Ramil Usubovun kadrlarından yeni lətifə

Son günlər Ramil Usubov – söhbət Daxili Işlər nazirindən gedir – general adına yaraşan alicənab addımlarıyla gündəmə gəlib. Kişi – söhbət Daxili Işlər nazirindən gedir – Yasamal Rayon Polis Idarəsinin rəisi Möhübbət Hüseynovu bir ay yoxlatdırandan sonra “işində yol verdiyi nöqsanlara görə” vəzifəsindən azad elədi. Ictimaiyyət bu xəbəri alar-almaz bəlli oldu ki, adam – söhbət Daxili Işlər nazirindən gedir – peşmanlayıb, “nöqsanlara görə” işdən atdığı Möhübbət Hüseynovu DIN-də idarə rəisi vəzifəsinə təyin edib.
Bu heyndə “Azəriqaz” Istehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamandar Eyvazovun hədə-qorxu gəlinərək soyulması, 16 min dollarının oğurlanması xəbəri yayıldı. Yanvarın 3-də baş verən soyğunçuluq faktıyla bağlı DIN açıqlama verdi ki, cinayətkarların “qısa müddətdə” tapılması üçün tədbirlər görülür.

“Qısa müddət” nəymiş?

Nərimanov rayon Polis Idarəsinin baş müstəntiqi Mübariz Süleymanov açıqlama verdi ki, bəs, deməzsənmiş, hadisə, yəni Kamandar Eyvazovun soyulması Binəqədi rayonunun ərazisində baş veribmiş. Ona görə də istintaq materialları toplanıb yanvarın 7-də poçt vasitəsilə Binəqədi Rayon Polis Idarəsinə göndərilib.
Üstündən beş gün ötəndən sonra, yanvarın 12-də Binəqədi Rayon Polis Idarəsindən mətbuata açıqlama verdilər ki, yox canım, hadisə Nərimanov rayonunun ərazisində baş verib, onlar sənədi bizə yanlış edib göndəriblər, biz “istintaq materiallarını” təzədən Nərimanov Polis Idarəsinə geri qaytardıq. Təbii ki, poçtla!
Yəqin ki, 5 gündən sonra – yanvarın 17-də “istintaq materialları” Nərimanov polisinə çatacaq. Ondan sonra noolacaq? Nərimanov polisi təzədən materialları Binəqədiyəmi göndərəcək, yoxsa, araşdırma aparacaq?
Bəlkə də “materiallar” elə get-gəldəcə itəcək…
DIN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bu gün bəyan edib ki, “istintaq gedir, hələlik heç bir yenilik yoxdur!”.
A kişi, nə istintaq, sizə kim dedi ki, istintaq gedir? Məktublaşma gedir ey, məktublaşma!
Kamandar Eyvazovu da ürək ağrısı tutub, düşüb xəstəxanaya. Adamı ürək ağrısı tutmasın, neyləsin? 16 min dollar pulun oğurlana, istintaq əvəzinə “ötür-ötür” oyunu başlana…
Qınanılası deyil: Əgər Ramil Usubov “nöqsanlara görə” qovduğu işçini 2 gündən sonra daha yüksək vəzifəyə gətirə bilirsə, belə generalın polkovnikləri necə olmalıdır, axı?!

Vay halımıza – Iranın ümidinə qaldıq

Heç ağlıma belə gəlməzdi ki, nə vaxtsa Iranın təzyiqləri qarşısında geri çəkiləcəyik.
Bir müddət öncə Yasamalda illərdir fəaliyyət göstərən yep-yekə məscidin “sənədsiz” olduğu aşkarlanandan və söküntüsünə qərar veriləndən sonra Iran ayətullahı kəskin bir bəyanat verdi. Nəticəsi özünü çox gözlətmədi!
Orta məktəblərdə hicab qadağasına da Iran eyni reaksiyanı göstərdi və son prosesləri bilirsiniz: Misir Mərdanov “hicablı şagirdləri” təhsildən kənarda qoymamaq bəhanəsiylə qadağanın götürüldüyünü etiraf elədi.
Indi də “islamçı”ların tutulmasına Iran mollası sərt təpki göstərir.
Əlbəttə, belə olmalıydı: Avropa və ABŞ-ın demokratiya çağırışına buynuz göstərəndə Iranın əmrlərini yerinə yetirmək zərurətə çevrilir. Xalqın və demokratik dünyanın dəstəyi yoxdursa, təbii ki, Iran mollasının ümidinə qalacaqsan!
Vay halımıza!