“Bizi daxildən parçalamaq üçün səylər olacaq”

Əli Kərimli: “Hökumət arxayın olmasın ki, onun etdiklərini bundan sonra da görməzlikdən gələcəklər”

“Kürü diplomatiyasının, neft pullarının köməyi ilə bağlanan gözlər açılmağa başlayıb

“Azadmekan.org” saytı AXCP sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimlidən müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik.

“Biz dialoqun tərəfdarıyıq, imitasiya ilə xalqın aldadılmasının yox”

– Əli bəy, hakimiyyət vətəndaş cəmiyyəti ilə silsilə görüşlərə başlayıb. Artıq QHT və KİV rəhbərləri ilə görüşlər keçirilib və yəqin ki, növbədə müxalifət olacaq. Belə bir təklif gələrsə, İctimai Palata və ya AXCP sədri olaraq hakimiyyətlə dialoqa razı olacaqsınızmı?
– Əvvəlcə onu dəqiqləşdirək ki, hələlik Prezident Administrasiyasının nümayəndəsi qəzet redaktorları və ictimai təşkilatların təmsilçiləri ilə görüş keçirib. Bu, hələ dialoq deyil. Dialoq bir qayda olaraq əks tərəflərin arasında olur. İkincisi də, dialoq problemlərin həllini nəzərdə tutan bir prosesdir. Hələlik mən xatırlamıram ki, bu görüşlərin nəticəsində hansısa bir problem həllini tapıb. Əlbəttə ki, bunu başlanğıc saymaq olar. Biz də bu prosesi diqqətlə izləyirik, nəzarətdə saxlayırıq. Arzulayırıq ki, doğrudan da Azərbaycan hökuməti gec də olsa, cəmiyyətin bütün təbəqələri ilə gerçək dialoqa başlasın. Amma baş verəni genişmənalı dialoq hesab etmirik. Çünki dialoqa gedən tərəflər nəticə əldə etməyə meylli olmalıdırlar. Onların siyasi iradəsi olmalıdır ki, köklü problemlərin həlli üçün kompromislərə getsinlər. Mən Azərbaycan hökumətində hələlik bu siyasi iradəni görmürəm. Ona görə də, hesab edirəm ki, bu təşəbbüslər imitasiya xarakterlidir. Amma biz yekun qiymət verməyə tələsmirik, səbrlə gözləyirik. Hökumətin sonrakı addımlarını da qiymətləndirəcəyik. Müxalifətə görüş təklifi olanda onu da dəyərləndirəcəyik. Amma bəri başdan da öz mövqeyimizi bildiririk ki, biz dialoqun tərəfdarıyıq,  imitasiya ilə xalqın aldadılmasının yox. Əgər hökumətin siyasi iradəsi varsa, prosesi dərinləşdirsin. Və bizim bu prosesdə iştirakımıza əmin olsun. Yox əgər siyasi iradə yoxdursa, cəmiyyətin, beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq istəyəcəksə, buna imkan verməyəcəyik. Həqiqətləri açıb ortaya qoyacağıq və hökumətin əsl niyyətinin nə olduğunu ictimaiyyətin nəzərinə çatdıracağıq.

– Tutaq ki, sabah hakimiyyətdən belə bir təklif gəldi. Onun səmimi, yoxsa imitasiya xarakterli olduğunu necə müəyyən edəcəksiniz?  
– Belə bir təşəbbüs olacaqsa, onun hansı səviyyədə və formatda olduğunu nəzərə alıb adekvat addım atacağıq. Yəni birmənalı şəkildə imtina etmək fikrimiz yoxdur. İstənilən halda görüş təklifi olacaqsa, müzakirə olacaq və ona adekvat cavab veriləcək. Amma mən onu vurğulamaq istəyirəm ki, hələ görüşün baş tutması dialoqun baş tutması demək deyil. Dediyim kimi, dialoq bir prosesdir və biz qiyməti onun nəticəsinə görə verəcəyik.

“Hakimiyyəti zəbt ediblər, siyasi mədəniyyətləri də yoxdur”

– Müxalifət hakimiyyətin dialoq təklifini hər zaman müsbət cavablandırıb və danışıqlara hazır olduğunu bəyan edib. Hakimiyyətin isə müxalifətin heç bir təklifinə adekvat cavabı olmayıb. Götürək elə İctimai Palatanın “Yol xəritəsi” ilə bağlı müzakirələr aparmaq təklifini. Hakimiyyət nəinki bu müzakirələrə getmək istəmədi, hələ bu sənədi aşağıladı da…
– Axı bu hakimiyyət mahiyyətcə antidemokratikdir. Hakimiyyəti zəbt ediblər, siyasi mədəniyyətləri də yoxdur. Dialoq özü siyasi mədəniyyətin tərkib hissəsidir. Müxalifətə olan məlum münasibət də siyasi mədəniyyət problemi ilə bağlıdır. Ümumiyyətlə, bu hakimiyyətin o qədər qeyri-qanuni işləri var ki. Hətta cinayət sayılacaq əməllər törədiblər. Biz onlara tam adekvat reaksiya versək, gərək belə adamlarla dialoq barədə heç vaxt düşünməyək. Amma ölkənin xilasını, maraqlarını, ölkədə daha yumşaq yolla demokratiyanı bərqərar etmək yollarını düşünəndə məcbur oluruq bu adamlara layiq olduğundan daha tolerant yanaşaq. Bizim üçün önəmli olan ölkənin xilasıdır. Şəxsi hisslərimizlə davranıb bizə olan münasibətə adekvat reaksiya verən siyasət yürütmürük. Biz ilk növbədə ölkənin maraqlarını düşünürük. Ölkənin maraqları da tələb edir ki, Azərbaycan hakimiyyəti ilə nəhayət dialoqa nail olaq.

“Azərbaycanda indikindən çox fərqli situasiya yaradacağıq”

– Qarşıda çox əhəmiyyətli seçki ili gəlir. İndi hamını ən çox bu maraqlandırır ki, 2013-cü ildə keçiriləcək seçki əvvəlkilərdən fərqlənə biləcəkmi? O baxımdan ki, “ərəb baharı”ndan sonra dünyada çox fərqli situasiya hökm sürməyə başlayıb və bu da insanlarda istər-istəməz “bu seçki o seçkidən olmayacaq” kimi gözləntilər yaradıb.
– Əslində, çox haqlı gözləntilərdir. Azərbaycan hər gün dəyişir. Azərbaycanda demokratik qüvvələr hər gün güclənir. Yeni-yeni adamlar bu prosesə qoşulur. Bu baxımdan əlbəttə ki, 2013-cü ildəki seçki prosesi əvvəlki seçkilərə bənzəməyəcək. Azərbaycan cəmiyyətinin qarşıdakı dövrdə daha da inkişaf edəcəyini, demokratik qüvvələrin daha da güclənəcəyini və daha sıx birləşəcəyini gözləyirəm. Bizim bu gün gündəmimizdə olan əsas məsələ seçki öncəsi demokratik şəraiti təmin etməkdir. Ölkənin bütün demokratik qüvvələrinin bir araya gəlməsinin modelini, formatını tapmaqdır. Hər fürsətdə demokratik qüvvələrin bir araya gəlməsinə, çevrəsinin genişlənməsinə çalışırıq. Biz seçki öncəsi demokratik şəraiti yaradırıq, seçki qanunvericiliyindən demokratik dəyişikliklərə nail olub, ölkənin bütün demokratik qüvvələrini bir araya gətirib seçki prosesində çox güclü şəkildə iştirak etmək istəyirik. Ona görə də, hələ vaxt var. Seçki yaxınlaşdıqca Azərbaycanda indikindən çox fərqli bir situasiya yarada biləcəyik.
Xalqımız artıq hakimiyyətin demokratiya imitasiyasına inanmır. Artıq anlayır ki, onlar qurduqları korrupsioner hakimiyyətin ömrünü uzatmağa, xalqın boğazından kəsdikləri pullarla şəxsi xəzinələrini doldurmağa çalışırlar. İnsan  haqlarının pozulması, mətbuat, ifadə, toplaşma azadlığının maksimum səviyyədə məhdudlaşdırılması dünyanın bütün demokratik qüvvələri tərəfindən mənfi qiymətləndirilir. Amma bizə demokratiya Avropa Birliyindən, Amerikadan gəlməyəcək. Qətiyyən elə şey yoxdur. Bizə demokratiya içimizdən yetişib çıxacaq, biz xalq olaraq nə vaxt yetişəcəyik, demokratiya üçün çalışacağıqsa, o zaman demokratiya bərqərar olacaq.

– Yəqin razılaşarsınız ki, dünyada yaranan yeni situasiya beynəlxalq qurumlarla bağlı gözləntiləri də xeyli dəyişib. İnsanlar beynəlxalq aləmdən daha prinsipial bir mövqe gözləyirlər.
– Azərbaycan cəmiyyətində ümidsizliyin, passivliyin bir mənbəyi də beynəlxalq təşkilatların baş verənlərə göz yumması idi. Bəzilərinin bilərəkdən, bəzilərinin bilməyərəkdən Azərbaycanda baş verən seçki saxtakarlığına, demokratiya və insan haqlarının məhv edilməsinə biganəliyi Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yaratmışdı. Artıq bu zaman arxada qalıb. Baxın, son vaxtlar Avropa Parlamenti Azərbaycanla bağlı çox güclü qətnamə qəbul edib. ABŞ Konqresində “Maqnitski” işinin Azərbaycana da şamil olnuması ilə bağlı müzakirələr gedir. Söhbət, insan haqlarını pozan məmurlara sanksiyalar tətbiq olunmasından, onlara vizalar verilməməsindən gedir. Hər zaman Azərbaycan hakimiyyəti ilə konstruktiv münasibətdə olan Avropa Şurası çox sərt qətnamələr qəbul edir. Yeri gəlmişkən, Avropa Şurası yalnız siyasi məhbuslar yox, seçki məsələsini də gündəmə gətirib. Avropa Şurasında seçki islahatı ilə bağlı çox ciddi qətnamə qəbul olunub. Yəni bütün beynəlxalq təşkilatlar, o cümlədən. ATƏT Parlament Assambleyası da çox ciddi prinsipial mövqe qoymağa başlayıb. Bunlar onu göstərir ki, artıq kürü diplomatiyasının, neft pullarının köməyi ilə bağlanan gözlər açılmağa başlayıb. Hökumət arxayın olmasın ki, onun etdiklərini bundan sonra da görməməzlikdən gələcəklər. Xeyr. Dünya ictimaiyyətinin, mediasının, nüfuzlu QHT-lərinin, beynəlxalq təşkilatlarının Azərbaycana çox ciddi diqqəti var. Ona görə Azərbaycan xalqı bilməlidir ki, biz üzərimizə düşəni etsək, artıq Azərbaycanda baş verənlərə göz yumacaq beynəlxalq aləm olmayacaq. Əksinə, Azərbaycan xalqına kömək etmək istəyən, onun yanında olmaq istəyən bir beynəlxalq birlik var. Bütün dünya Azərbaycanın demokratikləşməsini istəyir, arzulayır. Gərək buna xalqımız da hazır olsun. Hamılıqla mübarizəyə qoşulmalıyıq. Minlərlə insan uzun illərdir ki, qeyri-bərabər mübarizə aparır. Bizlər, əksəriyyətimiz işsizik, yaxınlarımız işsizdir, sıralarımızda olan insanların böyük əksəriyyəti – yüzlərlə insan həbs görüb. Bizim partiyamızın rəhbərliyində, sıravi üzvləri arasında, habelə müxalifət düşərgəsində neçə-neçə insanlar bu yolu keçib. Amma biz, o təhlükəyə baxmayaraq, qeyri-bərabər mübarizəyə qoşulmuşuq. Vicdan məhbusları nəyə görə həbs olunmuşdular? Onlar azadlıq istəyi, demokratiya tələbi ilə mitinqlərə çıxmışdılar. Hökumət icazə verməsə də çıxmışdılar və ona görə də həbs olunmuşdular. Yəni bir neçə min adam qeyri-bərabər səviyyədə rejimlə mübarizə aparırıq ki, Azərbaycana yenidən demokratiyanı gətirək. Hələlik Azərbaycandakı repressiv dövlət aparatı bütün gücü ilə buna mane olmağa çalışır. Amma etiraf edək ki, xalqımızın müəyyən kəsimləri hələlik tərəddüd içindədir və biz bunu başa düşürük. Mümkün deyil ki, 9 milyon insanı 10-20 min insan xilas edə bilsin. 9 milyon xilas olmaq istəyirsə, heç olmasa içindən 50-100 min insanı meydana çıxarmalıdır.
Bizim bugünkü mübarizədə millət olaraq qalib gəlmək şansımız var. Ancaq biz özümüz də şəxsən bu mübarizədə iştirak etməliyik. Bir çoxumuz fikirləşirik ki, qoy, qabaqda gedən bütün əziyyəti çəksin, məhrumiyyəti yaşasın, mən öz həyatımı yaşayım, sonra o nemətlərdən mən də istifadə edərəm. Çox təəsüf ki, belə düşünən insanlarımız var. Ona görə də biz vətəndaş olaraq hamılıqla bilməliyik ki, xalqımızı azad görmək istəyiriksə, o hüquqlardan hamılıqla istifadə etmək istəyiriksə, hamımız əlimizi bu daşın altına qoymalıyıq. Hamımız düşünməliyik ki, bu ölkəni necə xilas edək. Mütləq deyil ki, Xalq Cəbhəsinə, İctimai Palataya qoşulasınız. Yetər ki, vətəndaş olun, taleyiniz haqqında düşünün, haqsızlıqlara biganə qalmayın.

“Bu müzakirələri ziyanlı sayırıq”

– Vahid namizəd son vaxtların ən aktual, eyni zamanda, birmənalı qarşılanmayan mövzusudur. Sizcə, müzakirələrin indiki məqamda başlanması demokratik düşərgəyə nə dərəcədə fayda verə bilər?
– Vahid namizədlə bağlı müzakirələrin hələ ilk mərhələsində mən bildirmişdim ki, bugünün vəzifəsi ölkədə azad, ədalətli, demokratik seçkilərə zəmin yaratmaq uğrunda mübarizə olmalıdır. Bunun üçün də müxalifətin daha geniş birliyini təmin etməliyik. Yalnız demokratik seçki şəraitinə az-çox nail olandan sonra biz bu mövzuda müzakirələr apara bilərik. Ona görə də, İctimai Palata daxilində vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı təkliflər vaxtında irəli sürülməyən təkliflər idi. Hazırda biz bu məsələ ilə məşğul olmalı deyilik. İctimai Palata daxilində əksəriyyət mənimlə həmrəydir. Buna baxmayaraq, müəyyən səylər oldu ki, İctimai Palata vaxtından əvvəl bu mövzunu müzakirə etməyə başlasın. Xeyli təşəbbüslər oldu. Amma İctimai Palatanın fəalları, cəbhəçilər, Müsavatın daxilində məsələ ilə bağlı sağlam mövqe tutan, bütövlükdə İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunan insanlar öz mövqelərini ifadə etdilər. Artıq bu müzakirələrə yekun vurmuşuq və məsələ bizim gündəmimizdə deyil. İctimai Palatanın tam əksəriyyəti belə qənaətdədir ki, hazırda bu müzakirələr yersizdir, vaxtsızdır, lazımsızdır, ziyanlıdır.

“Sıralarımızdan adamları ayırmaq istəyəcəklər”

– Adətən hakimiyyət ona ciddi təhlükə yaradan birliklərin parçalanması üçün bacardığı qədər səy göstərib və əksər vaxtlarda buna nail olub. Bəs, İctimai Palata ilə bağlı belə bir təhlükə gözləniləndirmi?
– Əlbəttə, İctimai Palata bilir ki, mübarizənin önündə olan qüvvələrə qarşı hökumətin münasibəti hər zaman sərt, amansız olur. Bizi daxildən parçalamaq üçün də səylər olacaq, sıralarımızdan adamları ayırmaq üçün də, müəyyən daxili intriqa yaratmaq üçün də. Həmçinin birbaşa açıq repressiyalar da ola bilər. Amma biz bu məsuliyyəti üzərimizə götürmüşüksə, bütün bunların hamısına hazırıq. Profilaktik addımlar da atırıq. O proseslər ki İctimai Palatanın əleyhinə yönələ, onun daxilində olan sağlam atmosferi korlaya bilər, onları elə astanadan qovuruq. Hökumət mətbuatı çox maraqlı idi ki, biz vahid namizədlə bağlı disskussiyaları dərinləşdirək. Amma biz neylədik? Yığışdıq, konsensusla, hamılıqla bir mövqe qoyduq ortalığa ki, hökumət mediasının istədiyini onlara verməyəcəyik. Biz özümüz müəyyənləşdirəcəyik ki, nəyi nə vaxt müzakirə edək. Hökumət mətbuatı, Prezident Admnistrasiyasının ayrı-ayrı kabinetlərində oturan ideoloqlar bizi istəmədiyimiz diskussiyalara sövq edə bilməzlər.

“Mənə pasport verməməkdə israrlıdılar”
 
– Əli bəy, belə təəssürat yaranıb ki, sizin pasport, rəhbərlik etdiyiniz partiyanın isə ofis problemi sanki sonsuza qədər həllini tapmayacaq.
– Çox təəssüf ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Azərbaycan hökuməti “Siyasi partiyalar haqqında” qanuna zidd olaraq bizi nəinki ofislə təmin etmir, müstəqil vətəndaşlara da təzyiq edir ki, onlar öz mülkiyyətlərini bizə icarəyə verməyə qorxsunlar. Bu məsələ ilə bağlı şikayətimiz Avropa Məhkəməsinin gündəliyindədir. Mənə pasport verilməməsi məsələsi hökumətin üzərində durduğu ən prinsipial məsələlərdən biridir. Çox israrlıdırlar ki, mənə pasport verməsinlər. Çox nüfuzlu beynəlxalq qurumlar indiyə qədər bu məsələni qaldırıblar. Avropa Şurasının, ABŞ Dövlət Departamentinin, ATƏT-in hesabatlarında bu məsələyə münasibət bildirilsə də, hökumət məsələnin həll olunmamasında israrlıdır. Mənim şikayətim artıq dörd ildir ki, Avropa Məhkəməsindədir. Ümid edirəm ki, nəhayət Avropa Məhkəməsinin qərarı ilə mən pasportumu əldə edə biləcəm.

Gültəkin Knyazqızı