Gəncədə “bazar qalmaqalı”

Kolxoz bazarının ətrafında yaşayan sakinlər ev-eşiklərini tərk etmək məcburiyyətində qalıb

Gəncənin kolxoz bazarı ətrafında yaşayan bir qrup sakin həmin ərazidəki özbaşınalıqlarla bağlı dəfələrlə şəhər rəhbərliyinə müraciət etslər də, heç bir tədbir görülməyib. Gəncədə “Keçəllər küçəsi” kimi tanınan massivdə yaşayan sakinlər “Azadlıq”a bildiriblər ki, nə evlərinə gedə bilirlər, nə də gedəndə istirahət edə bilirlər:
“Ətraf rayon və kəndlərdən gətirilən tərəvəz və mer-meyvəni bazarda yox, məhz bizim yaşadığımız küçədə satdırırlar. Dəfələrlə sahə müvəkkili Samir adlı polis əməkdaşına müraciət etmişik ki, bu küçə alverçilərini yığın bazara. Amma nəticəsi yoxdur. Bu isti günlərdə zay olmuş ərzaq və tərəvəz məhsullarının yaratdığı anti-sanitariyadan, üfunətli iydən ev-eşiyimizi tərk etmək istəyirik”.
Sakinləri hiddətləndirən əsas məsələlərdən biri də “Seyid Mürsəl” ocağı kimi tanınan ziyarətgahın meyvə-tərəvəz maşınları tərəfindən mühasirəyə alınmasıdır: “Seyid Mürsəl” ocağı insanlar vaxtaşırı gəldiyi ziyarətgahdır. Amma onun ətrafının əməlli-başlı bazara çevrilməsi ziyarətə gələnlərə əlavə problemlər yaradır. Gedib-gəlmək olmur”.
Sakinlər qəzetimiz vasitəsilə müvafiq qurumlara müraciət edərək onlardan yardım istəyirlər. Onların sözlərinə görə, əgər tədbir görülməsə küçə ticarətçiləri ilə sakinlər arasında xoşagəlməz olaylar baş verə bilər.