Susan ombudsmanın ölkəsi

İslam Partiyası və onun fəallarının həbsi ilə bağlı xəbərlər məni keçmişə apardı. Ofis möhürlənib, evdə axtarış aparılıb, adamlar sorğu-suala çəkilir. O zaman da belə idi: Eynullanın həbsi, bundan az sonra əməkdaşlara hücum, ofisə basqı, nəhayət, qapılarımızın möhürlənməsi, ofisimizdə və evlərimizdə axtarış aparılması, bənzər ittihamlar… Hər şey təkrarlanır. O vaxt açılan cinayət işi də bir başı ilə terrora bağlı idi. Onda da terrorla hədələmə maddəsi ilə cinayət işi açılmışdı. Hətta Iran məsələsi də vardı. Guya, Eynulla Fətullayevin yazısı Iranın gücü ilə Azərbaycanı terrorda hədələmək mənası verirdi.
Üslub dəyişməyib, əxlaq dəyişməyib, məqsəd və yollar da eynidir. Bu cəzalara tuş gəlmək üçün islamçı olmaq vacib deyil. Eynulla Fətullayev jurnalist idi, sosial demokrat idi. Başqa biri cəbhəçi, digəri müsavatçı, yaxud sıradan bir vətəndaş idi. Söz, sözün ifadə etdiyi həqiqət bəs edir ki, səni başqa bir ölkənin adamı, öz ölkənin düşməni, terrorçu, narkoman və ya xuliqan elan etsinlər.
Bu gün olanların öncə başqalarının başına gəlməsi göstərir ki, bu bataqlıq hamını uda bilər. Hamı möhürünü gözləməlidir. Hamı maddəsini gözləməlidir. Cinayətkarlar bizi artıq potensial cinayətkar elan ediblər. Ağzını aç, yaxud yerişin xoşagəlməz olsun, həmin gündən izini, gümanını ən azı, hansısa düşmən ölkəylə bağlayacaqlar…
Bu günə gəlməyimizin də yeganə səbəbi çoxluğun hərəyə bir bəhanə tapmaqla susması, haqsızlığın qabağından qaçması, nəticədə haqsızların hamını qabağına qatıb qovmasıdır.

***

Budur, Avropa Insan Haqları Məhkəməsinin Eynulla Fətullayevə kompensasiya kimi müəyyən etdiyi təzminatı verməmək üçün hakimiyyətdəkilər yeni oyuna əl atıblar. Amma deyəsən, bu yalnız jurnalistin atası Emin Fətullayevin qayğısıdır. Ölkənin gündəmində bomba kimi partlamalı bir məsələyə biz kiməsə çatacaq 26 min avronun verilib-verilməməsi kimi baxırıq. Üstündən keçirik, sonra da deyirik ki, filankəsi də tutdular. Bu, pozulan haqdır. Bu, qanun pozuntusudur. Bu, yaşadığımız ölkəni ədalətsizlik bataqlığına salan addımlardan biridir. Bunu edənlər bir gün səni də hədəfə alacaqlar!
Jurnalistə çatacaq təzminat bağlı bir hesaba köçürülüb, dövlət qurumlarına başqa hesab təqdim edilsə də… Halbuki təzminat məbləği yalnız təqdim edilən hesaba ödənilməlidir və ondan heç bir cərimə, vergi tutula bilməz. Ombudsman isə bu haqda susur.
Təsəvvür edin, Daxili Işlər Nazirliyindən deyirlər ki, həbs edilən adamın harada saxlanıldığını bilmək önəmli deyil, Ombudsman bu barədə susur. Həm də informasiya ombudsmanı olan insan haqları müvəkkili, hətta günahsız həbs edilmiş jurnalistə ödəniləcək kiçik bir vəsaitin arxasına keçilməsinə də susur. Susmaq üçün mövcud olan Ombudsman görməmişdik. Susmaq üçün hüquq müdafiəçiləri, jurnalist təşkilatları,  QHT-lər, KIV-lər görməmişdik, onu da gördük.

***

Susmağın fəlsəfəsi də böyüyür. Işə ürəkdən girişən hörmətli professor Niyazi Mehdi də bu yöndə fəaliyyətində susmur. Narazılara qarşı yazmaqdan yorulmur. Son yazısı belə adlanır: “Mən narazıyamsa, deməli, ağıllıyam”. Təbii ki, ikrahla yazır. Kimlərə ünvanladığı da bəllidir. Sən demə, ölkənin dərdi narazıların özünü ağıllı bilməsidir. Ax, bu eqoist narazılar! Siz ya təcili özünüzü axmaq elan etməli, ya da hər şeydən razı olmalısınız. Narazılardan narazılıq mümkün olan işdir, amma Rəbiyyət Aslanovanın haqq qazandırdığı işləri yada salıb, adam belə bir sual vermək istəyir: “Ağıllısansa, niyə narazı deyilsən?”