“Azadlıq”ın rəhbərliyindən Əli Həsənova cavab

“Görüntü yaradır ki, guya hökumət mətbuatın problemlərini həll etmək istəyir”

“Bu siyasət davam etdikcə, vicdanı olan hər kəs hakimiyyətə tənqidi münasibətdə olacaq”

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son müsahibəsində mətbuatın yayım, reklam problemlərindən tutmuş, peşəkarlıq məsələlərinə qədər bir çox məqamlara toxunub.

“Ölkə yuxarıdan gələn göstərişlərlə idarə olunur”

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə hesab edir ki, PA rəsmisinin fikirlərinin əksəriyyəti səmimiyyətdən uzaqdır və demoqogiyadır: “Əli Həsənov müsahibəsində sübut etməyə çalışır ki, guya hökumət mətbuatın problemlərinin həllində maraqlıdır. Hansısa təkliflər hazırlanıb və lazımi instansiyalara çatdırılıb.  Görüntü yaradılır ki, guya hökumət mətbuatın problemlərini həll etmək istəyir. Müsahibə boyu dəfələrlə vurğulayır ki, redaktorlarla görüşdə ciddi məsələlər müzakirə olunub. Düzdür, biz görüşdə mətbuatın qarşısında duran çox ciddi problemləri, xüsusən reklam məsələsini qaldırdıq. Amma Əli Həsənovun müsahibəsindən görünür ki, hakimiyyət hələ heç bir ciddi atmaq istəmir. Guya Prezident Administrasiyası aşağı icra strukturlarının rəyini öyrənmək istəyir. Bu, demokratik idarəçilik görüntüsü yaratmaqdır. Hamıya məlumdur ki, Azərbaycanda Prezident Administrasiyasından kənar strukturların heç biri müstəqil deyil və onların ciddi məsələlərlə bağlı heç bir halda rəyi öyrənilmir. Ölkə yuxarıdan gələn göstərişlərlə idarə olunur.
90-cı illərin ortalarında “Azadlıq” qəzetinin yüzdən artıq reklam tərəfdaşı var idisə 98-ci ildə senzuranın ləğvindən sonra qəzet reklam görməyib. Nə qədər ki, senzura var idi reklam var idi, elə ki senzura yığışdırıldı hakimiyyət azad mətbuatın iqtisadi bazasını dağıtmaq üçün hərəkətə keçdi”.
R.Hacıyev deyir ki, bütün normal və demokratik ölkələrdə mətbuat orqanlarının başlıca gəlir mənbəyi reklamdır.

“Hökumət istəsə, məsələni bu dəqiqə həll edə bilər”

Ə.Həsənovun dedikləri isə bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti reklam bazarını açmaq fikrində deyil: “Hansısa təkliflər olacaq, o təkliflər də nə vaxtsa reallaşacaq. Hökumət istəsə, məsələni bu dəqiqə həll edə bilər. Çünki dövlət orqanlarının hamısının sərəncamında belə vəsait var. Əli Həsənov hakimiyyətin reklamla bağlı problemi həll etmək istəmədiyini açıq-aşkar ortaya qoyub. Məsələn, hakimiyyət istəsə, açıq şəkildə bəyan edər ki, reklamla bağlı heç bir problem yoxdur. Müxalifət mətbuatına reklam verilsə, bu, reklam verənlər üçün heç bir problem yaratmayacaq. Ölkədə elə bir vəziyyət yaradılıb ki, məsələn, ”Azadlıq” qəzetinə heç bir iş adamı reklam verə bilməz. “Azadlıq”a qarşı son 6 ildə bu qədər dəhşətli repressiyalar və mənəvi terror olubsa, təbii ki, heç bir iqtisadi subyekt bu qəzetə reklam üçün müraciət etməz. Bu, siyasi iradə məsələsidir və hakimiyyət istəsə, bir anda bu problemi həll edər. Bu, bazar münasibətləri ilə heç bir əlaqəsi olmayan məsələdir”.

“…Biz necə ağ yalanlar yaza bilərik?”

R.Hacıyevin sözlərinə görə, Ə.Həsənovun müsahibənin bir hissəsi tamamilə demoqogiyadan ibarətdir: “Jurnalistlərin peşəkarlığından, onların dövlət və dövlətçilik məsələlərini nəzərə almalı olduqlarından danışır. Açıq-aşkar hakimiyyətin maraq və mənafelərinə xidmət göstərən jurnalistləri qiymətləndirir, onlara hər cür şərait yaradırlar. Onlar  üçün vətənpərvərliyin kriteriyası bu hakimiyyətə yaxşı münasibətdir. Hakimiyyətlə dövlətlə eyniləşdirilib. Halbuki bunlar fərqli anlayışlardır. Hakimiyyətdə olanların maraq və mənafeləri Azərbaycan xalqının maraq və mənafeləri kimi təqdim olunur. Bu demoqogiya və heç bir əsası olmayan fikirdir. Ölkəsini sevən, özünü vətənpərvər hesab edən hər bir kəs ölkədə gedən proseslərə məsuliyyət və vicdanla yanaşmalıdır. Necə ola bilər ki, hakimiyyət strukturlarında təmsil olunanlar korrupsiya və rüşvətlə məşğul olsunlar, amma vicdanlı jurnalist bu barədə yazmasın. Bu, əxlaq və mənəviyyat məsələsidir. Əxlaqı və mənəviyyatı olan adam ölkədə baş verən proseslərə necə biganə qala bilər? Hakimiyyət strukturları, vəzifəli şəxslər korrupsiya ilə məşğul olmasalar, insanların hüquq və azadlıqlarını, mülkiyyət hüquqlarını pozmasalar, biz necə ağ yalanlar yaza bilərik? Bu halda bizi heç oxuyan da olmaz. Adamlar görsələr ki, Azərbaycan hakimiyyəti doğrudan da xalqa xidmət edir, xalqın maraq və mənafelərinə uyğun siyasət yürüdür, o halda hakimiyyətə böhtan atan heç bir qəzet yaşaya bilməz. Azərbaycanda oxucu kütləsinin xeyli hissəsi ona görə ”Azadlıq” qəzetini oxuyur ki, onlar bu qəzetdə ölkədə baş verənlərlə bağlı həqiqətləri öyrənirlər. Nə vaxta qədər ki, hakimiyyət bu siyasəti davam etdirəcək, dövlət hakimiyyətindən ayrı-ayrı şəxslərin varlanması üçün istifadə ediləcək, o vaxta qədər vicdanı olan hər bir kəs hakimiyyətə tənqidi münasibətdə olacaq”.