Qəzzafi sonrası ilk seçkilərın yekun nəticələri açıqlandı
Liviyada Müəmmər Qəzzafi rejiminin devrilməsindən sonra keçirilən ilk parlament seçkilərinin rəsmi yekun nəticələri açıqlanıb. Ümumi nəticələrə görə, 2011-ci ildə Qəzzafi rejiminə qarşı etirazlar getdiyi vaxt alternativ hakimiyyət kimi formalaşdırılmış Milli Keçid Şurasının baş naziri vəzifəsini tutan Mahmud Cibrilin liderlik etdiyi Liberal Qüvvələr İttifaqı seçkilərin qalibi elan olunub.
Liberal qüvvələr siyasi partiyalar üçün ayrılmış 80 yerdən 39-nu əldə edib. Ən çox səs toplamış ikinci partiya isə 17 yerlə “Müsəlman Qardaşları”nın siyasi qanadı olan Ədalət və İnkişaf partiyası olub. Kiçik fraksiyalar isə ümumilikdə 24 mandata sahib çıxıb. Qeyri rəsmi məlumatlarda seçkilərdə ümumilikdə 33 qadının deputat seçildiyi bildirilsə də, seçki komissiyası müstəqil namizəd qismində yalnız bir qadının namizəd seçildiyini açıqlayıb. Sürpriz nəticə keçmiş cihadçı və qiyamçı komandir Əbdül Hakim Belhacın rəhbərlik etdiyi Milli İslamçı partiyanın heç bir mandat əldə edə bilməməsi olub.
200 üzvlük Milli Məclisin qalan 120 yeri isə müstəqil namizədlər tutacaq. Yeni parlamentin əsas tapşırığı Milli Keçid Şurasını əvəz edəcək höküməti qurmaq və yeni konstitutsiyanın hazırlanmasından ibarət olacaq. Seçki komissiyası 42 illik Qəzzafi rejiminin devrilməsindən sonra keçirilən seçkilərdə 62 faiz seçici fəallığının olduğunu açıqlayıb.
azadliq.info


