İşdən çıxarılan neftçilər baş verən qanunsuzluqlara üsyan edir
Sabirabad Neft Bazasından qanunsuz və ədalətsizcəsinə işdən çıxarıldığını iddia edən fəhlələr Prezident Administrasiyasına, Mehriban Əliyevaya ünvanladıqları şikayət ərizəsinin bir nüsxəsini də “Azadlıq”a göndəriblər. Onlar məktubda yazılanların geniş ictimaiyyətə çatdırılmasını xahiş ediblər.
“Neft bazası”da 27-29 il işlədiklərini deyən şikayətçilərin iddiasına görə, onların üzləşdikləri problemin kökündə bu il martın 1-də müəssisəyə yeni təyin olunan müdirdir. Şikayətçilər yazır ki, Prezident Administrasiyasında çalışan qardaşı Vəfadar Bayramovun sayəsində müdir olan Bayram Bağırov işə çıxandan dərhal sonra onlara ixtisara düşdüklərini bildirib: “Biz də inanıb gözlədik. Lakin müdir gizli şəkildə işçiləri başına yığaraq, özünə sərf edənləri işə götürdü. Bayram Bağırov idarədə çox haqsızlıq elədi. Əgər idarədə ixtisar vardısa, nə üçün işə yeni işçilər götürürdü? Bayram Bağırov bu idarədə ixtisar yox, yerdəyişmə aparıb. O, yeznəsi Islam Quliyevi operator kimi işə götürsə də, həmin şəxs öz işini yetirmir. Idarədə qapıdan çıxan maşınlara nəzarət olunur, kiçik maşınlardan 3 manat, böyüklərdən də 5 manat ”haqq” alınır”.
Müraciətdə o da qeyd olunub ki, idarədə sürücü ştatı olmadığı halda, müdir, Vüqar Vəliyevi operator kimi işə götürüb, amma həmin şəxs Bayram Bağırova sürücülük edir.
Şikayətçilər onu da əlavə edir ki, Bayram Bağırov işçilərinə qarşı rəhmsiz davransa da, öz qohum-əqrəbası üçün əvəzedilməz qayğıkeşlik nümunəsidir: “Idarənin rəhbəri özü ilə yanaşı, katibəsinin də qohum-əqrabasını başına toplayıb. Katibəsi Nüşabə Əliyevanın gəlinləri Xuraman Əliyeva, bacısı Asiya Əliyeva da idarədə işə götürülüb”.
Məktub müəllifləri yazır ki, müəssisədə “gərgin zəhmətinin” bəhrəsi olaraq, Bayram Bağırov Bakıdan ev, bahalı maşın, Sabirabaddan isə yanacaq doldurma məntəqəsi alıb.
“Müdir bizə deyir ki, gedin, hara istəyirsinizsə, şikayət edin. Onsuz da sizin şikayətinizə heç kim baxmayacaq. Bu mülkiyyəti Toğrul Seyidov alıb. Onun arxası-dayağı çox böyükdür. Biz ümidü kəsilmiş, əziyyət çəkən insanlarıq. Əgər biz neft ölkəsində yaşayırıqsa, niyə işsiz qalmalıyıq? Ixtisar varsa, bu mülkiyyət alınıbsa, bizim özəl payımızı versin. Biz nə etməliyik? Əməkhaqqı yox, pensiya yaşımız yox…”, – deyə şikayətçilər düşdükləri acınacaqlı durumdan bəhs edir.
Məktub müəllifləri göstərdikləri cinayət hallarıyla bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə də şikayət ünvanlayacaq.
Mövzunu davam etdirəcəyik, qarşı tərəfin də fikirlərini öyrənməyə çalışacağıq.
Natiq