Masallılı sahibkar Rafil Hüseynovdan 200 min manat istəyir
Masallı rayon Icra Hakimiyyətinin başçısı Rafil Hüseynov məhkəməyə verilib. Bu barədə “Azadlıq”a iş adamı Taleh Dayyanovun vəkili Rasim Əlizadə məlumat verib. Vəkilin sözlərinə görə, icra başçısından məhkəməyə müraciət etmələrinin səbəbi şəxsi mülklə bağlıdır.
O bildirib ki, Məhəmməd Füzuli küçəsində sahibkar Taleh Dayyanova məxsus torpaq sahəsində inşa edilmiş məişət obyektinin sökülməsi barədə icra başçısı qeyri-qanuni və səlahiyyətlərini aşaraq göstəriş verib: “K.Mazanov, A.Baxışov və C.Məmmədov tərəfindən təsdiqlənmiş 92/5 saylı məktubda həmin əsassız göstəriş öz əksini tapıb. Elə mübahisəyə də bu səbəb olub. Iddia tərəfi olaraq məhkəmədən məsələyə baxılmasını, cavabdehlərin hərəkətlərinin aidiyyəti üzrə araşdırılması və cavabdehlərin iddiaçıya vurduqları zərərə görə, 200 min manat ödənilməsi tələbini qaldırmışıq”.
Iddia tərəfi dəymiş zərərə görə tutulacaq məbləğin Heydər Əliyev Fondunun hesabına köçürülməsini istəyir.
Ramin DEKO