahibi olduğu zavoda da Rasim Məmmədov adlı adam əl qoymaq istəyir. Bu adam Paolo Pərvizin müəssisəsi olan “Baku Steel Company”ni idarə edir, bundan əvvəl isə Zülfüqarlı qardaşlarına məxsus Bakı Poladəritmə Zavodunu onun zor dəstəsi ələ keçirmiş və həmin zavod da bu adamın nəzarətinə keçmişdi. Bu misallar iri zavodların ələ keçirilməsidir. Xatırladaq ki, metal sənayesinə aid digər kiçik müəssisələr və metal satışı ilə məşğul olanlar hamısı bazardan çıxarılıb. Onların çoxu ölkədən gedib, hətta dəmir məhsullarının satışı ilə məşğul olan bir nəfər həbsdədir. Indi də Nazim Məmmədovun sahiblərindən olduğu “Ataxan Dəmir Sənaye” süfrəyə gəlib. Onu da həzm etmək istəyirlər…
Rasim Məmmədov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlunun tələbə yoldaşı olub, deyilənlərə görə, elə indi də onun biznesini idarə edənlərdən biridir. Lakin bu da bəllidir ki, onun nəzarətinə toplanan metal müəssisələrinə Bəylər Əyyubov da nəzarət edir. Mümkündür ki, bu mülklər onların heç birinin deyil, məhz hakim ailənin sahibliyinə cəmləşdirilir…
Həm də ağa-qaraya baxmadan cəmləşdirilir. Baxın, Nazim Məmmədov ona toxunulmaması üçün Azərbaycan gerçəkləri anlamında hər şey edib. Bacardıqca bu hakimiyyətin əl-üzünü yumağa, daha doğrusu, onun cinayətlərinə haqq qazandırmağa çalışıb. Bu aralarda prezident ailəsinə məxsus biznes mövzularının həqiqətlərini elə pərdələməyə çalışırdı ki, onun mümkün olmayan işin altına girdiyini görməmək olmurdu. Hətta həmin Rasim Məmmədovun güc dəstəsi Zülfüqarlıların zavodunu alanda bu əmələ haqq qazandırmışdı. Bütün bunlar da köməyə çatmadı və hazırda onun özünün mülkünə göz dikiblər…
Hətta o da köməyə çatmadı ki, Nazim Məmmədov bu mülkü halal yolla qazanıb. O, məmur rüşvəti ilə qurmayıb bu işi. O da ölkəyə öz sərmayəsilə gələnlərdəndir. Hakimiyyətin “çevrə” haqqı da yoxdur ona desin ki, bizim sayəmizdə qazanmısan bunları sən, indi də alırıq. Bu, sadəcə quldurluqdur!
Mən bu mövzuda sahibkarın özünün də iştirak etdiyi radioverilişə qulaq asdım, bəzi dinləyicilər verilişə mesaj yollayırdılar ki, belə adamlara haqq olur, onlara qarşı düz edirlər. Mən bu fikirlərin hansı yanğıdan doğduğunu anlayıram. Lakin bu mövqeni qətiyyən yaxına buraxmaq olmaz. Bizim Nazim Məmmədovu sevmək borcumuz yoxdur, amma onun mülkiyyət və digər hüquqlarına hörmətlə yanaşmalıyıq. Üstəlik, ortada siyasi himayəsi olan bir quldurluq hadisəsi baş verib. Biz həmişə haqların pozulmasına qarşı çıxmalıyıq. Hətta həmin adam çəkinib bunu etməyəndə də. Biz hər zaman bu cür yırtıcı tendensiyaya etiraz etməliyik…
Çünki bu tendensiya hamını bir-bir sıradan çıxarır. Başqalarının susmasından istifadə edərək…

Hamını bir-bir…
•