Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Məsələ bundan ibarət olub ki, Vidadilə qardaşı, o cümlədən də onların biznes işində olan bütün sülalələri əlahəzrət korrupsiyanın qurbanı olublar. Mən bilmirəm, indi bunu yazmaq onların xeyrinədir, ya yox… Amma hər halda, onlardan tələb olunub ki, tikdikləri binalara görə 12 milyon manat versinlər.
– Tələbi kimin adından irəli sürüblər? Hansısa nazirin, eləmi? – deyə soruşuram.
– Elədir.
– Amma siz hələ tutulmamışdan xeyli az istəyiblər, axı?
– Nə olsun az istəyiblər? O qədər pulu da vermək imkanımız yox idi.
– Amma indi bu qədər pulu verəcəksiniz! Əlinizdə olanların hamısını satacaqsınız, ordan-burdan borc da tapacaqsınız, üstünü düzəldib verəcəksiniz ki, sülalənizi türmədən çıxarasınız.
– Işin çətini budur ki, əlimizdə olanları satanda bu qədər pul eləmir. Heç onun yarısı da eləmir. Tutulmasaydıq, bəlkə də bir-iki milyon, bəlkə daha artıq borc tapardıq. Amma tutulandan sonra bu qədər pulu bizə heç kim vermir. Həbsə düşən adamın varlı dostları qeybə çəkilir. Yerdə qalan sədaqətli dostların isə pulu olmur – onların ancaq mərdliyi var! Bizə niyə belə zülm eləyirlər, bilmirəm. Axı, biz kimsənin toyuğuna “kiş” demədik.
– Sizi yaxşı eləyib tutublar. Niyə də tutmasınlar ki?!
Vidadinin gözləri bərələ qaldı. Nə deyəcəyini kəsdirə bilmədi. Bir az susub sonra elə əvvəlki heyrətlə soruşdu:
– Necə yəni yaxşı eləyiblər? Müəllim, sən nə danışırsan? Bunlar bizim evimizi yıxırlar eee…
– Sizi onlar tutmayıblar, siz özünüz özünüzü bu vəziyyətə salmısınız. Təkcə siz yox, sizin kimi bütün özündən deyən biznes adamları özünüz-özünüzün qənimisiniz. Sizə elə gəlir ki, başınızı aşağı salıb pul qazanmaqla məşğul olacaqsınız, bu adamyeyən canavarlar da sizi görməyəcəklər? Ay bədbəxtlər, özünüz üçün müdafiə sistemi yaratmadan pul yox, elə türmə qazana bilərsiniz. Işləyəcəksiniz, tutub əlinizdən alacaqlar. Verməyəcəksiniz, tutub soxacaqlar bura, ikiqat-üçqat artığını alacaqlar.
– Biz neyləyə bilərik? Biz hansı müdafiə sistemi yarada bilərik ki? Hökm onların, məhkəmə onların…
– Sizin də nə təpəriniz olsun, nə də açıq gözünüz: elə, pul qazanın, kimin üçün qazandığınızı da türmədə hesablayın! Aranızda düşüncəli adamlar da o qədər azdır ki, quldur bir hökumətin fərmanları altında işləmək üçün hansı təminatların lazım olduğunu sizə pıçıldasın. Bəlkə də deyənlər var. Amma sizə elə gəlir ki, həmin adamların başı xarab olub. Indi sizdən 12 milyon manat istəyirlər – 15 milyon dollar! Amma bunun 15-də birini seçkiyə qatılan müxalifət bloklarından birinə verə bilərdiniz. Məsələ ondan ibarət deyil ki, onlar bu sistemi aşırıb başqasını qursunlar. Onlara dəstək vermək lazımdır ki, hakimiyyət özünü hakimi-mütləq kimi tanımasın. Cəmiyyətdə mövcud siyasi hakimiyyətin güclü alternativləri olmayanda, o hakimiyyət qudurur, ətrafdakıları dalayır. Güclü alternativləri yaratmaq isə ilk növbədə sizin, kapital sahiblərinin işidir. Mənə görə yox, bu millətə görə yox, özünüzə görə hesablayın.
– …
– Hətta burada da, indi də danışmaqdan qorxursuz. Elə bu qorxuya görə də sizi məhv edirlər, edəcəklər də. Bir az dirənişiniz olsun, bir az müqavimət tədbiriniz olsun! Sizin üçün daha gecdir, daha heç vaxt bizneslə məşğul ola bilməyəcəksiz. Əlinizdə olan hər şeyinizi alıb sizi buraxacaqlar. Amma rastınıza çıxan köhnə biznes dostlarınız sizi eşitmək istəsə, mənim burada elədiyim söhbətləri eləyərsən. Eşitməsə də, cəhənnəmə eşitsin! Sonra gəlib həbsxanaya çıxanda, sənin yerində oturanda elədiyin söhbətləri yada salacaq. Beləcə, cəmiyyətin bütün biznesmenləri həbsxanaya girib-çıxandan sonra ağıllanacaq…
Amma hətta bu söhbətlər də məni əvvəlki ovqatıma qaytara bilmirdi. Bayıldan getmək istəyirdim. Havalar da istiləşirdi. Qış uzunu bura yaxşı idi. Bizim kameradan istilik şəbəkəsi keçirdi, elə təkcə bu səbəbə görə bu kameraya “burjuyka” demək olardı. Qış – türmədəki dustaqların qənimidir. Türmədəki kameraların 90 faizində soyuqdan titrəyirlər. Yay isə cəhənnəmdir.
Indi may ayı idi. Vaxtı yubatmadan cəhənnəm olub buralardan getmək lazım idi. Mən psixoloji baxımdan da özümü zona hazırlıqlı sayırdım. Burada müxtəlif qəbildən olan cinayətkarlarla tanış olmuşdum, onların müxtəlif çaplı hekayətlərindən özüm üçün ətraflı təəssüratlar yığmışdım. Açıq zon məni çağırırdı. Oralar üçün elə darıxırdım ki, sanki öz evimə gedəcəkdim.
Müdiriyyətə təkid etdim. Növbəti bölgüdə məni də çağırdılar. Penitensiar Xidmətdən gələn adam bölgünü aparır, ya da prosesə birbaşa nəzarət edir. “Penitensiar Xidmət” bu Idarənin təzə adıdır. 10 il olar ki, onu belə adlandırıblar. Amma dustaqlar üçün bu idarə elə “UITI”-dir. Sovet zamanından belə adlanır və dustaq leksikonunda belə də qalmaqda davam edir. Niyə? Niyə də belə olmasın. Bu idarə Penitensiar Xidmət olandan sonra əvvəlki “UITI”-dən fərqlənmək üçün neyləyib ki? Heç nə. Zonlardakı istehsalat sahələrini söküb satıblar, vəssalam! Qalan bütün münasibətlər, davranışlar, alver, bazar, işgəncə metodları və motivləri – hər şey əvvəlki qaydada qalıb. Dustaq ümumi anlamda savadsız camaatdır. Onu köhnə qaydaların dəyişdiyinə inandırmaq üçün bu barədə təbliğat aparmağın mənası yoxdur; gözü ilə görməsə, öz dərisində hiss etməsə ki, hansısa qaydalar dəyişib, heç nə başa düşməyəcək. Buna görə də Penitensiar Xidmət, dustaq üçün elə “UITI” olaraq qalır.
Mən də həmin köhnə qaydaların içinə girmək istəyirdim; açıq zona getmək, oradakı xalqla daha maraqlı, daha əlvan və daha xoşbəxt həyat sürrmək istəyirdim. Daha Bayıldan xoşum gəlmirdi. Tam 6 ay idi ki, buradaydım. Birinci dəfə açıldığında doğma qapı kimi fərqləndirib sevdiyim “123″dən də daha acığım gəlirdi.
Bölgü komissiyasının gənc və gülərüz rəhbəri məndən soruşdu:
– Hansı zona getmək istəyirsiz?
– 14-ə.
14 – bəzi ölçülərinə görə ölkənin ən pis zonu sayılırdı və heç bir göstəricisilə yaxşı deyildi. Komissiya sədrinin sifətində qayğılar düyünləndi:
– Yox, ora göndərə bilmərik, Ərşad intihar edər.
Ərşad 14-cü zonun rəisi idi. Niyə intihar etməli idi Ərşad? Ona görə ki, 1 ildən artıqdı Mirzə Sakit orada idi və Ərşadın gününü göy əskiyə bükmüşdü, hər gün konfliktləri olurdu…
Mən təkid etdim. Dedim ki, məni oraya göndərməməyin bir səbəbi olmalıdır. Komissiya sədri də dirəndi:
– Müəllim, gəlin sizi 10-cu zona göndərək, təkid etməyin!
10-cu zon ölkədə ən yaxşılardan sayılırdı. Qanuni oğru Masallı Mamed də həmin vaxt orada idi və buna görə də oradakı dustaqların “kef çəkdikləri” barədə rəvayətlər dolaşırdı. 10-cu zona düşmək üçün, ən aşağısı 500 manat rüşvət verirdilər. Masallı Mamed orada olduğuna görə hətta bir çox “stremlyaqa”lar da pul verib oraya yollanırdılar. Bu, o qədər xoşagəlməz tendensiya almışdı ki, mərhum Mamed “praqon” yaymağa məcbur olmuşdu: “Mənə görə rüşvət verib buraya gəlməkdənsə, gedin, bərbad zonları abad eləyin”.
Könülsüz də olsa, razılaşdım. Razılaşmamaq onsuz da heç nəyi həll etmirdi…
ardı var