İsrailə kiberhücumlar Azərbaycandan təşkil olunur

“Symantec” antivirus proqramı şirkəti müəyyən edib ki, ələ keçirilən 800 kiberhücum qurbanının 62%-i İsraildə məskunlaşıb. İsrailin dövlət qulluqçularının, lobbistlərinin kompyuterləri Madi adlanan kiber hücum qrupu tərəfindən virusa yoluxdurulub. Kiber hücumların “komanda mərkəzi” kimi Azərbaycanın adı çəkilir. Bu haqda İngiltərənin “Guardian” qəzeti yazır.

İsrail dövləti məxfi layihələrin elektron təhlükəsizliyini gücləndirib. Hücumun fərdi şəxslər ya hansısa dövlət tərəfindən təşkil olunduğu hələ müəyyən olunmayıb. 8 ay bundan əvvəl başlayan şpionaj əməliyyatının hədəfləri arasında xarici səfirliklər, ABŞ-ın siyasi təhlil mərkəzləri də olub.

Kiberhücum Kanadada yerləşən serverlərdən təşkil edilib. Çərşənbə günü “Symantec” şirkətinin tədqiqatçıları bəyan ediblər ki, kiberhücumun “idarə və nəzarət” mərkəzi Azərbaycanda yerləşir.

Hücum virusla yoluxmuş emaillərin açılması nəticəsində baş tutur. Kompyuterə yüklənmiş zərərli proqram səsi yaza, monitordakı görüntünü çıxara və klaviş qeydiyyatını hücumun edildiyi mərkəzə göndərə bilirmiş. Araşdırmalar müəyyən edib ki, yüzlərlə qiqabayt həcmində sənəd Madi qrupu tərəfindən oğurlana bilib.

“Symantec” şirkətinin bloqunda qeyd olunub ki, qrupun hədəfində amerikan neft şirkətləri və regionda neft biznesi ilə məşğul olan digər ölkələrin şirkətləri də var.

azadliq.info